YANINA GƏLƏCƏM SƏNİN

Bəlkə də bu gecə son gecəmizdir
Bəlkə də son dəfə yazıram sənə
İnan ki, hisslərim safdır, təmizdir
Bunları söyləmək çətindir mənə.
Bilmirəm nə yazım, nələri yazım
Yazımmı sabahkı ağır sınaqdan
Ölümdən, itkidən, yalnız qalmaqdan
Yazımmı qaranlıq soyuq bir yerdə
Səhərədək ayaq üstə yatmaqdan?!
Bu səhər çovğunlu, qarlı olacaq
O yollar, cığırlar buz tək donacaq,
Donacaq damarda axan qanım da
Bilmirəm, yolum sag ya sol olacaq
Nəsə bir qorxu var bugün canımda.
Sən qorxma, möhkəm ol, sən gözlə məni
Döyüşə yollanan bir əsgər kimi
Vuruşub, çarpışıb geri dönəcəm,
Günlər tez keçəcək, zaman gələcək
Dönəcəm mən yenə əlimdə çiçək
Deyəcəm sevgilim, sevirəm səni.
Ağlama gecələr mənsiz qalanda
Gözlərin yollarda qalmasın heç vaxt
Səninçün aldığım güllər solanda
Sil göz yaşlarını, şəklimə sən bax
Bax gör ki, özünü görəsən orda.
Qəlbimdə, ruhumda yaşayır adın
Qaçsan da, kölgənə dönəcəm sənin
Həyatda sevdiyim yeganə qadın
Sən oldun, yanına gələcəm sənin.

Əhməd ŞAHİDOV
21 Yanvar 2012-ci il, 04:40, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et