Aparıcı müəssisə olan Bakı Dövlət Universitetinin “Rus dilçiliyi” və “Azərbaycan dilçiliyi” kafedralarının rəyi (azərbaycanca)

“Təsdiq edirəm”

Bakı Dövlət Universiteti

Elmi işlər üzrə prorektor

__________ prof. İ.Ə.Əliyev

“_____” iyun  2009-cu il

 Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin Müasir rus dili kafedrasının aspirantı Şahidov Əhməd Şair oğlunun “Фонетическая структура слога и силлабическая структура слова в русском и азербайджанском языках (на материале двусложных слов)” mövzusunda namizədlik dissertasiyası haqqında aparıcı təşkilatın

R Ə Y İ

Bakı Dövlət Universitetinin Rus dilçiliyi və Azərbaycan

 dilçiliyi kafedralarının 05 iyun 2009-cu il tarixində

birgə keçirilmiş iclasın 10 saylı

protokolundan

Ç I X A R I Ş

İştirak etdilər: Rus dilçiliyi kafedrasının nümayəndələri: f.e.d., prof. L.H.Quliyeva, f.e.d., prof. S.A.Məhərrəmova, f.e.n., dos. E.C.Hacıyeva, f.e.n. R.İsmayılova, f.e.n. E.A.Heydərova, b.m. F.A.Məmmədbəyli, b.m. N.V.Xıdırov, b.m. T.İbrahimova, m. N.T.Zeynalova;

Azərbaycan dilçiliyi kafedrasının nümayəndələri: f.e.d., prof. B.B.Əhmədov, f.e.n., dos. Y.Ə.Məmmədli, b.e.m. Ə.Y.Ağakişiyev və Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin Müasir rus dili kafedrasının aspirantı Ə.Ş.Şahidov.

Gündəlik məsələ:  Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin Müasir rus dili kafedrasının aspirantı Şahidov Əhməd Şair oğlunun “Фонетическая структура слога и силлабическая структура слова в русском и азербайджанском языках (на материале двусложных слов)” mövzusunda namizədlik dissertasiyasının müzakirəsi.

Eşidildi: Şahidov Əhməd Şair oğlunun dissertasiyası mühüm və eyni zamanda sona qədər araşdırılmamış problemə – sintaqmatik səviyyədə fonetik interferensiyanın özəlliklərinə, rus və Azərbaycan dillərinin materialı əsasında müqayisəli planda fonoloji vahidlərin sintaqmatik münasibətlərinin öyrənilməsinə həsr olunub.

Azərbaycan dilinin daşıyıcıları üçün rus dilinin öyrənilməsi zamanı müəyyən çətinliklər yaranır ki, bunlar da bir dildə bu və ya digər fonem birləşmələrinin olması, digər dildə isə əksinə onların olmaması ilə bağlı olan, o cümlədən nitq axınında samitlərdən saitlərə və saitlərdən samitlərə artikulyasiya keçidlərinin qavranılması zamanı meydana çıxan, eyni zamanda rus dilindəki iki- və çoxüzvlü konsonant birləşmələrin tələffüzü ilə bağlı olan çətinliklərdir. Buna görə də azərbaycanlıların rus dilinin tələffüzünü öyrənməsini asanlaşdırmaq üçün rus və Azərbaycan dillərinin fonoloji sistemlərinin qarşılıqlı münasibətlərini ciddi şəkildə araşdırmağa və interferensiyaya uğrayan nöqtələrin təyin edilməsi və uzlaşdırılmasına ehtiyac duyulur.

Bu deyilənlər fonunda Əhməd Şair oğlu Şahidovun tədqiqat işi ciddi elmi əhəmiyyət kəsb edir.

Ə.Şahidovun dissertasiyası giriş, iki fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısından, o cümlədən faktiki materialın analizini təsvir edən sxem və cədvəllərdən təşkil olunmuş əlavədən ibarətdir.

Girişdə dissertasiyanın mövzusunun aktuallığı əsaslandırılır, tədqiqatın obyekt və predmeti, elmi yeniliyi təyin olunur, tədqiqatın məqsəd və vəzifələri göstərilir, müdafiəyə çıxarılan əsas müddəalar sadalanır, işin nəzəri və praktiki əhəmiyyəti barədə danışılır, tədqiqatın materialı və metodları, dissertasiyanın quruluşu barədə məlumat verilir, müəllifin dərc edilmiş və dissertasiyanın əsas məzmununu əhatə edən məqalələrinin siyahısı verilir (12 adda məqalə).

Dissertasiyanın “Rus və Azərbaycan dillərində ikihecalı sözlərdə hecanın fonetik quruluşu” adlanan birinci fəsli üç bölmədən ibarətdir. Birinci bölmədə dildə hecanın fonetik quruluşunu təşkil edən fonem, sintaqmatik, sillabik və aksent-ritmik substrukturlar barədə danışılır.

İkinci və üçüncü bölmələrdə rus və Azərbaycan dillərində ikihecalı sözlərdə ilk və son hecanın fonetik quruluşu analiz edilir, ilk hecanın əvvəlində və son hecanın sonunda rast gəlinən KV VK tipli konkret birləşmələr, o cümlədən başlanğıc, intervokal və son konsonant birləşmələr vurğulanır.

Dissertasiyanın “Rus və Azərbaycan dillərində ikihecalı sözlərin sillabik quruluşu” adlanan ikinci fəsli üç bölmədən ibarətdir. Birinci bölmədə rus və Azərbaycan dilçiliyindəki mövcud heca nəzəriyyələri araşdırılır, azərbaycanlı alimlərin Azərbaycan dilindəki heca bölgüsünün özəlliklərinə baxışı analiz edilir. İkinci bölmədə mövcud nəzəriyyələr əsasında heca bölgüsü prinsipləri araşdırılır. Sonor nəzəriyyə və əzələ gərginliyi nəzəriyyəsinin heca bölgüsü prinsiplərinə xüsusi diqqət yetirilir, qeyd edilir ki, bu tədqiqat işində heca bölgüsü sonor nəzəriyyənin prinsiplərinə əsasən yerinə yetirilir. Azərbaycan dilində heca bölgüsünə xüsusi paraqraf da həsr olunub.

Üçüncü bölmə ikihecalı sözlərin tərkibindəki hecaların struktur tiplərinin analizinə həsr olunub, burada həmin sözlərin ilk və son hecalarından ibarət heca zəncirləri təyin olunur, ümumilikdə sözün quruluşunu müəyyən edən ahəng qanunu nöqteyi nəzərindən Azərbaycan dilindəki ikihecalı sözlərin analizi aparılır.

Hecanın fonetik qurluşu və sözün sillabik qruluşunun ətraflı statistik analizi tədqiqatçıya belə bir nəticəyə gəlməyə imkan verib ki, rus və Azərbaycan dillərindəki fonetik quruluşun fərqi özünü həm də bu dillərin sait və samit səslərinin allofon müxtəlifliyində göstərir. Rus dili saitlərin zəngin allofon quruluşu ilə fərqlənir, halbuki, Azərbaycan dilində samitlərin allofon quruluşu çoxdur. Hər iki dildə saitlərin samitlərlə birləşmələrində akkomodasiya prosesi rol oynayır, lakin burada bu fonetik prosesin istiqaməti müxtəlifdir: əgər rus dilində qalın-incə differensial xüsusiyyət samit fonemlərə məxsusdursa və saitlər samitlərə akkomodasiya edirlərsə, Azərbaycan dilində isə əksinə – samitlər saitlərə akkomodasiya edirlər.

Və nəhayət, rus dili zəngin konsonant quruluşa, başlanğıc, intervokal və son çoxüzvlü konsonant birləşmələrlə malikdir, lakin vokalist dil olan Azərbaycan dili konsonant birləşmələrlə heç də seçilmir, onların sayı rus dilinə nisbətən daha azdır, onlara sözün əvvəlində və hecada rast gəlmək mümkün deyil.

Bu əsas nəticələrdən başqa, dissertasiyanın nəticəsində bir sıra yekun fikirlər bildirilir ki, bu da aparılmış tədqiqatın məğzindən qaynaqlanır.

İşin sonunda istifadə olunmuş ədəbiyyatın siyahısı verilib, 126 adda olan bu siyahı AAK-ın tələblərinə uyğun şəkildə tərtib olunub və özündə rus və Azərbaycan dillərində olan mənbə və lüğətləri birləşdirir.

Dissertasiyanın müsbət cəhətləri ilə yanaşı bəzi iradlarımızı da bildirmək istərdik:

1. Hecanın fonetik təbiəti və hecalanma prinsipləri – bunlar heca problemilə bağlı və bir-birilə sıx münasibətdə olan məsələlərdir. Hecalanma mexanizmini izah edən hər hansı heca nəzəriyyəsindən danışarkən heca sərhəddi mövzusuna toxunmamaq olmaz. Bizim zənnimizcə, ayrı-ayrı bölmələrdə müxtəlif heca nəzəriyyələrindən və bu nəzəriyyələrə əsaslanan hecalanma prinsiplərindən danışmaq məqsədəuyğun deyil və gərəksiz təkrarlara gətirib çıxarır (2.1 və 2.2 və s.).

2. Dissertasiyada antik nəzəriyyə adlanan heca nəzəriyyəsi barədə məlumat verməyə ehtiyac yox idi, belə ki, bu nəzəriyyə artıq özünün elmi aktuallığını itirib (2.1.1, 2.2.1).

3. Elmə yeni gəldiyinə görə dərsliklərdə yer almayan optimallıq nəzəriyyəsi böyük maraq doğurur. Tədqiqat müəllifi bu nəzəriyyə barədə çox qısa və səthi məlumat verir. Bizim fikrimizcə, bu nəzəriyyə barədə daha ətraflı məlumat verilsəydi, dissertasiya işinin dolğunluğu artar, onun elmi-informativ qiyməti daha da yüksələrdi.

4. Dissertasiyada bəzi texniki xarakterli qüsurlar var ki, bunlar da tədqiqat işinin müzakirəsi zamanı müəllifin diqqətinə çatdırılıb.

Qeyd etmək lazımdır ki, göstərilən bu iradlar dissertasiya işinin ümumi səviyyəsinə heç bir xələl gətirmir. Qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilmiş, tədqiqatın məqsədlərinə nail olunmuşdur.

Dissertasiyanın mövzusuyla bağlı dərc edilmiş məqalələr və avtoreferat işin əsas məzmununu əks etdirir.

Əhməd Şair oğlu Şahidovun «Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu» mövzusunda dissertasiyası Ali Atestasiya Komissiyasının qarşıya qoyduğu tələblərə cavab verir və onun müəllifi 10.02.03 – Slavyan dilləri, 10.02.01 – Azərbaycan dili indeksləri ilə filologiya elmləri namizədi alimlik dərəcəsi adını almağa tamamilə layiqdir.

 QƏRARA ALINDI 

  1. Şahidov Əhməd Şair oğlunun “Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu (ikihecalı sözlərin materialı əsasında)” mövzusunda yazdığı tədqiqat işinin müdafiəyə buraxılması tövsiyyə olunur.
  2. İddiaçının 12 məqaləsi və avtoreferatı dissertasiyanın ümumi məzmununu əhatə edir.
  3. Namizədlik dissertasiyası 10.02.03 – Slavyan dilləri (Rus dili) və 10.02.01 – Azərbaycan dili

ixtisasları üzrə AAK-ın tələblərinə tam cavab verir və onun müəllifi filologiya elmləri namizədi alimlik dərəcəsi almağa layiqdir.

 

 

Sədr:                                                 f.e.d., prof., müdir L.H.Quliyeva

Katib:                                               baş lab. S.Ə.Əliyeva

Bu yazını Facebookda şərh et