MƏNİMÇÜN AĞLAYAN QADIN

Mənimçün gecələr ağlayan qadın,
Sənin göz yaşına susamışam mən.
Qəlbinə qaralar bağlayan qadın,
Sən Allah bağışla, qanmamışam mən.

Allahdan hədiyyə bilib aldığım,
Həyatda müqəddəs insan sandığım,
İlk gündən peyğəmbər adlandırdığım,
Sənin ocağına güvənmişəm mən.

Əlindən, ayağından öpdüyüm qadın,
Heç ayağının tozu olmamışam mən.
Həyatda sevdiyim yeganə qadın,
Sənə layiq ola bilməmişəm mən.

Həyatda hər zaman uca tutmuşam,
Yüzlərlə düşmənin, yüzlərlə yadın
Yanında heç zaman bildirməmişəm
Kimdir qəlbimdəki sevdiyim qadın.

Uşaq tək yollarda qalıb gözlərim,
Görmədikcə bir az da dəli olmuşam.
Bilirəm, qəlbinə dəyib sözlərim,
Vallah, mən it kimi peşman olmuşam.

Sındırdım sevginin qolun-qanadın,
Sənsiz çabalayan quşa dönmüşəm.
Qarşında diz çökürəm, sevdiyim qadın,
Bağışla, səhvimi başa düşmüşəm.

Əhməd Şahidov
01 İyul 2012-ci il, saat 17:20, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et