NECƏ YAŞAYIM SƏNSİZ

Bilirəm, bu bizim son görüşümüz
Bilirəm bir daha dönməyəcəksən
Alovlar içində buraxıb məni
Özün də şam kimi əriyəcəksən
Sən getdin, mən isə qaldım çarəsiz
De indi mən necə yaşayım sənsiz!

Gedirsən, dərdimə bir dərd qalayıb
Bu dərdə nə Fərhad, nə Məcnun dözməz
Sənsiz bu həyatda məna qalmayıb
Kiminçün ağlayım bundan sonra bəs?!
Gözümdən süzülən yaşlar yiyəsiz
De indi mən necə yaşayım sənsiz!

Gördüyüm ən gözəl röya sən oldun
Ən gözəl nəğmələr sənin səsindir
Bir bahar günündə içimə doldun
Bu nəfəs bir ömürlük mənim bəsimdir
Qəlbim döyünsə də, vurur sevgisiz
De indi mən necə yaşayım sənsiz!

Günəş unutsa da Yer kürəsini
Güllər də bu bahar çiçək açmasa
Ulduzlar tərk edib öz dövrəsini
Səmadan böylanıb şölə saçmasa
Yenə gözləyəcəm sənin yolunu
Sənin o səsini gözləyəcəyəm
Vafasız olsa da bütün kainat
Yenə ümid edib gecə və gündüz
Sənin nəfəsini özləyəcəyəm
Sənə həsr etmişdim bütün ömrümü
Sənsiz bu ömür də mənə gərəksiz
De indi mən necə yaşayım sənsiz!

Əhməd Şahidov
03 Aprel 2012-ci il, saat 00:40, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et