“RUS DİLİNİN STATUSUNU QORUYUB SAXLAMALIYIQ”

shahidovDeputat köməkçisi Əhməd Şahidov İspaniyada keçiriləcək beynəlxalq elmi konfransda XXI əsrdə rus dilinin vəziyyəti, problem və perspektivləri barədə məruzə ilə çıxş edəcək
Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı, fəlsəfə doktoru Əhməd Şahidov 27 İyun – 01 İyul 2011-ci il tarixlərində İspaniyada səfərdə olacaq. Qranada Universitetində keçirilən “Müasir rusistikada dil, mentallıq və mətn” adlı I Beynəlxalq elmi-praktik konfransında iştirak edəcək Əhməd Şahidov “Dəyişən dünyada söz: Rus dili XXI əsrin əvvəllərində – vəziyyəti, problemləri və perspektivləri” mövzusunda geniş məruzə ilə çıxış edəcək. 2009-cu ildə Bakı Slavyan Universitetində “Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu (ikihecalı sözlərin materialları əsasında)” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsini müdafiə edən gənc alim Azərbaycanda bu sahədə  çalışan gənc alimlərdən hesab olunur. Ə.Şahidovun bu barədə elmi monoqrafiyası da işıq üzü görmüşdür.

Odur ki, həm İspaniya səfəri, həm də rus dilinin hazırkı vəziyyəti barədə fikrini öyrənmək üçün Əhməd Şahidovun özü ilə əlaqə saxladıq. Tez-tez xarici ölkələrdə elmi konfrans və sempozyumlarda iştirak edən gənc alim İspaniya səfəri barədə də ətraflı məlumat verdi. Onun sözlərinə görə, İyunun 27-də start götürəcək bu mötəbər sempozyumda dünyanın müxtəlif ölkələrindən alimlər təşrif buyuracaq. Azərbaycanın tarixən Rusiya və rus milləti ilə qonşuluq əlaqələrinin olduğunu bildirən Ə.Şahidov müstəqillik qazandıqdan sonra da Azərbaycanda rus dilinin kifayət qədər populyar olduğunu, əhalinin böyük hissəsinin rusdilli olmasını dilə gətirərək bu dilin ölkəmizdə qorunub saxlanılmasının vacibliyini vurğulamışdır: “Hazırda Azərbaycanda əhalinin əksəriyyəti rus dillidir. Qonşu Rusiya Federasiyasında 3 milyona yaxın soydaşımızın yaşadığını nəzərə alsaq, bu böyük dövlətlə əlaqələrimizin hər zaman yüksək səviyyədə saxlanılmasının vacibliyini təsəvvür etməmək olmur. Dostluq əlaqələri isə təbii ki, mədəniyyətdən keçir. Burada dil çöx böyük önəm daşıyır. Düşünürəm ki, orta məktəblərdə rus dili saatlarının sayı çoxaldılmalı, gənclərimizin ingilis dili ilə yanaşı, rus dilinə də marağının artırılması istiqamətində ciddi addımlar atılmalıdır”.

Hazırda Azərbaycanda rus dilinin peşəkar səviyyədə öyrədilməsi istiqamətində yeganə ali təhsil müəssisəi olan Bakı Slavyan Universitetinin regionda önəmini xüsusi vurğulayan gənc alim həmin universitetin iki ölkə arasında dostluq və və strateji əməkfaşlıq əlaqələrinin yaradılmasındakı rolunu yüksək qiymətlənidrmişdir: “Təsadüfi deyil ki, Rusiyanın rəhbər şəxsləri Azərbaycana səfər edərkən ilk növbədə Bakı Slavyan Universitetini ziyarət edir, müəllim və tələbə kollektivi ilə görüşürlər. Qarşılıqlı tələbə mübadiləsinin həyata keçirilməsində də BSU-nun rolu danılmazdır”.

Ümumiyyətlə, Rusiyanın təhsil sistemini yüksək qiymətləndirən Əhməd Şahidov dəqiq elmlərin öyrənilməsində, xüsusən də riyaziyyat, fizika, kimya, tibb, habelə hüquq elminin mənimsənilməsində Rusiya universitetlərinin kadr potensialını əvəzsiz hesab etmişdir.

Qeyd edək ki, filologiya üzrə fəlsəfə doktoru olan Əhməd Şahidov eyni zamanda Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantıdır. Ə.Şahidov hazırda Azərbaycan Respublikası Milli Məclisində deputat köməkçisi vəzifəsində çalışır.

Bu yazını Facebookda şərh et