TANIYA BİLMİRƏM SƏNİ

ahmadDaha səndə həminki sən qalmayıb
Gündən-günə uzaqlaşıb gedirsən
Məndə səbr, səndə sevgi qalmayıb
Bilmirəm, niyə belə edirsən?!
Hər sözün, hər kəlmən incidir məni
Sevgilim, tanıya bilmirəm səni.

Bəlkə də mən sənə çox bağlanmışam
Səni bu ömrümün şahı sanmışam
Sevginin yolunda gecə və gündüz
Hər dərdə, zəhmətə mən qatlanmışam
Çox ucuz tutursan sevgimi, məni
Sevgilim, tanıya bilmirəm səni.

Tanıya bilmirəm kimdi bu qadın
Kimdi mənə bir vaxt sevirəm deyən
Əlimdən tutaraq səhər, sübh çağı
Dağın ətəyilə birgə yeriyən
Nə tez unudursan xatirələri?!
Sevgilim, tanıya bilmirəm səni.

Bir gün gəl deyən dil indi get deyir,
Hər gün bir az da çox uzaqlaşıram
Sevgin də bir dərddir, içindən yeyir
Qəlbimi əzdikcə, mən yadlaşıram.
Yadlaşa-yadlaşa itirdin məni
Sevgilim, tanıya bilmirəm səni.

Tanıya bilmirəm o gözlərini
Yad gəlir hər kəlmən, hər sözün mənə
Tanıya bilmirəm özüm-özümü
Yad gəlir duruşun, baxışın mənə.
Mən necə sevmişəm, necə vermişəm
Qəlbimi sənin tək bir vəfasıza
Gözləri kor imiş indi bilmişəm
Sevginin. Nə isə! Ömrüm çıx qısa!
Bir gün açar səhər, gəzərsən məni
Dərdini deməyə, dərd bölüşməyə
Axtarma, tapmazsan, itirdin məni
Sevgilim, tanıya bilmirəm səni.

Əhməd Şahidov
24 İyun 2012-ci il, saat 21:20, Masallı, Azərbaycan

Bu yazını Facebookda şərh et