BU GECƏ HƏSRƏTDƏN DANIŞMAYACAM

Bugün halımı soruşma məndən,
çox üzgünəm.
Nəsə birtəhər olmuşam gecə vaxtı,
nələrisə geri qaytarmaq,
nələrisə bir daha yaşamaq,
nələrisə unutmaq istəyir,
əksinə nələrisə yaddaşımda
həkk etmək istəyirəm.
İstəyirəm bir daha yaşayam
səninlə ilk görüşümüzü.
İstəyirəm həmin o hissləri,
o həyəcanı, təlatümü
bir daha keçirim.
İstəyirəm səndən ayrılım
sabaha kimi.
Səhər yenə görüşmək istəyirəm.
Səhər tezdən çıxan günəşi
gözlərindən seyr etmək istəyirəm.
İstəyirəm gecələr sənin həsrətini çəkim
Sənin o nəfəsini özümlə evimizə aparım.
Səhərə kimi o nəfəsinlə yaşayım.
İstəyirəm o zərif əllərinə toxunum
üz-üzə dayanıb, göz-gözə baxıb
söyləyə bilmədiklərimi
əllərimin toxunuşu ilə deyim sənə.
Deyim ki, səni istəyirəm.
Deyim ki, səni çox istəyirəm,
özümdən, gözümdən, ən müqəddəs sözümdən
çox istəyirəm səni.

Əlimdə olsaydı,
səninlə bağlı çox şeyləri
bəlkə də hər şeyi geri qaytarardım.
Sənin o baxışlarını, o gözlərini,
“Səni sevirəm” sözünü,
elə sənin özünü
geri qaytarardım.
Bir də zamanı,
çünki bir zamanlar sən var idin,
sənin sevgin var idi,
o sevginlə zamanı durdurardın,
o baxışınla həyat donardı bir anlıq,
o səsinlə təbiət lal olardı,
o gedişinlə…
yox!
Bu gecə həsrətdən danışmayacam!
Ayrılıqdan söz açmayacam!
Sən olmasan da,
sənin yoxluğunu xatırlamayacam!
Sən yaşamasan da, səsin gəlməsə də
Var olmasan da, nəfəsin getməsə də,
mənimçün əbədisən, mənimçün yaşayırsan
mənim ruhumda, mənim qəlbimdəsən
Çünki mənim ürəyim də sən,
qəlbim də sən!

Əhməd ŞAHİDOV
07 Yanvar 2012-ci il, 03:35, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et