ÖLÜMLƏ DİALOQ

…ölümü bu qədər səmimi və ədalətli bilmirdim
Yay ayı olduğu üçün işləməyə halım yox idi. İstidən tər içində idim, təzyiqim də narahat edirdi məni. Bəzi xoşagəlməz hadisələr də kefimi bir qədər pozmuşdu. Bir az uzanmaq qərarına gəldim. Hiss elədim ki, gözlərim yumulur, yatmaq istəyirəm. Bir anlıq düşündüm ki, ölsəm, nə baş verər? Görəsən, ölüm məni qəbul edərmi? Elə bu an gözlərimin qarşısında ağ rəngli bir tüstüyə oxşayan bir varlıq dayandı. O qədər gözəl idi ki, adamın gözləri qamaşırdı.
Bir baxışla vuruldum bu varlığa. Sən demə bu ölümün özü imiş. Onunla bir-iki kəlməlik dialoqum da baş tutdu. Çox səmimi gəldi mənə ölümün fikirləri, duyğuları və intellekti:
Ölüm: Nə fikirləşirsən, cavan oğlan?
Mən: Çaş-baş qalmışam, niyə gəlmisən? Məni aparmağa?
Ölüm: Yox, hələ vaxtın deyil. Hələ yaşa.
Mən: Bəs niyə gəlmisən onda? Niyə məni narahat edirsən?
Ölüm: Sən tez-tez mənim haqqımda fikirləşirsən, haqqımda şeirlər yazırsan, məqalələr qələmə alırsan. Düşündüm ki, nə istəyir bu cavan oğlan məndən.
Mən: Hansı şeirimi oxumusan?
Ölüm: Bir şeirin var, adı belədir – “Ölüm, səni gözləyirəm, nə vaxtdır”
Mən: Xoşuva gəldi?
Ölüm: Pis deyil, amma daha istedadlı şairləri aparmışam o dünyaya.
Mən: Üzr istəyirəm, sözüvü kəsirəm. Səncə, mən ölməyə layiqəm?
Ölüm: Hələ sənin barəndə hesablama aparmamışam. Etdiyin əməllər yazılır. Görək sonda necə olur.
Mən: Desəm ki, adam öldürmüşəm, inanarsan?
Ölüm: Yox.
Mən: Desəm ki, adam döymüşəm, inanarsan?
Ölüm: Yox.
Mən: Desəm ki, oğurluq etmişəm, inanarsan?
Ölüm: Yox.
Mən: Desəm ki, bir körpəni 3 gün əsir kimi saxlamışam, inanarsan?
Ölüm: Yox. Sən bunlara qadir deyilsən. Sən çox həssas adamsan. Sən bir ziyalısan.
Mən: Belə düşünürsən? Yanılmırsan ki?!
Ölüm: Mən səni kitab kimi oxuyuram. Olar, mən də sənə sual verim?
Mən: Buyur.
Ölüm: Niyə tez-tez ağlayırsan?
Mən: Mən ağlamıram, mən kişiyəm!
Ölüm: Yalan danışma!
Mən: Tutalım ki, ağlayıram. Sənə nə?!
Ölüm: Niyə təksən həyatda?!
Mən: Allah belə istəyib. O, məni həyata tək-tənha gətirib.
Ölüm: Allahın varlığına inanırsan?
Mən: Allah yoxdursa, sən nə gəzirsən burada?!
Ölüm: Məncə, sən yaxşı adamsan.
Mən: Sən heç adam tanıyan deyilmişsən.
Ölüm: Ya da güclü aktyorluq istedadın var.
Mən: Yaxşı, ölüm. Çıx get, imkan ver, rahat yataq. Bir də boş-boşuna gəlib həyəcanlandırma məni bir də.
Ölüm: Az danış. Mənə qalsa, səni bu dəqiqə apararam, amma Allahın icazəsi olmadan ixtiyarım yoxdur.
Mən: Məni özünlə aparıb neyləyəcəksən ki?!
Ölüm: Səndən insanları öldürmək üçün istifadə edəcəm. Səndən yaxşı köməkçi tapa bilmərəm.
Mən: Bəs deyirdin, mənim adam öldürməyimə inanmırsan.
Ölüm: Sözdür də deyirəm, bizi minlərlə oxucu oxuyur indi.
Bunu deyib ölüm gözdən itdi. Bir qədər fikirləşdim ki, niyə ölüm belə dedi. Amma özü bilər. Nə olsun ki, ölümdür. İndi dünyanın insanları kimi ölümü də sərsəmləyə bilər. Həm də gecə vaxtıdır, yəqin cənab Ölüm də yorğundur, ağzına gələni danışır… ya da ki, içkilidir!

Əhməd Şahidov
ahmad@shahidov.com

Bu yazını Facebookda şərh et