“AZƏRBAYCANDA ORQAN TİCARƏTİ İLƏ MÜBARİZƏ HƏLƏ 1999-CU İLDƏN BAŞLAYIB”

Əhməd Şahidov İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsində çıxış etdi
11-15 Oktyabr tarixlərində Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Türk Tibb Tarixi Təşkilatı, Balkan Tibb Fəlsəfəsi və Tarixi Dərnəyi, Tibb Əxlaqı və Tibb Hüququ Dərnəyinin birgə təşkilatçılığı ilə beynəlxalq “V Balkan Tibb Tarixi və Etikası Konfransı” keçirilmişdir. İstanbul Cerrahpaşa Tibb Fakültəsində təşkil olunan bu beynəlxalq konfransda Türkiyə, Yunanıstan, Rumıniya, İngiltərə, Bolqarıstan, Macarıstan, Fransa, ABŞ, Balkan ölkələri, Polşa, İtaliya və Azərbaycandan təşrif buyurmuş alim və filosoflar, tibb işçiləri iştirak etmişlər.
Əsasən tibb tarixi, tibb fəlsəfəsi, tibbi əxlaq, fəlsəfə, psixologiya və səhiyyə mövzularında çıxışların yer aldığı bu konfransın əsas məqsədi dünyanın müxtəlif yerlərindən gəlmiş həkim, alim və filosofların fikirlərini bir yerə toplamaq, tibb aləmində əxlaq və fəlsəfənin təcəssümünü əks etdirmək idi.

11-15 Oktyabr tarixlərində İstanbulda keçirilmiş “V Balkan Tibb Tarixi və Etikası Konfransı”nda fəlsəfə doktoru Əhməd Şahidov da iştirak etmiş və “Tibb əxlaqında qarşıdurma – ölüm, yoxsa qurtuluş” adlı məruzə ilə çıxış etmişdir. Azərbaycanda insan alverinə, daha dəqiq desək, insan orqanlarının qanunsuz transplantasiyasına qarşı mübarizənin hələ 1999-cu ildən başladıldığını bildirən gənc alim maraqlı faktlar da açıqlamışdır: “Hələ 1999-cu ilin 28 Oktyabr tarixində Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı “İnsan orqan və toxumlarının nəqli haqqında” Azərbaycan Respublikası qanunu bu sahədə atılmış ilk ciddi addım idi. Məhz bu qanun elmi biliklər və tibbi təcrübəyə söykənərək, insan orqan və ya toxumlarının nəqli ilə bağlı münasibətləri tənzimlədi. Bu qanunda hansı orqanların başqa orqanizmə köçürülə biləcəyi açık şəkildə sadalandı – ürək, ağciyər, böyrəklər, qaraciyər, sümük iliyi və müvafiq strukturlar tərəfindən müəyyən edilmiş digər orqan və toxumalar bir insandan başqa insana köçürülə bilər.”
Cerrehpaşa Tibb Fakültəsindəki çıxışı zamanı orqanını verən şəxslərin hüquqlarından da söz açan Əhməd Şahidovun sözlərinə görə, orqanını verən şəxs transplantasiyanın həyata keçirildiyi tibb müəssisəsi, habelə cərrahiyə əməliyyatını aparan həkimlər barədə tam və dolğun məlumat əldə etmək hüququna malikdir. Həmçinin həmin şəxs transplantasiyanı həyata keçirən tibbi qurum tərəfindən bütün lazımi ləvazimat və dava-dərmanla təchiz edilməlidir. Əgər donor hər hansı orqanını verdikdən sonra əlil olarsa, bununla bağlı pensiya almalıdır. Bununla yanaşı orqanını başqa insana verməyə razı olan şəxs özünün zərərli vərdişləri və xəstəlikləri barədə də həkimlərə mütləq məlumat verməlidir.
Konfrans zamanı dünyada insan alverinə qarşı mübarizə sahəsində aparılmış mübarizənin gedişatından söhbət açan Əhməd Şahidov eyni zamanda müxtəlif ölkələrdə orqanların alış-veriş qiymətlərini açıqlamış və Azərbaycanın da bu bəladan ciddi əziyyət çəkdiyini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Ə.Şahidovun sözlərinə görə, son illər bu sahədə aparılmış ciddi tədbirlər nəticəsində ölkəmizdə bu göstəricilər sıfıra endirilmişdir.
“V Balkan Tibb Tarixi və Etikası Konfransı”ndakı uğurlu çıxışına görə, fəlsəfə doktoru Əhməd Şahidov Cerrahpaşa Tibb Fakültəsi rəhbərliyinin təşəkkürnaməsi ilə təltif olunmuşdur.

Bu yazını Facebookda şərh et