SON MƏKTUB

Bir ağ vərəq, bir də qələm
bir də masa üstdə soyumuş bir çay
yazdıqca göylərə qalxır ah-naləm
kaş ki, bu məktubu heç yazmayaydım.
İstədim biləsən, kiməm, nəçiyəm
bu Odlar Yurdunun tək əsgəriyəm
atasız-anasız keçən illərin
qurtula bilməyən tək əsiriyəm.
Baxma illərimin az olmağına,
baxma həyatımın yaz olmağına
əslində boranmış, qışmış həyatım
sınaqlardan keçmiş, ölümdən dönmüş
cansız bir varlıq tək daşmış həyatım.
Nələri görmədi bu daş həyatda?!
dalğalar bu daşı yumaq istədi
qayalar birləşib bu daşın üstdə
öz xoşbəxt həyatın qurmaq istədi.
Daş illər ərzində daş tək yaşadı
nə dostu, sirdaşı, qardaşı oldu
gülərkən əlini bir əlin üstə
ağlarkən başını bir dizin üstə
qoymağa nə əli, nə dizi oldu.
Daş heç itirmədi insanlıq hissin
inandı Allahın böyüklüyünə
bilirdi ki, onu daş edən Allah
qaytarıb insan tək yaşada bilər
ən böyük qayanın üstündə belə
ən zərif gülləri yaşada bilər.
Allahın bəxşişi çox böyük oldu
demək Ədalətmiş Allahın özü
çin oldu, həyata yenidən doğdu
tək qalmış bu daşın arzusu, sözü.
İçinə baharın ətiri doldu
güldü daşa dönmüş o buz ürəyi
güldü dodaqları, güldü gözləri
sevgiymiş bu daşın əsl gərəyi.
Eşidin qayalar, duyun qayalar!
Artıq o daş deyil, o bir insandır!
Hissləri, sevgisi, sevinci olan
Uğrunda ölməyə məqsədi olan
Sinəsində vuran ürəyi olan
Əsl vətəndaşdır, əsl insandır!
Əslində bu məktub heç də son deyil
deyirlər hər bir son bir başlanğıcdır
mən də başlayıram yeni həyata
sevgiylə bəslənmiş gözəl həyata
səhərim açılır sevgiylə mənim
gecələr qərq olur toya, büsata
Sevgilim, sevirəm səni ürəkdən
bu məktub əslində bir bəhanədir
uzaqda olsam da, sənə yazıram
bu sevgim, bu hissim yalnız sənədir.
Çünki, ürəyimin xoş çırpıntısı
çünki gözlərimin göz yaşı sənsən
indi əllərim də əlindən tutub
söyləyir sevgilim, inan eşqimə
bu heç də son deyil, ilkdi bu MƏKTUB!

Əhməd ŞAHİDOV
06 İyul 2011-ci il, saat 20:15

Bu yazını Facebookda şərh et