İNQİLAB OLSUN, YA OLMASIN!

Azərbaycan cəmiyyəti ölkədə inqilab istəyirmi?
Son günlərin bəlkə də ən çox danışılan mövzusu inqilabdır. Ərəb ölkələrində, xüsusən də Tunis və Misirdəki inqilablar bu və buna bənzər ölkələrdəki cəmiyyəti silkələməyə başlayıb. Bir-birinin ardınca İordaniya, Əlcəzair və Suriyada da etiraz dalğaları alovlanmağa başladı. Bu ölkələrin ümumi oxşar cəhətləri ondan ibarətdir ki, bu coğrafiyadakı bütün ölkələr İslam ölkələridir, hamısında haradasa din dövlətin idarə olunmasında müəyyən rol oynayır. İslam təfəkkürünün əsas cəhətlərindən sayılan ağa-nökər, Allah-qul münasibətləri və azla kifayətlənmək, olana şükr etmək ənənələri ilə yanaşı, İslamda zülmə etiraz, haqsızlığa əyilməmək, şərə qarşı sona qədər mübarizə aparmaq kimi dəyərlər də mövcuddur. Lakin bu tip ölkələrin başqa bir özəlliyi isə İslam ölkəsi adlanmasına baxmayaraq, insanlarının İslamın dərin fəlsəfi incəliklərini tam anlaya bilməməsi və sadəcə bir təhrik ilə radikallıq nümayiş etdirməyə hazır olmalarıdır.
Fəlsəfədən söz düşmüşkən, əvvəlcə “İnqilab” anlayışının mahiyyətinə diqqət yetirək. Nədir axı inqilab? İnqilabın məqsədi, vəzifələri və hədəfi nələr və kimlərdir. İnqilab — təbiətdə, cəmiyyətdə, təfəkkürdə əvvəlkinə nisbətən radikal, köklü, keyfiyyət dəyişiklikli keçid deməkdir. İnqilab inkişafdakı keyfiyyət dəyişikliyidir. Bir qayda olaraq islahatların ya keçirilmədiyi və ya az keçirildiyi həlqələrdə baş verir. İnqilaba münasibət fəlsəfi çevrələrdə heç də birmənalı deyil. Belə ki, sıravi bir kommunist inqilab deyəndə kapitalizmi dağıdan və sosializm quruculuğuna yol açan tarixən zəruri bir hərəkət başa düşür. Sosial-demokrat isə tamam başqa cür düşünür: İnqilab qeyri-qanuni zorakılıq olaraq, yalnız demokratiyanın müdafiəsi və ya onun bərqərar olması üçün faydalı ola bilər. Lakin zorakı inqilab cəmiyyət strukturlarını sosialist prinsipləri ruhunda yenidən qurmağa imkan vermir. Sosializm cəmiyyətinin yaradılması demokratiya şəraitindən və uzun müddət davam edən təkamüllə mümkündür.
İnailab barədə ən dolğun müqayisəli araşdırmanı alman alimi Tomas Mayerdən eşitmək olar. Alman təcrübəsi bu sahədə xüsusilə əhəmiyyətlidir, çünki eyni tarixi təcrübəyə və mədəniyyətə malik olan bir xalq 50 il bölünüb ilk müxtəlif iqtisadi sistemdə yaşamalı olmuşdur. Federativ Almaniyanın dövlət quruluşuna isə sosial-demokratiya ciddi təsir etmişdir və etməkdədir. Bu nəzəri müqayisənin əməli sübutu kimi ADR-in AFR-ə qovuşması alındı.
Ümumiyyətlə, sadə dildə desək, inqilab nəyəsə etiraz deməkdir və heç də təkcə zorakı üsullarla və ya küçələrə axışmaqla müşahidə olunmur. Məsələnin fəlsəfi tərəfindən bir qədər uzaqlaşıb reallığa qayıdaq. Son günlər bütün dünya Tunis və Misir barədə danışır, bu ölkələrdə baş verənləri diqqətlə izləyir. Misir isə inqilabın ən sərt və qəddar forması ilə üz-üzədir. Hər iki ölkədə uzun illərdir ki, hakimiyyəti eyni şəxs idarə edirdi. Dünyada turizmin beşiyi kimi tədqim edilməsinə baxmayaraq, hər iki ölkədə həyat səviyyəsi çox aşağıdır ki, bütün bunlar da insanların haqlı narazılığına səbəb olub. Lakin inqilabın hədəf və məqsədi heç də bu sosial narazıçılığın aradan qaldırılması olmayıb. Necə deyərlər: “Əsas eşqdir, gözəllik bir bəhanə”. Demək dünyanı idarə edən böyük güclərin, konkret olaraq, ABŞ-ın ərəb ölkələri ilə bağlı müəyyən planları mövcuddur və bu ideyaların regionda reallaşdırılmasına əngəl olan siyasi liderlər məhz həmin ölkələrin rəhbərləridir. ABŞ və İsrailin Yaxın Şərqlə bağlı siyasəti hamımıza məlumdur. Odur ki, məhz bu böyük güclər demokratiya, insan haqları və sosial narazılıqdan istifadə edib həmin xalqlarının kiçik görünən problemlərini həll etməklə, eyni zamanda özlərinin böyük problemlərini həll etmiş olurlar. Lakin inqilabın baş tutacağı təqdirdə hakimiyyətin arzuolunmaz qüvvələrin, xüsusən də “terrorçu” adlandırdıqları İslamçı güclərin əlinə keçməməsi üçün ciddi hazırlıqlar görülür, Tunis və Misir müxalifətinə milyonlarla dollar yardımlar edilir və inqilabın qızışdığı məqamda özlərinin yetişdirdiyi “xalqın lideri”ni də meydana çıxarmış olur. Çox bəsit hakimiyyət dəyişikliyi. ABŞ-ın istəklərinə uyğun və gələcəkdə Amerikanın diqtəsi ilə hərəkət edə biləcək bir dövlət başçısı!
İndi isə mənsub olduğumuz bir məmləkətə, sözdə hamımızın “Ana Vətən” deyə səsləndiyimiz Azərbaycana nəzər yetirək. Adətən vətəndaşlarımız tez-tez müxtəlif tədbirlərdə Şərqdə ilk demokratik cümhuriyyətin məhz bizlər tərəfindən qurulduğunu, ölkəmizin yeraltı və yerüstü sərvətlərlə zəngin bir ölkə olduğumuzu böyk fəxrlə qeyd edir, Dədə-Qorquddan tutmuş Babək, Koroğlu və Şah İsmayıl Xətaiyə qədər bütün tarixi şəxsiyyətlərin adlarını sadalamaqla öyünürük. Buna bir söz deyə bilmərəm. Çünki, keçmiş bir zaman kəsiyidir və keçmişdə baş verən hadisələr bizim hansı köklərə sahib olduğumuzu göstərir. Amma keçmişlə sadəcə öyünmək deyil, o keçmişin məntiqi davamını, yəni ki, bugünümüzü yaratmalı və yaşatmalıyıq. Amma bugün çox əfsuslar olsun ki, Azərbaycanda bu davamiyyəti müşahidə etmək mümkün deyil. İnsanlarımız çox saf, sadəlöhv və unutqan olublar. Sözün bütün mənalarında bu, belədir. Saflığımız, yersiz qonaqprvərliyimiz zaman-zaman başımıza olmazın bəlalar gətirib, itirə-itirə getmişik torpaqlarımızı. Düşmənə qucaq aça-aça indi artıq öz qucağımıza sığına bilmirik. Unutqanlığımız isə ən böyük dərdimizdir.
Hər şeyi tez unuduruq! Yaddan çıxarmadığımız təkcə Şərqdə ilk demoktraik cümhuriyyətin bizlər tərəfindən qurulması, Koroğlu, Babəb və Xətaimizdir. Bunlardan başqa hər şeyi unuduruq. Unuduruq ki, ən böyük düşmənlərimiz İran və Rusiyadır. Bizi iki yerə parçalayan və 1813, 1828-ci illərin müqavilələrinin müəllifi olan Rusiya və İran. Amma yenə danışanda birimiz Rusiyanın, digərimiz isə İranın təbliğatçısı kimi çıxış edirik. Əslində başa düşüb sevdiyimizdən deyil də, pulumuzun oradan çıxdığından bucür düşünmək zorundayıq. Əksinə bu qüvvələrə nifrət edənlər də var. Onların da nifrəti başa düşüb nifrət etməkdən deyil, pullarının ABŞ və İsraildən çıxdığından irəli gəlir. Bir sözlə, maddi maraqlar ucbatından bölünürük və başlayırıq bir-birimizə düşmən kəsilməyə.
Ən böyük problemimiz də birləşə bilməməyimizdir. Xoşbəxt günümüzdə də, faciəvi günümüzdə də birləşə bilməməyimiz, ayrı-ayrı maraqlardan çıxış etməyimiz özünü büruzə verir. Milli Qəhrəman Mübariz İbrahimovun dəfnində birimizin əlini sinəsinə qoyub himnimizi oxumağı, digərimizin isə daşın üstünə çıxıb “Ya Hüseyn” deyib mərsiyə oxuması da bir olmadığımızı göstərir. Bəziləri bununla cəmiyyətimizin müxtəlif və plüralist olduğunu deyə bilər, amma mən bunu separatizm adlandırıram. Mənəvi, fəlsəfi və psixoloji separatizm.
Mətləbdən uzaqlaşmadan qayıdaq mövzumuza. İnqilab! Deyəsən bu haqda danışırdıq axı. Heç bu haqda da fikirlərimiz uzlaşmır. Məsələ təkcə iqtidar və müxalifətdən getmir. Təbii, siyasi iqtidar siyasi inqilabın baş verməməsi üçün çalışır, siyasi müxalifət isə tam əksinə. Amma bir olması lazım bilinən qüvvələr də bir deyillər. Zaman ən yaxşı hakimdir, deyiblər. Son 20 ildə siyasi iqtidara qarşı mübarizə aparan müxalifətin 365 gün ərzində bir olub yekdil bir fikirdən çıxış etdiyini kim görüb əcaba?! Şəxsən mən görməmişəm. Nəinki siyasi bloklar və ya partiya, hətta eyni partiya üzvləri arasında da ziddiyyətlər kəskin səviyyədədir. Siyasi səhnəmizi göbələk kimi basmış xırda partiyalardan danışmaq istəməzdim. Zatən, olmayan partiyaların nəyindən danışım ki?! Mən olan partiyalardan – AXCP və Müsavat partiyasından söhbət açmaq istərdim. Hər seçki öncəsi birləşən, hansısa məqsəd uğrunda birgə mübarizə apardıqlarını bəyan edən və son aylar ərzində hətta bir partiya olaraq birləşmək kimi tarixi bir qərarı götür-qoy edən insanlar əgər sonradan bir-birinə düşmən kəsilirsə, öz qəzetlərində bir-birini ittiham edirsə, biri digərini öz qərargahında ayırdığı 20 kv.metrlik otaqdan çıxarırsa, onda biz hansı birlikdən danışaq, hansı mübarizədən danışaq?! Əgər hər seçki öncəsi partiyadan qopmalar baş verirsə, funksionerlər xırda maraqlar müqabilində əqidəsini dəyişirlərsə, bu partiyaların ideyaları uğrunda canlarını qurban verənlər illərdir ki, partiyadaşları tərəfindən unudulursa, hansı birlikdən danışaq?!
Bəziləri deyir ki, inqilabı müxalifət funksionerləri deyil, xalq edəcək. Hansı xalqdan söhbət gedir?! Yarısı Rusiyada ticarətlə məşğul olan, cənubu İrana rəğbət bəsləyən, gəncləri kosmopolitləşən, ziyalısı xaricdə dərs deyən, burjuaziyası isə biznes maraqlarından çıxış edərək sakit duran Azərbaycan xalqımı?! İndi Azərbaycanın siyasi səhnəsində inqilab etmək istəyən az sayda radikal müxalifət var ki, onların da bu istəyini gözəl bir qız görən cavan oğlanın cinsi əlaqədə olmaq istəməsi ilə müqayisə edərdim. Qəfildən yaranan və qısa zamandan sonra ötüb keçən bir hiss olaraq. Başqasında görüb özümüzdə də tətbiq etmək istəyirik inqilabı. İnqilab heç də küçərələrə çıxıb ixtişaşlar yaratmaq, qarşısına çıxan hər şeyi yandırıb-yaxmaq deyil. Amma təbii ki, inqilablar zamanı bəzən bunlar da qaçılmaz olur. İnqilablar əslində çoxlu sayda qurban tələb edir, qurban verdikcə iradə əzminin daha da artması tələb olunur. Özünü qurban verməyə isə cəsarət, inam və etibar lazımdır. Dostluğa, sədaqətliyə, haqqa inam. Bir-birinə inanmayan, fürsət düşdükcə bir-birinin arxasınca danışan müxalifət nümayəndələri görəsən, biri digərinə görə qurban getməyə hazırdırlarmı?! Sizdən soruşuram, ey inqilab etmək istəyənlər. Odur ki, Azərbaycanda siyasi müxalifətin inqilab edə biləcəyini düşünənlər yanılırlar.
Mən ümumiyyətlə, bu inqilab mövzusunda hər üç tərəfə – iqtidara, müxalifətə və xalqa müəyyən tövsiyyələr etmək istərdim. Gəlin, bu tövsiyyə sözünü adi fikir kimi qəbul edək. Çünki, indi hamımız özümüzü ağıllı hesab edirik və heç kim başqasının sözünə qulaq asmır. Hamımız ağıllıyıq! Nə gözəl?! Afərin bizlərə!
İlk öncə iqtidarın inqilab etməsini istərdim. Məqalənin lap əvvəlində bildirdim ki, İnqilab — təbiətdə, cəmiyyətdə, təfəkkürdə əvvəlkinə nisbətən radikal, köklü, keyfiyyət dəyişiklikli keçid deməkdir. İnqilab inkişafdakı keyfiyyət dəyişikliyidir. İqtidar çalışsın ki, cəmiyyətdəki inqişafın istiqamətini dəyişsin. Daha çox xalqın, vətəndaşın gündəlik xoşbəxtliyinə, sosial həyatına yönəlik bir inkişaf hiss edilsin Azərbaycanda. Bunu çox sürətli, radikal və inqilabi tərzdə həyata keçirsin. Sadəcə bir göstərişlə, bir səlahiyyətli yumruğun masaya vurulmasıyla gömrükdə, təhsildə, səhiyyədə rüşvət halları birdəfəlik yığışdırılsın, hüquq-mühafizə orqanları daxilində xəlqilik meyarları daha çox qabardılsın, sıravi vətəndaş bu inqilabdan sonra özünü başqa bir Azərbaycanda hiss etsin. Yüksək vəzifələrdə gənclər daha çox təmsil olunsun, köhnə düşüncə sahibləri təqaüdə göndərilsin, illərdir övladını böyüdən, ona təhsil verən ana öz övladını yüksək kürsülərdə görüb, onu həqiqətən da bu xalq, bu dövlət üçün əbəs yerə böyütmədiyini düşünsün. Bu qədər inqilab bəsdir bizlərə! Ölkəni xoşbəxt, firavan və demokratik etmək üçün bunlar kifayətdir!
Müxalifət dairələrinə tövsiyyəm bundan ibarətdir ki, cəmiyyətdəki real çatışmazlıqları ədalətlə tənqid etsin, hər tənqidin arxasında siyasi maraqlar deyil, hakimiyyətə gəlmək iddiaları deyil, sırf xalqın rifahına hesablanmış hədəflər, istəklər dayansın. Nəhayət ki, müxalifət öz aralarında kimin səmimi, kimin isə qeyri-səmimi olduğunu ayırd etsin, siyasi maraqlar naminə dəfələrlə xəyanət etmiş qüvvələrə yenidən qucaq açmasın. Siyasi rəqiblərini təhqir deyil, tənqid etsinlər.
Son müraciətim isə xalqa ünvanlanıb. Əslində iqtidar da, müxalifət də bu xalqın içindən çıxmış insanlardır. Yəni, onlar da bir xalqdırlar. Amma son müraciətim heç bir siyasi iddiası olmayan, sadəcə gözəl bir Azərbaycanda yaşamaq istəyən vətəndaşlara aiddir. Çalışın, “qonşuda var, bizdə niyə olmasın?!” prinsipi ilə yaşamayın. Bu ideya ilə çıxış edənlərin təbliğatına uymayın. Bugün qapınızı inqilab etmək istəyənlər, sabah İslam dövləti qurmaq istəyənlər, sabah isə tamam başqa qüvvələr – nə bilim, terrorçular, əxlaqsızlar, vətənini satanlar, lap elə qatıq satanlar da döyə bilərlər. Hamının da öz “həqiqəti”, öz arqumentləri var. Maddi maraqlar naminə, məhəllənizdə asfalt və ya oturmaq üçün dam düzəldiləcək deyə, əqidənizi satmayın, tanımadığınız insanlara səs verməyin, ürəyinizi, könlünüzü açmayın. Çünki, bütün bu ürəklər bütöv Azərbaycan deməkdir. Hamı öz qəlbini satsa, sonda Azərbaycanı itirmiş olarıq. Özünüz olun ki, hər qapı döyənə qoşulub, “Palaza bürün, el ilə sürün” deyib ağlınız çatmayan yerə getməyin. Bir az Azərbaycanlı olun. Sözün böyük mənasında Azərbaycanlı!
Baxın, bütün bu sadaladıqlarım əslində böyük bir inqilabın görünməz elementləridir. Beyinlərdə, əxlaqda, əqidədə inqilabın. İnanın ki, bu inqilab küçələrə çıxıb bir-birini öldürməkdən daha ağrısız, amma daha şərəfli və məsuliyyətlidir. Çünki, bizim hamımızın sevdiyi Azərbaycanı məhz bu inqilabla gələcəyə aparmaq olacaq!
Fəlsəfə doktoru Əhməd Şahidov
Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et