BAKIDA ŞİMALİ KİPRİN 28 YAŞI QEYD EDİLİB – video

15 Noyabr 2011-ci il tarixində Bakı Biznes Mərkəzində Kuzey Kıprıs Türk Cümhuriyyətinin (KKTC) yaradılmasının 28-ci ildönümü münasibətilə geniş tədbir keçirilib.
KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu çıxış edərək bildirib ki, Azərbaycanla Kuzey Kıprıs arasındakı münasibətlər onu qane etsə də, əlaqələrin daha da inkişaf edəcəyinə ümidvardır. O, Azərbaycanın biznes qurumlarının KKTC-yə sərmayə yatıracaqlarına ümid etdiyini də söyləyib.
Tədbirdə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxış edərək KKTC-yə qarşı ayrı-seçkiliyin müsbət hal olmadığını deyib.
Tədbirdə iştirak edən MM əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin dövlət müstəqilliyinin 28-ci ildönümü ilə bağlı arzularını çatdırmış, ŞKTC-nin bütün Türk dünyasının ayrılmaz parçası olduğunu bildirmişdir. Şimali Kiprdə 1000-ə yaxın azərbaycanlı tələbənin təhsil aldığını bildirən Əhməd Şahidovun sözlərinə görə, Azərbaycan Respublikası rəsmi şəkildə ŞKTC-ni tanımasa da, xalqlar arasında möhkəm dostluq və qardaşlıq əlaqələri mövcuddur, azərbaycanlı turistlərin əksəriyyəti dincəlmək üçün məhz Şimali Kipri seçirlər.
Tədbirin sonunda millət vəkili Gülər Əhmədovanın bayram təbriklərini KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğluna çatdıran Ə.Şahidov ŞKTC-nin Türk dünyası üçün böyük əhəmiyyət kəsb etdiyini bildirmiş, rəsmi Lefkoşanın tezliklə BMT-nin tamhüquqlu üzvü olacağına dərin inamını ifadə etmişdir.

Bu yazını Facebookda şərh et