GƏNC ŞAİRİN ŞEİRLƏRİ İNGİLİS DİLİNƏ TƏRCÜMƏ OLUNACAQ

shahidovƏhməd Şahidovun ingilis dilində şeirlər kitabı çap olunacaq

Poeziyası gənc oxucular arasında maraqla qarşılanan gənc şair Əhməd Şahidov indiyə kimi qələmə aldığı şeirləri ingilis dilində çap etdirmək qərarına gəlib. Bu barədə müxbirimizə məlumat verən Ə.Şahidov bildirdi ki, “Sən də yer ver aşka” kitabındakı şeirləri və ondan sonra qələmə aldığı onlarla şeiri ingilis dilinə tərcümə etdirib kitab şəklində çap etdirmək barədə təklif alıb: “Açığı, bu barədə ilk dəfə eşidəndə özümə də maraqlı gəldi… Mənim şeirlərim ingilis dilli oxucular üçün çap olunur. Çox yaradıcı və kreativ addım olardı. Gənc bir tərcüməçi xanım tərəfindən şeirlərimin, xüsusən də məhəbbət şeirlərimin ingilis dilinə tərcümə edilməsi təklifini alanda çox sevindim. Bir şeirimi tərcümə elədi, baxdım, çox xoşuma gəldi. Qərarım ciddiləşdi və düşündüm ki, əsasən məhəbbət şeirlərimi ingilis dilinə tərcümə elətdirim və nəfis bir kitab şəklində çap elətdirim”.
Tez-tez xarici səfərlərdə olduğunu, Rusiya, Türkiyə, Avropa və Balkan ölkələrinə səfərlər etdiyini bildirən Əhməd Şahidov şeirlərinin yalnız Azərbaycan dilində olmasının xarici dostları və tanışları tərəfindən oxuna bilməməsi ilə izah etdi: “Özüm Moskvada təhsil alıram, hər il çoxlu sayda elmi konfranslarda oluram, səfərlərə çıxıram, xaricdəki dostlarımla mütəmadi yazışmalarım olur, onlar da şeirlərimi oxumaq istəyirlər. Amma neyləyim ki, şeirlərim təkcə Azərbaycan dilindədir. Sosial şəbəkələrdə tez-tez şeirlərimi paylaşıram, xarici dostlarım başa düşə bilmir mənasını.”
Bu tendensiyanın cəmiyyətimizdə böyük marağa səbəb olacağını bildirən gənc şair Əhməd Şahidov ingilis dilində şeirlər kitabının gənc şairlər arasında bir ilk olacağını da söylədi: “İngilis dilinə tərcümə olunan şeirlər kitabımı yalnız ingilis dilli oxucular arasında yaymağı düşünürəm. Tərcümənin keyfiyyəti və cəmiyyətdəki rezonansı necə olacaq, onu zaman göstərər” – deyə Əhməd Şahidov əlavə edib.
Qeyd edək ki, gənc şair Əhməd Şahidov eyni zamanda elmi fəaliyyətlə də məşğul olur. Filologiya üzrə fəlsəfə doktoru olan Əhməd bəy Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında təhsil alır, indiyə kimi bir elmi monoqrafiyası və bir şeirlər kitabı çapdan çıxıb.

İnformasiya şöbəsi

Bu yazını Facebookda şərh et