“ƏLİM, ÜRƏYİN SÜRƏTİNƏ ÇAT” – Fotosessiya

Əhməd Şahidov: “Hər bir şeirimin hədəf insanları var”
“Sən də yer ver aşka” adlı kitabı yenicə işıq üzü görmüş gənc alim, fəlsəfə doktoru Əhməd Şahidov dəvətimizi qəbul edib Kulis.az-ın qonağı oldu. Ə.Şahidov hesab edir ki, poeziyanın konkret çərçivəsi yoxdur; ən böyük arzusu insanların qəlbində bir iz qoymaq, imkan olarsa, bu xalqı kökündən dəyişməkdir. O, düşünür ki, ictimai fikrə görə həyatı nizamlamaq yanlışdır. Kiməsə görə sıxıla-sıxıla yaşamaq doğru deyil.
Xalq şairi Zəlimxan Yaqubu iqtidarı mədh edən şeirlərinə görə deyil, istedadına və pafosuna görə sevir. Kiminsə onun şeirlərini oxumaması onu narahat etmir. O özüdür və heç kəsi təqlid etmir.

Çox sağ olun ki, dəvətimizi qəbul edib gəlmisiniz. Oxucularımızın sizi tanıması üçün özünüz haqda məlumat verərdiniz.

Özüm haqqında onu deyə bilərəm ki, 1982-ci ildə Qaxda anadan olmuşam. Uşaqlıqdan Bakıdayam. Orta təhsilimi Bakıda almışam. Daha sonra Slavyan Universitetinin Filologiya (rus dili və ədəbiyyatı) fakültəsini bitirmişəm. Bakalavr təhsilini tamamladıqdan sonra ardıcıl olaraq magistratura və aspirantura oxudum. 2009-cu ildə elmi işimi müdafiə elədim və 26 yaşımda fəlsəfə doktoru elmi dərəcəsini aldım.

– Elmi işinin mövzusu nə idi?

– “Rus və Azərbaycan dillərində heca və sözün sillabik quruluşu” (ikihecalı sözlər əsasında) mənim elmi işimdir. Hərdən dostlarım zarafatla deyir ki, adam da hecadan müdafiə edib alim olarmı?! Amma filologiya elmində sözlər əsasdır. Biz tez-tez deyirik ki, dilimiz zəngindir, türk dilləri ailəsinə aiddir, türk dilindən çoxlu sözlər keçib dilimizə və s. Bizə daha çox söz lazımdır. İndi dünya çox maddiləşib, sözdən, hecadan müdafiə eləməyə istehzayla baxırlar. Ancaq bu, düzgün yanaşma deyil. İndi fikirləşirlər ki, əsl alimlik nüvədən müdafiə eləməkdir. Düşünürlər ki, atom bombası kəşf eləsək və bu bombanı götürüb Ermənistana atsaq, bu olacaq vətənə fayda. Bu, daha çox material yanaşmadır. Düşünürəm ki, bu zəmanə ilə daha çox bağlıdır. Mənim istiqamətim budur, mən istəsəm də hüquqdan yaza bilməzdim, çünki mən filoloqam. Sonra mən Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına dəvət aldım və hazırda ikinci ali təhsilimi orada davam etdirirəm. Qiyabi təhsil alıram və ildə 45 gün Moskvada dərsimiz olur. Nə qədər çətin olsa da, orada doktorantura təhsili almaq istəyirəm. Orada yəqin ki, müdafiə üçün hüquqdan mövzu götürüb müdafiə edəcəyəm.
Əvvəllər jurnalist və tərcüməçi kimi çalışmışam. 2006-cı ildən Rusiyada şəxsi münasibətlərim yaranıb və “Novoe Russkoe Slovo” qəzetinin Azərbaycan üzrə müxbiri işləmişəm.

– Bildiyimiz qədər iki ildir poeziya ilə məşğulsuz…

– Bəli, iki ildir poeziya ilə məşğulam. Yəni, iki ildir şeir yazmağa başlamışam. Mənim həmişə şairlərə, yazı adamlarına “ağ paxıllığım” olub. İstəmişəm ki, mənim də bir əsərim olsun, oxunsun. Mənim gözümdə şairlər, yazıçılar günahsız insanlardır. Məncə, onların günahı olmur, məncə, onlar səhv edə bilməzlər. Düşünürəm ki, dünyadakı bütün şairlər, yazıçılar ən saf insanlardır.

– Xatırlayıram ki, sən ilk tanış olduğumuz dövrlərdə məndən xahiş etmişdin ki, səni Zəlimxan Yaqubla tanış eləyim. Ondan sonra başladın yazmağa, yoxsa əvvəllər də yazırdın?

– Hər zaman içimdə yazmağa həvəs olub. Ancaq 2010-cu ilin əvvəlləri idi, Moskvada təklik, tənhalıq içində idim. Çox darıxırdım, kövrəlirdim. Hər gün anam zəng edirdi, danışanda məni danlayırdı ki, “oxuya-oxuya gedirsən, ömrün də belə keçib gedir. Oxumaqla hər şey bitmir” və s. Danışmağa adam yox idi. Ruslarla da alınmır münasibət. Ruslarla münasibət, mənəvi yaxınlıq alınmır. Tək qaldığım zamanlarda ürəyimdən keçirdi götürüb nə isə yazmaq. İlk dəfə yazdıqlarıma özüm də gülürdüm. Facebookda paylaşanda da bəzi dostlarım zarafat edirdilər. Mənə elə gəlir ki, hətta ən mənasız yazıya da, bir dəlinin yazdıqlarına da gülmək olmaz. Mən bacardığım kimi yazıram, kimisə təqlid eləmirəm və gücüm buna çatır. Mən həyata belə baxıram və kənardan öz yazdıqlarıma baxanda da anormallıq hiss eləmirəm. Müasir postmodern şairlər heca vəznində yox, sərbəst vəzndə yazırlar və çox sərbəstdirlər.

– Müasir qələm adamlarından, postmodernistlərdən narazısınız?

– Yox, narazı deyiləm. Özüm onlar kimi ola bilmirəm. Hərçənd ki, mən də düşündüyümü yaza bilərəm. Mən ictimai rəylə hesablaşıram. Bir az ailəmi, bir az dostlarımı fikirləşirəm. Təhsilimi, çevrəmi düşünürəm və istədiyimi yaza bilmirəm.

– Bu şeirlər istədiyiniz şeirlər deyil?

– İstədiyim şeirlərdir, ancaq istədiyimin hamısı deyil. Düşünürəm ki, evdə anam oxuyar, xoşuna gəlməz, dostlarım oxuyar, xoşlarına gəlməz və mən özümü məhdudlaşdırıram.

– Facebookda digər şairlərdən daha çox müzakirə olunursunuz. Şeirlərinə çoxlu şərhlər gəlir, şeirlərinizi paylaşırlar. Müzakirə olunursan. Bu nə ilə bağlıdır?

– Mən elə adamam ki, düşmənim yoxdur. Hesab edirəm ki, hər bir insana yaxınlaşacaq, onun daxili aləminə yol tapa biləcək bir giriş nöqtəsi var. Digər tərəfdən, mənim çox müzakirə olunmağımın səbəblərindən biri də dostlarımın çox olmasıdır. Həm də məni küçə uşağı kimi tanıyırlar. Mən son üç-dörd ilə qədər küçədə böyümüş uşağam. Azərbaycanda belə bir stereotip var ki, kompüterlə məşğul olan insana qeyri-ciddi baxırlar. Bu səbəbdən mənim çevrəm, əhatəm genişdir. Mən də hamı kimi böyümüşəm, küçədə “samakat” sürmüşəm. Dostlarım həmişə mənim yazdığım şeirlərlə zarafat etməyi xoşlayırlar. Ancaq mən buna əsəbiləşmirəm. Ancaq tanımadığım adam bu dostlarıma baxıb mənimlə zarafat eləməyə, məni təhqir eləməyə çalışanda ona imkan vermirəm. Bu cür adamlar nədən zövq alırlar, nədən xoşlanırlar, bu mənə çatmır. İstəmirəm ki, ölkəmdə belə adamlar olsun. Ən son halda internetin, Facebookun imkanları genişdir, bu cür adamlara blok qoyuram. Mən daha çox insanları sevindirməyi xoşlayıram və başqalarına lağ edənləri başa düşmürəm.

– Əhməd, mən sənin kitabında toplanan şeirləri çap olunmamışdan qabaq oxumuşam, mövzuların rəngarəngdir. Ancaq bilmək istəyərdim sənə daha çox doğma olan mövzu hansıdır?

– Mən yazdığım şeirləri öz saytıma, bloquma qoyanda başqaları üçün yox, doğmalarımın və məni sevənlərin oxuması üçün qoyuram. Məsələn, atama, anama yazdığım şeirləri ancaq onlar üçün yazıram. Əgər anam bir şeirimi oxuyub sevinirsə, mənə bir stəkan çay süzüb gətirirsə, bu, mənə xoşdur. Əsas sevgi şeirlərinə, həsrətli, nisgilli şeirlərə üstünlük verirəm. Sevgidə həsrət olmayanda daha çox kef-damaq təsiri bağışlayır. Kimisə gözləmək, oturub ağlamaq, düşünmək adama xoş gəlir. Ancaq Allah bütün sevgilərin sonunu yaxşı eləsin.

– Sizə elə gəlmir ki, sevgidən yazan şairlərin çoxu nakam sevgidən yazır?

– Məncə, insanın nəyə ehtiyacı varsa, ondan da yazır. Ümumiyyətlə, inanmıram ki, hansısa varlı, imkanlı şair kasıbçılıqdan yazsın. Anası sağ-salamat olan adam inanmıram ki, ana nisgilindən yazsın. Bunu yazmaq üçün hardasa ananı itirmək lazımdır ki, bu nisgili real qələmə ala biləsən. Məsələn, Vaqif Bayatlı Odər bulvarda tək gəzir, özü-özünə danışır. Məncə, Nizami də, Füzuli də belə şair olub. Mən ona kostyumu, vəzifəni, bahalı maşını yaraşdırmıram. Belə olsa, bəlkə də gözdən düşər, sevilməz.

– Facebookda şairə Rəbiqə Nazimqızı təxminən belə bir sual verib ki, kitabı nə üçün çıxarmısınız?

– İstəyirəm ki, insanlar olduğu kimi görünsün və tanınsın. Sualın tonundan belə başa düşdüm ki, Rəbiqə Nazimqızı mənim kitabımın çıxmasını doğru hesab eləmir. Onun kriteriyalarına görə, mənim kitabım aşağı səviyyəlidirsə, oxumaya bilər. Ancaq mən bunu evdə saxlamaq üçün yazmamışam. Onun zövqüncə olmaya bilər mənim yazdıqlarım. Ancaq bu, mənəm və bu, mənim özümütəsdiqimdir. Əgər Facebookda şərh yazan 100 nəfərdən 5-i ürəkdən təbrik yazırsa, məni təbrik edirsə, bu 5 nəfər üçün yaşamağa dəyər. Mən olduğum kimi görünməkdən utanmıram. Məncə, Rəbiqə Nazimqızı məni oxumaya bilər, ancaq qohumlarım, dostlarım oxuyur və bu, yetərlidir.

– Elnur Abdullayev sual verir ki, Əhməd Şahidov nə üçün, kim üçün yazır?

– Hər bir şeirimin hədəf insanları var. Mən atam üçün, anam üçün, dostlarım üçün yazıram. Sevgi şeirləri daxili dünyamın təzahürüdür.

– Sevgilin var?

– Bəli, sevgilim var.

– Sevgi şeirlərini onun üçün yazırsan?

– Onun üçün yazıram, özüm üçün yazıram. Mənim kimi duyğusu olan insanlar üçün yazıram. Mənim kimi yaşayan insanlara demək istəyirəm ki, siz tək deyilsiniz?

– Oxucumuz yazır ki, siz dünyada nələrə şahid oldunuz?

– Deyə bilmərəm ki, çox ömür sürmüşəm. Bu, yekəxanalıq olar. Mən 10-15 ölkə gəzmişəm. Ancaq mənim dünyam Azərbaycanla məhdudlaşır. Çünki gəzdiyim ölkələrdə ancaq yaxşı şeyləri görürdüm, yaxşı şeyləri göstərirdilər. Axı qısa səfərlərdə hər şeyi görmək olmur. Mən çox istərdim ki, əlimdə imkan olsa, bu xalqı kökündən dəyişim. İnsanlar bir-birinə sevgiylə yanaşsın. Məsələn, olmaz ki, Əhmədi və ya bir başqasını təhqir edəsən?! Axı mən də bu xalqın oğluyam.

– Oxucu soruşur ki nə üçün “eşq”, yox “aşk”?

– “Yer ver aşka” ideyası mənim məhsulum deyil. Mən bu şeiri yazanda Rusiyada yaşayırdım. İmkanım yox idi hər gün tanınmış imzalarla görüşüb nə isə öyrənməyə. Mənim üçün bir başlanğıc, bir giriş lazım idi. Türkiyə kanallarının birində “Yer ver aşka” adlı bir mahnı dinlədim və bu, mənim üçün bu şeiri yazmağa giriş oldu. Mənim üçün şeir, poeziya standartlara sığmır və heç kəs deyə bilməz ki, nə üçün “eşq” yox, “aşk” yazmışam. Eşq sözü bu şeirdə yerinə düşmür. Hardasa yüngül həyat tərzi, əyləncə, eyş-işrət anlamına gəlir. Ancaq “aşk” daha gözəldir. İkinci arqumentim də odur ki, bildiyim orijinal variant budur. Bir də, axı mən təkcə Azərbaycan üçün yazmıram. Mənim Anadolu türkcəsində də şeirlərim var. Heç kəs deyə bilməz ki, niyə Anadolu türkcəsində yazırsan?!

– Rusca şeirlər yazırsan?

– Yox, rus dilini bilsəm də, bu dildə yazmıram. Rus dili mənim üçün əcnəbi dildir. Elmi işimdə əsas nəzəriyyə budur ki, öz dilini yaxşı bilməyən əcnəbi dili öyrənə bilməz. Mən Azərbaycanca düşünüb yazıram. Tələsirəm yazanda. Hətta əlimdən tələb edirəm ki, əlim, ürəyin sürətinə çat. Hər bir insan xarici dil öyrənmək üçün birinci öz dilini yaxşı bilməlidir. Kimsə rusca yazırsa, mən buna yaxşı baxmıram, məncə, bu, saxtadır. İlham gələndə düşünüb tərcümə eləməyə, qafiyə axtarmağa vaxt itirmirəm. Tələsirəm ki, tez yazım.

– Seymur Quliyev adlı oxucu Facebookda soruşur ki, Əhməd Şahidov hansı yolun yolçusudur?

– Vallah, mən özüm bu barədə düşünməmişəm ki, şairəm, aliməm və ya jurnalistəm. Mən özümü məhdudlaşdırmıram. Mən həmişə dostlarıma deyirəm ki, tikintidə işləyən fəhlə, mətbuatda çalışan jurnalist, elmlə məşğul olan alimdir. Ancaq bu, o demək deyil ki, Əhmədi Ziya Bünyadovla, Yusif Məmmədəliyevlə müqayisə eləmək olar. Mənim konkret yolum yox, məqsədlərim var. İstəyirəm ki, yaşadığım həyatda bir iz qoyum. Mənim inandığım dəyərlər var.

Cəlil CAVANŞİR
Kulis.az

 

 

 

Bu yazını Facebookda şərh et