XOŞBƏXT OLMAQ ARZUSU

Hamı kimi mənim də
uşaqlıqdan arzum var.
Xoşbəxt olmaq arzusu!
Uşaq ikən məktəbdə
istəyirdim özümün
gözəl çantası olsun
Çantanın da içində
çoxlu qələm-dəftərim,
rəngli karandaşlarım,
bütün fənn kitablarım,
bütün şagirdlər kimi
yemək-içmək almağa
cibimdə pulum olsun.
Qəlbimdə qaldı arzum!
Uşaq ikən həyatda
xoşbəxt ola bilmədim.
elə arzu tək qaldı
Xoşbəxt olmaq arzusu!

Böyüdüm, lap böyüdüm
məktəbi də bitirdim.
Ali təhsil almaqçün
universitetə gəldim.
İstədim alim olum
mən hamıdan ağıllı,
mən hamıdan savadlı
Vətənimə, xalqıma
layiqli övlad olum.
Çətin gəldi həyatın
həm enişi, yoxuşu,
həm də kasıb ailənin
çörək tapmaq qorxusu!
Çox çək-çevir elədi
həyatın sınaqları.
Dözdüm, heç əyilmədi
Qəddim kimsə qarşında.
Min cür əziyyət ilə
tövbə ilə, inamla
adladım günahları.
Baxdım özüm-özümə
güzgünün qarşısında.
Sual verdim özümə.
Xoşbəxtsənmi, ey cavan?!
Həyatından, ömründən
razısanmı Allahın
sənə bəxş etdiyindən?!
Həyat sıxıcı gəldi,
sanki nəsə çatışmır.
Dərdini bölüşməyə,
ürəyini açmağa
kimsəsizlik qorxusu.
Yenə də çin olmadı
Xoşbəxt olmaq arzusu!

Bu arzunun iziylə
kəndlər, şəhərlər gəzdim.
Ürəyimə yol tapan
bir sevginin, bir yarın
sorağıyla dolaşdım,
gəzdim, gəzdim, çox gəzdim.
Tapdım mən istəyəni,
qəlbimi verdim ona.
ürəyimiz bir idi,
sözümüz də bir oldu
deyirdi mən deyəni.
Müqəddəs bir sevginin
qucağına atıldıq.
Günlərlə məhəbbətin
qoynunda yatıb qaldıq.
Özümüzü dünyanın
ən bəxtəvər insanı,
Allahın göndərdiyi
tək sevgi payı sandıq.
Gözəl idi birlikdə
keçən hər saat, hər an
Heç bilməzdik nə vaxtsa
Tərsinə dönər dövran.
Sevgi dönüb nifrətə
Parçalayar hissləri
Ən ülvi, ən müqəddəs
o saf xatirələri.
Unudub bir anda biz
düşmənə çevrilərik.
Ən çirkin, ən nalayiq
sözlərlə, kəlmələrlə
bir-birini alçaldıb
özümüzdən küsərik.
Bunun nəyi sevgidir?!
Bunun nəyi məhəbbət?!
Hanı verilən vədlər?!
Nə tez gəldi xəyanət?!
Unuduldu xoş sözlər,
yazılan o sətirlər
eşqinin təsiriylə
yaranan o şeirlər.
Hamısı heçdi demək?!
Bəs biz indi neynəyək?!
Nifrəti qəlbimizdə
yaşadıb sona qədər
ömrümüzü sevgisiz
bitirib, ölüb gedək?!
Mən ölmək istəmirəm!
Kimsəsiz itlər kimi
gecə-gündüz kor-peşman
küçələrdə dolaşan
kimsəsiz şəxslər kimi
Yaşamaq istəmirəm!
Sənsiz, yetimlər kimi!
İçimdə səhər-axşam
alışıb, od tək yanır
Sənsiz qalmaq qorxusu!
Uşaqlıqdan bugünə
qoruyub saxladığım
Bir arzum var qəlbimdə
İndi səndən asılıdır
Xoşbəxt olmaq arzusu!

Əhməd Şahidov
28 İyun 2012-ci il, saat 22:20, Domodedovo aeroportu, Moskva, Rusiya Federasiyası

Bu yazını Facebookda şərh et