Türk dövlətlərində İslam və digər dinlərin bölgüsü

Müəllif: , Dərc edilib: saat 06:27 / 18 November, 2000; Şərh yoxdur   | Oxunma sayı: 62

Türk dövlətlərində yayılmış dinlər barədə qısa məlumat. İslamın Türk dövlətlərində yayılması, Türk dövlətlərinin din siyasəti. İslam dininin Türk dövlətləri arasındakı qardaşlıq münasibətlərinin yaranmasındakı rolu. Türk dövlətlərində yayılan qeyri-ənənəvi dini cərəyanlar və onların Türkçülüyə zidd təbliğatı

Türklərin dini inanclarının inkişafı şərti olaraq iki mərhələyə bölünür: İslama qədərki və sonrakı dövr. İslama qədərki dövrdə Türklərin özlərinə xas dini inancları və spesifik dinləri olmuşdur ki, bunlar sırasına göy-tanrı dinini, tenqriçiliyi, şamanizm və başqalarını aid etmək olar. Adı çəkilən dinlər hazırkı Orta Asiya Türk dövlətlərinin ərazisində mövcud olmuş və bəzi cizgiləri hələ də müasir Qazaxıstan və Qırğızıstan ərazisində qalmaqdadır.

Müasir dövrdə Türk etnosunun böyük çoxluğu İslam dininin Sünni məzhəbinin Hənəfi qoluna mənsubdur (84%). İkinci qrup isə Alevilərdir (12%). Azərbaycanlılar isə Şiə məzhəbinin Cəfəri qoluna aiddirlər. Adları çəkilən məzhəblər arasında zaman-zaman münaqişələr də olmuşdur (Alevi və Sünnilər, Sünni və Şiələr arasında).

Türk etnosunda ticari, hərbi, siyasi münasibətlər inkişaf etdikcə, Türklər bir-birinin ardınca müsəlman olmağa başlamışlar. X əsrdən başlayaraq, bu proses daha da intensiv xarakter almağa başlamışdır. Türklər zaman-zaman başqa dinlərlə qarşılaşmış (xristianlıq, buddizm, müsəvilik), lakin onlar Türklər arasında geniş populyarlıq qazana bilməmişdir. Hətta sözügedən dinlərin yayılmasına qarşı təpkilər də olmuşdur. Digər tərəfdən İslamın yayılmasına qarşı da təpki və üsyanlar olmuşdur. Son nəticədə İslam Türklərlə birgə anılmış və vəhdət təşkil etmişdir. Bunu şərtləndirən amillərə gəincə isə qeyd etmək lazımdır ki, İslamın tək Allahlığı, sistemli və qayda-qanunlu olması onu Türklərə daha da yaxın etmişdir. İslamda mövcud olan cihad faktoru Türk xarakterinə uyğundur. İslam peyğəmbəri Həzrəti Məhəmmədin Türklər haqqındakı hədislərində söylədikləri və onlar barədə müsbət rəydə olması İslamı Türklərin gözündə ucaltmışdır. İslamın qəbulu Türk dünyasında yeni fəthlərin əsasını qoymaqla yanaşı, onların Asiya steplərindən qərbə doğru irəliləməsinə yeni təkan vermişdir. Bəzi tədqiqatçılara görə, bunun səbəbi İslamda mövcud olan nizam-intizamla bağlıdır. İslamı qəbul edən Türk boylarından fərqli olaraq macarlar, bolqarlar, xəzərlər, peçeneqlər və digərləri bu dini qəbul etməmiş və son nəticədə milli kimliklərini itirmişlər.

Orta Asiya Türk Cümhuriyyətləri

Uzun tarixi dövr ərzində Orta Asiya bir çox dinlərin qovuşma nöqtəsi olmuşdur. Müasir Orta Asiya Türk Dövlətlərində İslamın yayılma xarakteri və inkişafı təqribən eyni şəkildə olmuşdur. Bütün bu dövlətlər əsasən Sünni məzhəbinin Hənəfi qoluna aiddirlər. Sözügedən arealda İslam əsasən X əsrdən başlayaraq, intensiv şəkildə yayılmağa başlamışdır. Monqol istilaları dövründə isə bu proses bir qədər ləngimişdir. Bunun başlıca səbəbi ondan ibarətdir ki, monqollar işğal etdikləri ərazilərə öz nəsillərini köçürürdülər. Onların isə özlərinə məxsus spesifik dinləri var idi.

SSRİ-nin mövcudluğu dövründə İmperiyanın bütün dövlətlərində olduğu kimi 5 Türk dövlətində də din faktoru qəsdən zəiflədilmiş, ateizm və dinsizlik ön plana çəkilmişdir. Orta Asiyada İslam dininin tarixən koordinasiya mərkəzi Özbəkistanda yerləşən Orta Asiya Dini İdarəsi olmuşdur. Bölgələrdə, yəni digər dövlətlərdə isə bu işi qazilərin rəhbərlik etdiyi yerli idarələr həyata keçirirdilər.

Qazaxıstan

Müasir Qazaxıstanın 15 milyondan çox olan əhalisinin 47%-i İslam, 44%-i provslav, 2%-i protestant, 7%-i isə digər dinlərə sitayiş edir. Qazaxıstan nadir dövlətlərdəndir ki, burada İslamın yayılması çoxsaylı üsyanlarla deyil, könüllü şəkildə baş vermişdir. İlk illərdə İslam ölkənin cənubuna yayılmış, daha sonra isə şimal ərazilərə nüfuz etmişdir. Qaxaxıstanın konstitusiyası vətəndaşların dini etiqad azadlığına təminat verir. Hazırda bu ölkədə 30 konfessiyada birləşən 1500-dən artıq dini icma vardır. Onlar arasında ənənəvi dinlərdən savayı ekzotik dinlər də mövcuddur. 1990-cı ildən ölkədə Müsəlman Dini İdarəsi fəaliyyət göstərir. Ölkədə pravoslavlığın yüksək şəkildə yayılmasının səbəblərinə gəlincə, bu, ilk növbədə slavyan millətindən olan toplumun ümümi əhalinin 35 %-dən çoxunu təşkil etməsindən irəli gəlir. Ölkənin dini həyatında Rus pravoslav kilsəsinin təsiri böyükdür.

Türkmənistan

Müasir Türkmənistanın ərazisində tarixən buddizm, xristianlıq, zaoastrizm kimi dinlər geniş yayılmışdır. Lakin 7-8-ci əsrlərdən başlayaraq, ərəb istilaları ilə birlikdə İslam hakim dinə çevrilmişdir. Hazırda 5 milyona yaxın olan Türkmənistan əhalisinin 89%-i İslam dininə, 7%-i pravoslavlığa xidmət edir. Türkmənlər əsasən Hənəfi qoluna mənsubdurlar. İrandan gəlmə əhalinin bir hissəsi isə şiə cərəyanına sitayiş edir. Müasir Türkiyədə olduğu kimi Türkmənistanda da sufilik bəzi bölgələrdə populyardır. XX əsrdən başlayaraq Avropa mənşəli əhalinin müasir Türkmənistan ərazisində yayılması İslamla yanaşı, digər dünyəvi dinlərin yayılmasına da şərait yaratmışdır. Türkmənistan İran və Əfqanıstanla qonşuluq münasibətlərinə malik olmasına baxmayaraq, onların mərkəzi dini idarələri ilə heç bir münasibət saxlamır. Bu, dövlətin birtərəflilik statusu ilə bağlıdır.

Özbəkistan

Özbəkistan hər bir zaman İslamın Orta Asiyada mərkəzi olmuşdur. Ölkə konstitusiyasına əsasən bütün dini birlik və birləşmələr dövlətdən ayrı və qanun qarşısında bərabərdirlər. Bugün onlar hüquqi şəxs qismində təmsil olunurlar. Ölkənin mövcud 28 milyona yaxın əhalisinin 88 %-i İslamın hənəfi məzhəbinə qulluq edir. Rus pravoslav kilsəsinə xidmət edənlər isə 8 % civarındadırlar. Özbəkistanda İslama aid bütün məsələləri müftinin rəhbərlik etdiyi dini idarə həyata keçirir. SSRİ-nin ideologiyasına zidd olsa da, onun mövcudluğu dönəmində də Özbəkistanda İslam faktoru güclü olmuşdur. Bunun nəticəsidir ki, 1945-ci ildə Buxarada “Mir Ərəb” məktəbi, 1971-ci ildə isə Daşkənddə İslan Universiteti yaradılmışdır. 1995-ci ildə isə İslam dəyərlərini daha da dərindən tədqiq etmək üçün Beynəlxalq İslam Mərkəzi yaradılmışdır. İslamla yanaşı, ölkədə digər dinlərə mənsub əhalinin dini ehtiyaclarını ödəmək üçün şərait yaradılır.

Qırğızıstan

Qırğızıstanın 5,5 milyondan çox olan əhalisinin 75 %-ə qədəri İslam dininə sitayiş edir. Ölkə əhalisinin 20 %-i isə pravoslavdır. Qırğızıstanda regional dini idarə 1944-cü ildə yaradılmışdır. Ona qazi rəhbərlik edirdi ki, o da öz növbəsində mərkəzi Daşkənddə yerləşən Orta Asiya Dini İdarəsinə tabe idi. SSRİ-nin süqutundan sonra isə sistemin çökməsi ilə qazi öz səlahiyyətlərində müstəqiilik qazandı. 1991-ci ildə Bişkekdə İslam mərkəzi yaradılmışdır. Ümumilikdə isə İslamın koordinasiya mərkəzi Oş şəhəridir. 1980-ci ildən başlayaraq ölkədə məscidlərin sayı sürətlə artmışdır. Hazırda onların sayı 1000-ə yaxındır. Son illərdə ölkədə qeyri-stabil siyasi və iqtisadi vəziyyət vəhhabilik kimi ekstremal dini təriqətlərin yayılmasına şərait yaratmışdır.

Türkiyə

Müasir Türkiyənin 77 milyondan çox olan əhalisinin böyük qismi (99.8%) İslam dininə sitayiş edir. Yerdə qalan qismi isə xristian və musəvidir. Müsəlmanların çox qismi sünni məzhəbinin Hənəfi cərəyanına aiddirlər. İkinci ən geniş yayılmış cərəyan isə Alevilikdir. Onlar əsasən Sivas, Tokat, Ərzincan, Malatya və Tunceli kökənlidirlər. Bunlardan savayı, Şəfii və Cafəri məzhəbinə aid quplar da az deyildir. Toplam əhalinin 0,2 faizini təşkil edən qeyri müsəlmanlar isə qeyd edildiyi kimi əsasən xristian və musəvilərdən ibarətdir. Bunların 50 mini erməni qriqaryan, 25 mini musəvi, 17 mini Süryani, 2.300-ü yunan ortodoks kilsələrinə aiddir. Yerdə qalan 5000-dən çox əhali isə əsasən katolik, ərəb ortadoks cərəyanlarına aiddir. Türkiyə dünyəvi dövlətdir. Dini və yaxud da etnik özəlliyə sahib siyasi partiyanın qurulması konstitusiyaya ziddir. Cümhuriyyətin ilk illərindən başlayaraq dinin dövlətdən ayrı tutulması və ölkədə mövcud dini münasibətləri tənzimləmək üçün 1924-cü ildə Dini İşlər Nazirliyi təsis eilmişdir. Qəbul edilmiş konstitusiyaya əsasən insanların dini inanclarına hörmət edilməlidir və dövlət tərəfindən dini etiqad azadlığı tətbiq edilməlidir. 1923-cü ilə qədər isə keçərli olan bütün dini qanunlar ləvğ edilmişdir. Osmanlı dövlətində rəsmi şəkildə milli mənsubiyyət dini mənsubiyyətlə qarışdırılmış və milli kimlik “Müsəlman” anlayışı ilə anılmışdır. 1923-cü ildən sonra isə milli kimlik yerini birmənalı şəkildə “Türk” kəlməsinə vermişdir.

Azərbaycan

Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir.

Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər bir şəxs vicdan azadlığına malikdir. Dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək və ya heç bir dinə eitqad etməmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. Eyni zamanda dövlət təhsil sistemi də dünyəvi xarakter daşıyır.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.

Yəhudilik – Azərbaycanda üç yəhudi icması – dağ yəhudiləri, əşkinazi yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir. Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir. Onların dili tat dilidir, lakin nitqlərində çoxlu türk, fars və rus sözləri vardır. Dini əqidələrinə görə, dağ yəhudiləri rəbbanilərdir. Onlar Əhdi-ətiqlə yanaşı, Təlmudu və ravvin rəvayətlərini də dinin əsas mənbələri sırasında götürürdülər. Uzun müddət ali ruhani təhsil ala bilmədikləri üçün Təlmud qaydalarını bir qədər təhrif edilmiş şəkildə izah etmiş, Qafqaz xalqlarının bütpərəstliklə bağlı bəzi təsəvvürlərini mənimsəmişlər. Meşədə yaşayan, hamilə qadınların ürəyini və ciyərini çıxarıb yeyən qadın Dedey-ol, yeni doğulmuş uşaqları himayə edən İlan-Əjdəha (Əjdəhaye-mar) ilə bağlı təsəvvürlər, habelə Pasxadan iki həftə qabaq tonqal qalayıb üstündən atılmaq ayini yəhudiliklə deyil, yerli inanclarla bağlıdır. Dağ yəhudiləri əqidə məsələlərində əşkinazi yəhudilərlə müqayisədə daha ortodoksaldırlar. Ümumiyyətlə, Azərbaycandakı yəhudilər XVIII əsrdən etibarən Polşa və Ukrayna yəhudiləri arasında özünü göstərən xasidilik dini-siyasi axınından, həmçinin reformist yəhudilikdən uzaqdırlar. Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Avanın 9-da matəm orucu günü dünyanın hər yerindən dağ yəhudiləri buraya gəlirlər ki, vacib ibadətləri yerinə yetirsinlər, yaxınlarının qəbirlərini ziyarət etsinlər. Qəsəbədə üç sinaqoq və ayinçilik məqsədilə tikilmiş mikva vardır. Əşkinazi yəhudilər Avropa yəhudiləridir, əslən orta əsrlər Almaniyasındandırlar.Gürcü yəhudiləri icması sayca kiçik olsa da, fəaldır. 1997-ci ildə “Coynt” yəhudi komitəsinin maliyyə yardımı ilə gürcü yəhudilərinin sinaqoqu bərpa edilmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini-iyeşivalarını, mədəniyyət mərkəzlərini (məs., Yəhudi icmasının mədəniyyət mərkəzi), cəmiyyətlərini (məs., Həvva qadın cəmiyyəti, Hesed-Herşon xeyriyyə cəmiyyəti), klublarını (məs., Əlef, Kilel gənclər klubları, Mişpaha videoklubu), qəzetlərini (məs., Az-İz, Başnya, Amişav) yaratmışlar. Soxnut yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi komitələri Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir.

Xristianlıq – Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Dövlət qeydiyyatında 5 erməni-qriqorian icması vardır. Hazırda Azərbaycanda pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə təmsil olunmuşdur. Ölkədəki rus pravoslav kilsələri 2000-ci ildə təsis edilmiş Bakı və Xəzəryanı Yeparxiyasında birləşir. Azərbaycanda həmçinin pravoslavlıqdan çıxmış köhnə ayinçiliyə mənsub 11 malakan icması da fəaliyyət göstərir. Malakanların kilsəsi yoxdur, ehkamları xüsusi “ayin kitablarında” verilmişdir. Onlar xüsusi səlahiyyətə malik kilsə iyerarxiyasını rədd edirlər. Alban-udi xristian dini icmasının qeydə alınması formal olaraq digər icmaların qeydiyyatından fərqlənməsə də, xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar bir hadisədir. Bu gün Udi etnosuna mənsub olan insanların sayı dünyada 10.000-ə qədərdir ki, onların 6000-i Azərbaycan ərazisində, o cümlədən 4.400-ü kompakt şəkildə Qəbələ rayonunun Niç kəndində yaşayır. Tarixən udilər bizim eradan əvvəl IV əsrdə türk qəbilələri ilə qohumluq əlaqəsində olaraq Qarabağda, Xəzərsahili torpaqlarda yaşamış, sonralar xristianlığı qəbul etmiş və bu dini Qafqaz Albaniyasında yaymışlar. Kiş kilsəsi (Şəki rayonu, Kiş kəndi) ilk xristian kilsəsi, “xristian kilsələrinin anası” hesab olunur. Çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilərin hiyləsinə uyan Rusiya çarı 1836-cı ildə fərman imzalayaraq Alban kilsəsini ləğv edir, Alban məbədləri, kilsəyə aid olan bütün avadanlıq və sənədlər erməni apostol kilsəsinə verilir. Bu şəraitdə udilər ya qriqoryanlığı qəbul edib erməni olmalı, yaxud dinsiz, kimsəsiz “dərvişlərə” çevrilməli idilər. Lakin onlar misilsiz qəhrəmanlıq göstərib 160 ildən çox bir dövrdə öz dininə, adət-ənənələrinə, dininə, tarixi vətəninə sadiq qalmış, erməniləşməmiş, əksinə 1836-cı ildə həyata keçirilən tarixi ədalətsizliyi həmişə aradan götürməyə çalışmışlar. Nəzəri cəhətdən çoxdan sübuta yetirilmiş tarixi faktlar Alban-udi xristian icmasının bərpası ilə artıq maddiləşmiş və ədalət, udilərin haqqı qismən də olsa bərpa edilmişdir. Katolisizm. Xristianlığın bu qolu Bakıda Roma Katolik icması ilə təmsil olunmuşdur.

İslam – SSR-i dağıldıqdan sonra sovet məkanında mövcud olan bütün müsəlman dini təşkilatları böhrana məruz qaldığı, parçalandığı halda, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi 1980-ci ildə şeyxülislam seçilmiş axund Allahşükür Paşazadənin sədrliyi altında öz fəaliyyət dairəsini daha da genişləndirir, Azərbaycanın müstəqilliyi illərində Qafqaz Müsəlmanları İdarəsi adı altında nüfuzunu bütün Qafqaza yaymağa cəhd göstərir. 1998-ci ildə Qafqaz müsəlmanlarının Bakıda keçirilən X qurultayında bu cəhdləri reallaşdırmaq istiqamətində addımlar atılır. QMİ-nin Gürcüstanda və Dağıstanda nümayəndəliklərinin açılması da bu sahədə diqqəti cəlb edən addımlardandır.

QMİ-nin sədri İdarənin beynəlxalq islam təşkilatları ilə əlaqəsini ardıcıl şəkildə təmin edir, qonşu müsəlman ölkələri ilə dini zəmində sıx əlaqələr yaratmağa nail olur. Bu gün QMİ öz səlahiyyətləri çərçivəsində Azərbaycanda islam dini icmalarına rəhbərlik edir, şəri qayda-qanunların düzgün yerinə yetirilməsinə nəzarət edir, 1991-ci ildə yaradılmış Bakı İslam Universiteti vasitəsilə ruhani kadrların yetişdirilməsi sahəsində xeyli işlər görür, ölkənin dini həyatında gedən proseslərin məsuliyyət yükünü daşıyır. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində də 1992-ci ildən ilahiyyatçı və islamşünas mütəxəssislər hazırlanır. Azərbaycanda islam şiə-imami, sünni-hənəfi və şafii məzhəbləri ilə təmsil olunmuşdur. Son zamanlar ölkənin açıqlığı bir sıra digər məzhəblərin və sufi təriqətlərinin də bölgəyə yol tapmasına şərait yaratmışdır. Müstəqillik illərində Azərbaycanda gedən islamlaşma prosesində müqəddəslərə pərəstişin gücləndiyi müşahidə olunur – ənənəvi pirlərlə yanaşı təzə pirlər də yaradılır. Bəhailik öz məhfəlini yaratmış və fəaliyyətini ildən-ilə genişləndirir. Ölkəyə qeyri-ənənəvi dinlərin nüfuzu güclənir. Heç vaxt Azərbaycanda mövcud olmayan Beynəlxalq Krişna Şüuru cəmiyyəti artıq 10 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir. Bir sıra protestant təmayüllü dini icmalar ilk dəfə Azərbaycanda 90-cı illərin ortalarında dövlət tərəfindən qeydiyyata alınaraq öz dini ideyalarını yayırlar. Azərbaycanda dövlət-din münasibətləri 2001-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tənzim edilir.

Bu yazını paylaşın:

Bölmə:
Teq:
Leave a Reply