TÜRK DÜNYASINA QIRĞIZISTANDAN BAXIŞ…

DSC_0128Soy-kökü türk olan qırğızlar ABŞ, Rusiya və həyat arasında vurnuxurlar
Iyunun 7-də Qırğızıstanın paytaxtı Bişkekə düşdüm. Bundan əvvəl təyyarənin pəncərəsindən bu ölkənin təbiətinə, relyefinə ötəri bir nəzər yetirmək imkanım oldu. Dağlıq relyefə malik bu ölkə haqqında təəssüratlarım formalaşmağa başlayırdı. Yay olmasına baxmayaraq, dağların başı qocaman qarla örtülmüşdü.
Manas hava limanına endik. Elə ilk diqqətimi cəlb edən ABŞ hava qüvvələrinə məxsus 5 ədəd nəhəng hərbi təyyarə oldu. ABŞ-ın bu ölkəyə marağı açıq-aydın hiss edilir. Lakin Rusiyanın Qırğızıstanda təsiri, nüfuzu daha çox gözə çarpırdı. Belə ki, ölkənin ən böyük mobil operatorları ruslara məxsus idi, öz aviaşirkəti olmayan qırğızları xarici ölkələrə Aeroflot şirkəti daşıyır, şəhərdə hər addımbaşı ruslara rast gəlirdim, əksər küçələr hələ də Lenin, Stalin, Oktyabr, Moskva və digər adlarla nişanlanmışdı. Bişkek sanki 80-cı illərin Bakısını xatırladırdı, müasir sivilizasiyadan əsər-əlamət yox idi. Ən hündür binalar 10 mərtəbəli idi ki, bu cür binalara da yalnız şəhərin mərkəzində 5-6 yerdə rast gəlmək olurdu. Insanların həyat səviyyəsi, dünyagörüşü də çox aşağı idi.
Bir gün Bişkekdə qalıb dəvət olunduğum beynəlxalq konfransın keçirildiyi Cəlilabad şəhərinə yollandım. Özbəkistanla həmsərhəd zonada yerləşən bu şəhərdə həyat bəlkə də sönüb. Özbəkistanla soyuq münasibətlər ucbatından sərhədlər qapanıb, gediş-gəliş əngəllənib, əhali ağır vəziyyətdə yaşayır. Cəlilabad şəhərində “hər şey su qiymətinədir” desəm, bəlkə də yanılmaram. Bizim 100 AZN ilə orada 5 nəfərlik ailəni bir ay ərzində normal şəkildə dolandırmaq mümkündür.
Keçək əsas mətləbə… Iyunun 9-da Türk-Qırğız Universitetində beynəlxalq konfrans öz işinə başladı. Türkiyədən, Şimali Kiprdən, Azərbaycandan və digər türk dövlətlərindən xeyli alim təşrif buyurmuşdu həmin konfransa. Konfransdakı çıxışım “Türk Cümhuriyyətinin terrorizmlə mücadilə metodları” adlanırdı. Məruzəm maraqla qarşılandı. Türkiyədən gəlmiş uzmanların ciddi sualları ilə qarşılaşdım. PKK terrorunun tək Türkiyənin, yoxsa bütün dünyanın problemi olması, Azərbaycanın terrorla mübarizəsi ilə Türkiyənin terrorla mübarizəsi arasında hansı fərq və oxşarlıqların olması barədə xeyli suallar verilirdi mənə. Özümü sağlam bir mühitdə hiss edirdim, verilən suallara lakonik və aydın cavablar verməyə çalışırdım. Bildirdim ki, PKK əslində Türkiyəni sevməyən və ya Türkiyənin inkişafını istəməyən dövlətlər üçün problem kimi qəbul olunmur. Hətta PKK terror təşkilatı bir çox Qərb ölkələrində rəsmi olaraq, fəaliyyət göstərə də bilir. Məncə, PKK ilə mübarizədə Türkiyə meydanda təkdir. Xalqın iradəsinə və Türk əsgərinin gücünə arxayındır. Lakin uzun illərin təcrübəsi də göstərir ki, bu problemi tam olaraq aradan qaldırmaq mümkün olmur, dağlarda öldürülənlər də elə Türkiyənin öz vətəndaşlarıdır. Qərbin biganə qaldığı bu problemi Türk dünyası həll edə bilər, bunun üçün də bütün Türk dövlətlərinin bir arada olması şərtdir. Bu, isə hələlik çox çətindir. Bu birliyə həm dövlətlər, həm də xalqlar hazır olmalıdırlar. Bu istiqamətdə hələlik Türkiyə və Azərbaycan aktiv görünür, türkçülük meylləri bu iki qardaş ölkədə xeyli güclüdür. Bəs digər türklər?” Özbəkistanda bütün türk məktəbləri qapadılıb, bu ölkədə türklər sıxışdırılır, türk iş adamları ölkədən qovulur. Qırğızıstanda isə türkçülüklə yalançı meditasiya meylləri hiss olunur. Qırğızıstan bugün ABŞ və Rusiya arasında ov kimi bölüşdürülür. Rəsmi Moskva qırğızlara maliyyə yardımı ayırır, müxtəlif kiçik həcmli layihələr həyata keçirir ki, rəsmi Bişkek ABŞ-a məxsus Manas hərbi bazasını bağlasın və amerikanları ölkədən qovsun. Öz iqtisadiyyatı iflic səviyyədə olan qırğızlar üçün Türkiyə ilə xoş münasibətlər qurub rəsmi Ankaradan nəsə qoparmaq da bir qənimət hesab olunur. Əslində qırğızların Türkiyəyə, ümumiyyətlə Türk birliyinə zərrə qədər nə inamı, nə da həvəsi var. Bir neçə qırğız müəllimlə ayaqüstü dialoqum oldu türk birliyi ilə bağlı. Bildirirlər ki, “Türkiyə can atır ki, bizim ölkəni ələ keçirsin, amma alınmayacaq, çünki: ”nam luçşe s russkimi”. Qoy gəlsin türklər, bir az pul xərcləyib getsinlər, qalmasınlar burada”. Bu sözləri eşidəndə bir qədər donub qaldım, axı siz də türksünüz, ay qırğız qardaş. Özünüzə qayıdın, haradan gəldiyinizi, kimlər olduğunuzu, qardaşlarınızın kimlər olduğunu bilin, heç olmasa. Amma gördüm ki, bir xeyri yoxdur. Qırğızlar yenə öz bildiklərini deyir. Sonradan hətta öyrəndim ki, Qırğızıstanın dövlət dili qırğız, rəsmi dili isə rus dilidir. Odur ki, Türk Birliyi qurmaq heç də asan olmayacaq. Ilk öncə özümüzü təmizləməliyik, içimizdəki rus, Amerika, Iran “sevgisini” boğmalıyıq. Onda “Türkün türkdən başqa dostu yox” kəlməsini daha gözəl anlamış olarıq.

Əhməd Şahidov

Bu yazını Facebookda şərh et