DÜNYA SOSİOLOQLARI ANKARAYA TOPLAŞIR

Ankara Universitetində təşkil olunacaq “Birinci Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu”nda fəlsəfə doktoru Əhməd Şahidov da iştirak edəcək

10-11 May 2012-ci il tarixində Ankara Universitetində təhsil sosiologiyasına həsr olunmuş beynəlxalq elmi konfrans təşkil olunacaq. “Birinci Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu” kimi tarixə düşəcək bu beynəlxalq tədbirin əsas şüarı “Təhsil sosiologiyası nöqteyi-nəzərindən cəmiyyət və təhsil” adlanır. Bu simpoziumda dünyanın bir çox aparıcı sosioloq və təhsil işciləri, habelə alimləri iştirak edəcəklər.
Simpozium barədə məlumat verən gənc alim, fəlsəfə doktoru Əhməd Şahidov Ankarada keçiriləcək beynəlxalq tədbirə dəvət olunmasından məmnunluğunu bildirmiş və dünyanın aparıcı alimləri ilə bir tədbirdə iştirak etməyin məsuliyyətli olduğunu qeyd etmişdir: “Ankarada keçiriləcək bu beynəlxalq simpoziumda dünyanın dörd bir yanından gəlmiş tanınmış alimlər iştirak edəcəklər. Simpoziumda Peter Mayo kimi dünya şöhrətli alim çıxış edəcək. Bu insanı sadəcə canlı görmək mənim üçün fəxrdir. Bundan başqa, ABŞ, Kanada, Almaniya, Hindistan, Türkiyə və MDB ölkələrindən də tanınmış alimlərin bu simpoziumda çıxışı gözlənilir.”
Azərbaycandan da bir çox alimlərin Ankarada keçiriləcək bu simpoziumda çıxış edəcəyini bildirən Əhməd Şahidov onlardan tanınmış akademik Səlahəddin Xəlilovun adını çəkmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlahəddin Xəlilov “Birinci Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu”nda Türk dünyasında təhsil sisteminin modernləşdirmə prosesində Şərq və Qərb metodları barədə danışacaq.
Bundan başqa, Milli Məclisin deputatı, psixologiya üzrə Fəlsəfə Doktoru Gülər Əhmədovanın “XXI əsrdə uşaq kültürü və uşaq haqları” adlı məruzə ilə çıxış edəcəyi gözlənilir.

Bu yazını Facebookda şərh et