ƏZRAYIL

Anamın bətnində min dəfə ölüb,
Dörd yüz milyon təsadüfdən doğuldum,
Ölüm gözlərimdə bir heçə dönüb,
Ölüb dirilirəm gündə min kərə,
Yolumu gözləyən əzrayıl, inan
Vallah, çalışırsan sən əbəs yerə.
Ölümlə qorxutma məni həyatda,
Çünki, anlamışam bu fəlsəfəni,
Bilirəm, həyatın əvvəli varsa,
İnsanlar doğulub, yaşayırlarsa,
Demək bitməlidir bu ömrün sonu
Ölümü anlatma, görmüşəm onu.
Sən mənə nifrəti, yalanı göstər,
Rüşvətlə doğulan balanı göstər,
Göstər ki, vəzifə, var-dövlət üçün
Allaha tapınan nadanı göstər.
Əzrayıl, sən mənə ölümü deyil,
Ölümdən də betər olanı göstər!
***
Əgər mənə cəza kəsmək istəsən,
Göstər mənə dostumun xəyanətin,
Əgər məni cəhənnəmin odunda,
Yandırıb, kül edib, yaxmaq istəsən
Göstər mənə namusunu, arını
Beş manata satan ananı göstər.
Göstər mənə küçələrdə dilənən,
O azyaşlı körpələri, uşağı.
Göstər mənə əxlaqsızın birinin
Çıxıb xalqa əxlaqdan danışmağı.
Göstər mənə necə yaranır sevgi,
Necə sevir insanlar bir-birini?!
Göstər mənə qəlbində nifrətini
Bəsləyib, sevirəm deyəni göstər!
Göstər mənə ailəsini millət
Evinisə Vətən sananı göstər!
Əzrayıl, sən mənə ölümü deyil,
Ölümdən də betər olanı göstər!
Əhməd ŞAHİDOV
20 Dekabr 2010-cu il, saat 05:45, Bakı, Azərbaycan
Bu yazını Facebookda şərh et