SƏNƏ MƏKTUB YAZIRAM

Adi gecələrdən biridir
Oturmuşam təkbaşına.
Saat da birə qalıb, birdir
sənə məktub yazıram.
Bayırda yenə qar yağır
Yavaş-yavaş
Səhərə qədər hər yan
ağ örpəyə bürünəcək.
Yuxum da gəlmir nəsə
Öyrəşmişəm sənə məktub yazmağa
Bugün də nəsə yazmalıyam sənə
Əvvəla deyim ki, çox darıxıram
Buralar çox sıxır məni
Tək sən bilirsən nələr yaşadığımı
Nələrdən keçdiyimi
Hansı odun-alovun içindən
Hansı qaranlıq gecələrdən sıyrılıb
Yenə sağ-salamat sənə döndüyümü
Bunları yazıb vaxtını almayım.
Onsuz da özün bilirsən hər şeyi.
Sənə məktub yaza-yaza
səni xatırlayıram.
Bilirəm sən də darıxırsan mənimçün
Sən də yatmırsan gecələr
Bağışla, əgər səni intizarda saxladımsa
Sənin o gözlərini yollarda qoydumsa
Neynəyim axı?!
Bu da mənim həyatımdır.
Daima yollarda, bir gün burda
Sabahsa Allah bilir haralarda.
Harada olsam da, ürəyim sənin yanındadır
Həmişə səni düşünürəm
Səndən xəbərsiz şəklini götürmüşəm
Yəqin inciməzsən məndən.
Tez-tez çıxarıb şəklinə baxıram
Darıxanda, tək qalanda, kövrələndə
Bəzən də bərk qorxanda
çıxarıb tez sənin o şəklinə baxıram
öpürəm gözlərindən
öpürəm dodaqlarından
gözlərimi yumub bağrıma basıram səni.
İnan ki, xeyiri də olur
Demişəm axı
sən müqəddəs insansan
Allahdan sevgi payımsan.
Səni sevmək sanki bir ibadətdir
səni anmaq Allahı sevməkdir
sənin gözlərinə baxmaq…
günah da olsa deyəcəm!
sənin gözlərinə baxmaq…
sanki Kəbənin divarlarına baxmaqdır
Sevgilim!
Güc verirsən mənə,
bir anda içimə ilahi bir qüvvə dolur
qorxmuram heç nədən
məni gözləyən təhlükələrdən,
düşmənlərimdən, heç kimdən!
Həm də inamım artır
inanıram ki, yenə sənə dönəcəm,
sənin əllərindən tutacam,
dodaqlarından öpəcəm.
Ehh, bilirsən necə çətindir indi
bu dəqiqə bunları xatırlamaq?!
Kaş ki, indi yanımda olardın mənim
o gücü, o inamı birbaşa səndən alardım
Mənim gözəl sevgilim!
Kaş ki, bu sətirləri
ürəyimdən süzülən gələn bu sözləri
buradan yazmazdım.
sənin qarşında dayanıb
əllərindən tutub
gözlərinə baxıb
sənin özünə deyərdim.
sən də bir az sevincli,
bir az da utancaq tərzdə
mənə baxardın.
Öpüşərdik!
Dodaqlarımın hərarətindən
sən də alışıb yanardın.
bərk-bərk qucaqlayardın məni
sarılardın mənə!
Mən də sevgindən şair olub
sənə şeirlər qoşardım
Yenidən aşiq olardım
vurulardım sənə!

Əhməd Şahidov
28 Fevral 2012-ci il saat 01:25, Moskva, Rusiya Federasiyası

Bu yazını Facebookda şərh et