“Sevdiyim qadın” romanı Şimali Kiprdə təqdim olunacaq

ahmadPamukkale Universitetində elmi konfransda çıxış edəcək alim və yazar Əhməd Şahidov daha sonra Şimali Kiprdə təşkil olunacaq silsilə tədbirlərdə iştirak edəcək

Ötən ay dərc edilən “Sevdiyim qadın” romanı ilə yenidən geniş ictimaiyyətin diqqət mərkəzinə düşən alim və yazar Əhməd Şahidov Dekabrın 18-də Türkiyəyə yola düşəcək. 19-22 Dekabr tarixlərində Türkiyənin Pamukkale Universitetində keçiriləcək “V Beynəlxalq Dünya Dili Türkcə Simpoziumu”nda çıxış edəcək Əhməd Şahidov “Azəri Türkcəsi və Ortaq Türk Dili” barədə danışacaq. Daha sonra Şimali Kiprə səfər edəcəyini bildirən alim, şair və yazar Əhməd Şahidov müxbirimizlə söhbətində bildirdi ki, Dekabr ayının ikinci yarısı tamamilə səfərlərdə keçəcək: “Dekabrın 18-də Türkiyəyə gedirəm, Pamukkale Universitetində təşkil olunan beynəlxalq elmi konfransda çıxışım var, daha sonra Ankaraya gedəcəm, orada TRT AVAZ kanalında canlı yayımda qonaq qismində iştirak edəcəm. Ankaradan isə birbaşa Şimali Kipr Türk Cümhuriyyətinə uçacam. Şimali Kiprdə isə silsilə tədbir və görüşlərdə iştirakım gözlənilir. Əvvəla, Dekabrın 27-də Azərbaycan-Kipr Dostluq Cəmiyyəti və Kipr Ədəbiyyatçılar Fondunun ortaq təşkilatçılığı ilə keçirilən Azərbaycan ədəbiyyatı günləri çərçivəsində “Sevdiyim qadın” romanımın təqdimatı və müzakirəsi keçiriləcək. Dekabrın 28-də isə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Azərbaycan – keçmişdən gələcəyə” adlı beynəlxalq konfransda çıxış edəcəm.”
Azərbaycan-Kibr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun dəvəti ilə Şimali Kiprə səfər edəcəyini bildirən Əhməd Şahidov bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə və ŞKTC təmsilçiləriylə də görüşlərinin nəzərdə tutulduğunu bildirdi. Filologiya üzrə fəlsəfə doktoru olan Əhməd Şahidov yazıları, şeirləri və nəsr əsərləri ilə tanınır, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” fakültəsində təhsil alır.
Qeyd edək ki, Şimali Kiprdə keçiriləcək silsilə tədbirlərdə Azərbaycandan bir qrup tanınmış gənc, o cümlədən AMEA-nın əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu, Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov və digərləri iştirak edəcəklər.

 

Bu yazını Facebookda şərh et