BİR GÜN SƏNİ GÖRMƏSƏM

Həyatımda bir gün, sadəcə bir an
Nifrət edirəm o günə, o ana
Yoxsan yanımda çünki
Sənsizliyini xatırladan hər şeyə
nifrət edirəm.
Dəli oluram, havam çatmır
bayıra çıxıram, evə dönürəm
Hiss edirəm ki, xoşbəxt olmağıma
qayğısız yaşamağıma
nə isə çatmır.
Həmişə gözlərim gözünə baxsın
əllərim tutsun əlindən
qucaqlasın səni.
Həyəcandan dodaqlarım tir-tir əsir
Fikirləşirəm bayaqdan
birdən “Sevirəm səni” desəm,
görən tezdir deyə
hələ bir-birimizi tanımırıq deyə
gülməzsən ki mənə?
İnanarsanmı hisslərimə?
Cavab verməsən də
gözlərinlə gülümsəyib
başını aşağı salarsanmı?
Yox, mən də heç nə deməyəcəm
qoy bir az zaman keçsin
qoy bir az da tanıyaq bir-birimizi
amma nəsə demək istəyirəm yenə.
İstəyirəm biləsən ki, mən səni…
deyəsən yenə həyəcanlandım.
Amma deyəcəm… dilimin ucundadır
mən səni ilk görəndə anladım ki,
sən mənim sevgi payımsan
sənsiz qala bilmərəm.
Sən mənim alın yazımsan
sənsiz ola bilmərəm.
Sən mənim günəşimsən, ayımsan
sənsiz aça bilmərəm səhərimi, günümü.
Sən mənim şeirimsən, sözümsən
sənsiz yaza bilmərəm ürəyimdən keçəni.
Susaram ağaclar tək,
bir gün səni görməsəm.
Solaram bənövşə tək
quruyar ləçəklərim
torpaq mənə dar gələr
bir gün səni görməsəm.
Neynirəm bu həyatı
bu ömrü, bu günü mən
Səni görsəm çoşar qanım,
yaşayaram insan tək.
Məhv olar arzularım
bir gün səni görməsəm.

Əhməd ŞAHİDOV
07 Fevral 2011-ci il, saat 01:20, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et