Türk dövlətləri başçılarının zirvə toplantıları

Türk dövlətləri başçılarının zirvə toplantıları, hansı tarixdə, hansı şəhərdə keçirildiyi barədə statistik məlumatlar. Zirvə toplantılarında müzakirə olunan əsas mövzular. Zirvə toplantılarında iştirak edən və etməyən dövlət və hökumət başçıları

Türkdilli dövlətlərin zirvə toplantısı və yaxud Türkdilli dövlətlərin dövlət başçılarının zirvə toplantısı altı türk dövlətinin başçılarının (yaxud dövlətin yüksək rütbəli nümayəndələrinin) iştirakı ilə həyata keçirilən zirvələrdir. Suveren dövlətlərin qarşılıqlı münasibətlərinə əsaslanan bu zirvələr, ortaq tarix, soy və mədəniyyətə malik liderləri bir araya toplamağa xidmət edir. 1992-ci ildən başlayaraq təşkil edilən bu zirvələrdə Türk dünyasının ortaq qayğıları gündəmə gətirilməkdədir. İndiyə qədər 10 zirvə toplantısı keçirilmişdir:

  • 30.10.1992 – Ankara zirvəsi
  • 18.10.1994 – İstanbul zirvəsi
  • 28.08.1995 – Bişkek zirvesi
  • 21.10.1996 – Daşkənt zirvəsi
  • 09.06.1998 – Astana zirvəsi
  • 08.04.2000 – Bakı zirvəsi
  • 26.04.2001 – İstanbul zirvəsi
  • 17.11.2006 – Antalya zirvəsi
  • 03.10.2009 – Naxçıvan zirvəsi
  • 15.09.2010 – İstanbul zirvəsi

Tarixi

Türkdilli dövlətlər arasında siyasi və iqtisadi münasibətlər Sovetlər Birliyinin dağılmasından sonra başlamışdır. İlk belə zirvə Türkiyə Cümhuriyyətinin prezidenti Turqut Özalın təşəbbüsü və ev sahibliyi ilə 1992-ci ildə Ankarada keçirilmişdir. Bu zirvəyə Azərbaycan prezidenti Əbülfəz Elçibəy, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Əskər Akayev, Özbəkistan prezidenti İslam Kərimov və Türkmənistan prezidenti Saparmurad Niyazov qatılmışlar. Gözlənilənlərin əksinə olaraq, zirvədə geniş miqyaslı qərarlar qəbul olunmadı. Alınmış qərarlar yalnız mədəni sahələrlə məhdudlaşdı: 6 dövlətin mədəniyyət nazirlərinin iclasında TÜRKSOY-un yaradılması və Türk dünyasında elm və mədəniyyət sahəsində böyük xidmətləri olmuş şəxslərinin adlarının birgə anılması qərara alındı.

Növbəti il zirvənin keçirilməsi Bakıda planlaşdırılsa da, bu tədbir baş tutmadı. Buna səbəb MDB dövlət başçıları şurasının iclasının da məhz bu tarixlərə təsadüf etməsi idi. Daha sonra isə məkan İstanbul olaraq dəyişdirildi. 1994-cü ildə İstanbul zirvəsində dövlət başçıları sözügedən tədbirin digər dövlətə qarşı olmadığını vurğuladılar. Təbii ki, digər dövlət anlamında Rusiya Federasiyası nəzərdə tutulurdu. İstanbul zirvəsindən sonra İzmirdə keçirilməsi qərarlaşdırılan Türk Dünyası Qurultayında yenicə müstəqilliyik əldə etmiş Türk dövlət başçıları iştirak etmədilər. Buna səbəb isə yenə də MDB faktoru idi. Liderlər MDB dövlət başçıları şurasının iclasına qatılmalı olduğundan münasibətlərin daha da intensivləşməsi üçün nəzərdə tutulan bu tədbirə təşrif buyurmadılar. Daha sonrakı tədbirlər müvafiq olaraq, Bişkek və Daşkənddə keçirildi. Lakin bu tədbirlərdə Türk dövlətlərinin ortaq birliyi deyil, fərdi fəaliyyətləri ön plana çıxdı. Belə ki, Bişkekdə keçirilən zirvədə Manas dastanı, Daşkənddəki zirvədə isə Əmir Teymurun ildönümü Türk birliyini arxa plana keçirdi.

4-cü zirvəyə qədər “Türk zirvəsi” adlandırılan tədbirlər bundan sonra “Türk Cümhuriyyətləri dövlət başçılarının zirvəsi”, 5-ci zirvədən sonra isə “Türkdilli dövlətlərin dövlət başçılarının zirvəsi” kimi qeyd edilməyə başladı.

Növbəti zirvələr isə 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda keçirildi. Bu tarixə qədər keçirilmiş altı zirvədə müzakirə edilmiş mövzular zirvələrin keçirildiyi şəhərlərin adları ilə adlandırılan bəyanatlar şəklində, Türk və rus dillərində bəyan edilmişdir. Səsləndilirilmiş bəyanatlar əsasən tezislərdən ibarət olmuşdur. Əsas tezislər isə türkdilli dövlətlərin neft və qazın dünya bazarına birgə çıxarılması istiqamətində aparılan işlərlə bağlı məmnuniyyətlərdən, münasibətlərin gələcəkdə daha da gücləndirilməsi, iqtisadi əməkdaşlığın intensivləşdirilməsindən, terror və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı narahatlıqdan, regional problemlər ilə bağlı məsələlərdə BMT və ATƏT kimi təşkilatlarda birgə fəal əməkdaşlıqdan ibarət olmuşdur.

Altıncı zirvədən sonra münasibətlərdə bir sıra problemlər, gərilmələr müşahidə olundu. Belə ki, Özbəkistan və Türkmənistan zirvəyə qarşı soyuq münasibətlər sərgiləməyə başladılar. 2000-ci ildə Bakıda keçirilən zirvədə Türkmənistan və Özbəkistan dövlət başçıları səviyyəsində deyil, məclis başçıları səviyyəsində təmsil olundular. 2001-ci ildə isə Özbəkistan digər dövlətlərdən fərqli olaraq, məclis başçısı səviyyəsində təmsil olundu. Bu tarixdən etibarən münasibətlərdə nəzərə çarpacaq şəkildə qırılmalar olmuşdur. Buna ən bariz nümunə ondan ibarətdir ki, 5 il müddətinə zirvələr keçirilməmişdir. Nəhayət, 2006-cı ildə yenidən Türkiyənin səyləri ilə Antalyada növbəti tədbir keçirilmişdir. Bu dəfə isə Türkmənistan səfir səviyyəsində təmsil edildiyi halda, Özbəkistan zirvəyə qatılmamışdır. Zirvəyə qatılan 4 türk dövlət başçısı bundan yaranmış vəziyyətdən heç də narahat olmadıqlarını, dördlük halında belə zirvələri davam etdirəcəklərini vurğulamışlar. Bundan sonra isə liderlər TÜRKPA adı altında Türk dövlətlərinin parlamentlərinin birliyini hədəfləyən Asssambleyanın yaradılması yolunda fəaliyyət göstərmişlər.

Rusiya Federasiyası isə öz növbəsində bu zirvələrdə müşahidəçi qismində təmsil olunmaq arzusunu bildirmişdir. Təbii ki, bu addım müstəqillik əldə etmiş Türk dövlətlərinin təsir altından çıxmasına imkan verməmək üçün edilmişdir.

Nəhayət, sonuncu iki zirvə müvafiq olaraq, Naxçıvan və İstanbulda keçirilmişdir. Sözügedən 9-cu və 10-cu zirvələr sələflərindən konkretliyinə görə fərqlənmiş, ümumən Türk dünyasının inkişafı üçün əsaslı təşəbbüslər irəli sürülmüş və gerçəkləşdirilmişdir.

Naxçıvan Zirvəsi

2009-cu ildə Naxçıvanda keçirilən tədbirə Özbəkistan xaric digər dövlətlər təmsil olunmuşlar. Artıq burada Türkdilli dövlətlərin dövlət başçılarının zirvəsi institutlaşaraq Türk Şurası adını almışdır. Sözügedən tədbir ümumən Türk dünyasının müasir dövrdəki tarixində, eləcə də Azərbaycanın xarici siyasətində kifayət qədər diqqətəlayiq bir yer tutur. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev, Türkmənistanın baş nazirinin müavini Xıdır Saparlıyev iştirak etmişlər. Sammitdə nə Özbəkistan prezidenti İslam Kərimov, nə də onun rəsmi nümayəndəsi iştirak etməmişdir. Sammitdə dövlətlərin fəaliyyəti əsasən aşağıdakılardan ibarət idi:

  • İlham Əliyev sammitdə iştirak edərək erməni-türk yaxınlaşması ərəfəsində Türkiyəyə öz ölkəsinin maraqlarını xatırladır, Türkiyənin diplomatik, iqtisadi və s. himayəsində olan Naxçıvan muxtariyyəti üzərində suverenliyini bir daha təsdiq edir, Qazaxıstan və Moskva ilə enerji marşrutlarıyla bağlı sövdələşmələrdə və Xəzərdə İran və Türkmənistanla rəqabətdə mövqelərini gücləndirmək üçün xüsusi əlaqələr qururdu.
  • Abdullah Gülün əsas vəzifəsi Türkiyənin Orta Asiyadakı mövqelərini yenidən bərpa etmək, erməni-türk yaxınlaşması ilə əlaqədar rəsmi Bakının narahatçılıqlarını aradan qaldırmaq idi.
  • Nursultan Nazarbayevin vəzifəsi Xəzər dənizi vasitəsilə ilə enerji resurslarının çatdırılması haqda rəsmi Bakı ilə imzalanmış razılaşmaların iqtisadi zəifliyini siyasi görüşlərlə kompensasiya etmək idi.
  • Kurmanbek Bakiyev Qazaxıstanın siyasətini izləyirdi.
  • Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun təmsilçisi isə mümkün səviyyədə Berdımuhəmmədovun böyüklüyünü, Aşqabadın Bakıya qarşı münasibətindəki soyuqluğu, Türkiyənin və Türkmənistanın yükək səviyyəli əlaqələri haqda pafos nümayiş etdirmişdir.

Naxçıvan sammiti Türkdilli dövlətlərin əməkdaşlıq Şurasının yaradılması haqda qərar və Azərbaycan prezidentinin çıxışı ilə yekunlaşdı.

Eyni zamanda TÜRKPA-nın iclası olmuş, Assambleyanın nizamnaməsi qəbul olunmuş, katibliyi yaradılmış, büdcəsi müəyyən edilmişdir. Naxçıvan bəyannaməsinin əsas müddəaları aşağıdakılardır:

  • “Türkdilli dövlətlərin əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”nin imzalanması;
  • Tərəflər beynəlxalq birliyin Əfqanıstana yardım proqramlarında və onun iqtisadiyyatının bərpası üzrə birgə layihələrin həyata keçirilməsində hamılıqla iştirak etmək qətiyyətlərini ifadə edirlər. Bununla əlaqədar, tərəflər əfqan tənzimlənməsi üzrə Türkdilli dövlətlərin bütün təşəbbüslərini, xüsusilə də Qırğız Respublikasının “Bişkek təşəbbüsləri”ni alqışlayırlar.
  • İraqın suverenliyinin və ərazi bütövlüyünün saxlanmasına və bütün İraq cəmiyyətinin ayrılmaz hissəsi olan Türk mənşəli icmanın hüquq və azadlıqlarının təminatının zəruriliyinə diqqət yetirdilər.
  • Asiyada təhlükəsizlik məsələləri üzrə dialoq və əməkdaşlığın inkişafında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) töhfəsinin vacibliyini qeyd etdilər və Qazaxıstanın sədrliyi dövründə AQEM-in institusionallaşma yolunda əhəmiyyətli irəliləyişə nail olduğunu vurğuladılar, Türkiyə Cümhuriyyətinin AQEM-də 2010-2012-ci illərdə sədrliyinə tam dəstəklərini ifadə etdilər.
  • Türkiyənin Avrasiya məkanında mühüm dövlət olmasını, onun Avropa İttifaqına üzvlüyünün bütövlükdə regionun inkişafı üçün siyasi, iqtisadi və sosial təkan olacağını, Türkiyənin Avropa İttifaqına üzvlüyü prosesində əldə etmiş olduğu irəliləyişi razılıqla qeyd etdilər.
  • BMT-nin müəyyən olunmuş meyarları əsasında yaradılacaq yeni tərəfdaşlıq çərçivəsində Kipr probleminin həllinə öz ümidlərini ifadə edərək, iki tərəf arasında Kiprdə tənzimlənmə üzrə hərtərəfli danışıqların davam etdirilməsini, həmçinin Kipr türklərinin təcridinin təxirə salınmadan aradan qaldırılması ilə əlaqədar BMT Baş Katibinin çağırışları və İslam Konfransı Təşkilatının (İKT) qətnamələrini dəstəklədilər.
  • Tərəflər İKT-nin səmərəliliyinin artırılması məqsədilə İKT strukturları çərçivəsində çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün birgə səylərin göstərilməsinin vacibliyini vurğuladılar və İKT Xarici İşlər Nazirləri Şurasında 2011-ci ildə nəzərdə tutulan Qazaxıstan Respublikasının sədrliyini alqışladılar.
  • 2011-ci ildə BMT Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində keçiriləcək 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərin gedişində Azərbaycan Respublikası və Qırğızıstan Respublikasının namizədliklərinin ən ciddi şəkildə nəzərdən keçirilməsi niyyətlərini təsdiq etdilər.
  • Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri ilə bağlı narahatlıqlarını təsdiq etdilər, sabitlik və regional əməkdaşlıq üçün maneələrdən biri olan bu münaqişənin ərazi bütövlüyü, Azərbaycanın Respublikasının sərhədlərinin toxunulmazlığı və beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll edilməsinin vacibliyini qeyd etdilər; Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin Avrasiya məkanında sülh, sabitlik və rifahın təmin edilməsi istiqamətində əhəmiyyətli irəliləyiş olacağına əmin olduqlarını bir daha təsdiq etdilər.
  • Daha yüksək mədəniyyətlərarası qarşılıqlı anlaşmanın və dinlərarası dialoqun təşviqinə və dünyanın müxtəlif mədəniyyətləri arasında qarşılıqlı hörmət, sülhün inkişafı, harmoniya və qarşılıqlı anlaşma mühitinin yaradılmasına yönəlmiş, BMT-nin təşəbbüsü olan Sivilizasiya Alyansının, habelə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü olan Dünyəvi və Ənənəvi Dinlər Liderlərinin Konqresinin töhfəsini məmnuniyyətlə qeyd etdilər.
  • İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Türkdilli dövlətlərin əməkdaşlığının bu təşkilatın gücləndirilməsi, iqtisadi sabitliyin yaradılması və regionda rifahın artırılmasına töhfə verilməsi məqsədilə davam etdiriləcəyini təsdiq etdilər.
  • Qardaş xalqları təmsil edən parlamentlər arasında əməkdaşlığın dərinləşməsinə yönəlmiş bir fəaliyyət göstərən Türkdilli ölkələrin Parlament Assambleyasına öz dəstəklərini ifadə etdilər.
  • Terrorizm, insan alveri, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qanunsuz silah alveri də daxil olmaqla cinayətkarlıq, eləcə də beynəlxalq təhlükəsizliyə təhlükə törədən digər təhdid və çağırışlara qarşı mübarizədə əməkdaşlıq və birgə fəaliyyətin əhəmiyyətini vurğuladılar. Bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə öz aralarında, beynəlxalq təşkilat və forumlarla qarşılıqlı fəaliyyət göstərmək niyyətlərini bir daha təsdiqlədilər.
  • Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısında imzalanmış “Türkdilli dövlətlərin əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi” əsasında təsis edilmiş Türkdilli dövlətlərin əməkdaşlıq Şurasının Türkdilli dövlətlər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində yeni mərhələni müəyyən etdiyini qeyd etdilər.
  • Tarixi əlaqələrə söykənən Türkdilli dövlətlər arasında mövcud olan yüksək səviyyəli təmaslar dostluq və mehriban qonşuluq ruhunda həyata keçirilir və Türkdilli dövlətlərin maraqlarına cavab verir. Tərəflər ümumi mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi və beynəlxalq müstəvidə təbliğatı sahəsində sıx əməkdaşlığın inkişafı üçün səy göstərəcəklərini bildirdilər.
  • TÜRKSOY-un Türk dünyasının ümumi dəyərlərinin müəyyən edilməsi, inkişafı, beynəlxalq səviyyədə yayılması və populyarlaşdırılmasında vacib rol oynadığını vurğuladılar, eləcə də onun Türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşməsinə töhfəsini yüksək qiymətləndirdilər. Bununla əlaqədar, onlar Türkdilli ölkələrin xalqlarının dil, mədəniyyət və mənəvi dəyərlərinin ümumiliyinə əsaslanan əlaqələrin və əməkdaşlığın daha da möhkəmləndirilməsində TÜRKSOY-un əhəmiyyətini qeyd etdilər.
  • Dünya sivilizasiyasının inkişafına əhəmiyyətli töhfə vermiş zəngin Türk mədəni irsinin qorunması və dəstəklənməsi üzrə TÜRKSOY Fondunun yaradılması barədə Azərbaycan Respublikası prezidentinin təşəbbüsünü yekdilliklə dəstəklədilər. TÜRKSOY Fondunun yaradılması və fəaliyyəti ilə bağlı təşkilati məsələlərin həlli tərəflərin hökumətlərinə həvalə olundu.

İstanbul Zirvəsi

2010-cu ildə Ankarada Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Roza Otunbayeva, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov Türkdilli dövlətlərin 10-cu sammitində iştirak etmişlər. Türkdilli dövlətlərin əməkdaşlıq şurasının Katibliyinin, Ağsaqqallar Şurasının, həmçinin Türk Akademiyasının fəaliyyəti müzakirə olunmuş, regional sülh və təhlükəsizliyinin saxlanılması, iqtisadi əməkdaşlığın inkişafı, Qırğızıstandakı vəziyyətin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Sammitin gedişində liderlər Katibliyə baş katib vəzifəsinə Türkiyənin Rusiyada səfiri olmuş Xəlil Əkinçinin seçilməsinə razılıq verdilər. Liderlər Bakıda Türkdilli mədəniyyətin dəstəklənməsi və Türkdilli irsin qorunub saxlanması üçün fond yaradılması fikrini dəstəklədilər. Həmçinin 2011-ci ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistanın müstəqilliyinin 20 illiyinin qeyd olunması və Aşqabadda Türkdilli xalqların festivalının keçirilməsi qərara alındı. Bundan başqa, dövlətlərin liderləri 31 may 2010-cu ildə İsrailin Sülh donanmasına hücumundan təəssüfləndiyini qeyd etmişlər. Liderlər həmçinin, iqtisadi əməkdaşlığı stimullaşdırmaq üçün İşgüzar Şuranın yaradılması barədə razılığa gəldilər və İstanbulda “Türkdilli dövlətlərin inkişaf bankı”nın və neftlə bağlı olmayan sahələrin inkişafının dəstəklənməsi üçün sığorta şirkətinin yaradılmasının mümkün olub-olmamasını araşdırmağı qərara aldılar. Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının birinci sammiti 2011-ci ildə Qazaxıstanda, ikinci yüksək səviyyəli görüşü 2012-ci ildə Qırğızıstanda keciriləcək. İstanbul bəyannaməsinin əsas müddəaları aşağıdakılardır:

  • 27 iyun 2010-cu il tarixində Qırğızıstanda keçirilən referendumun uğurla baş tutmasından məmnunluqlarını ifadə etdilər və 10 oktyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkilərinin regional sülh və sabitlik baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, bu keçid dövründə Qırğızıstana dəstək verməyə davam edəcəklərini təsdiq etdilər.
  • Qırğızıstana yardım məqsədilə Qazaxıstan tərəfindən Almatı şəhərində təşkil ediləcək Beynəlxalq Donor Konfransının çağırılmasını dəstəklədilər və beynəlxalq birliyi bu konfransda fəal iştirak etməyə dəvət etdilər.
  • Terrorçuluq, ekstremizm, insan alveri və qeyri-qanuni miqrasiya, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq, həmçinin qeyri-qanuni silah alveri də daxil olmaqla beynəlxalq təhlükəsizliyə təhlükə törədən digər təhdid və çağırışlara qarşı mübarizədə əməkdaşlığın və birgə fəaliyyətin əhəmiyyətini bir daha vurğuladılar və Türkdilli ölkələr arasında və beynəlxalq təşkilatlarla həmrəyliyin vacibliyini bir daha təsdiq etdilər.
  • Türkdilli ölkələr üçün həssas olan məsələlərin regional və beynəlxalq təşkilatların gündəliyində daha intensiv yer tutması məqsədilə beynəlxalq təşkilatlarda birgə mövqenin nümayiş etdirilməsinin əhəmiyyətinə diqqət yetirdilər. Bununla əlaqədar, mühüm beynəlxalq tədbirlərdən əvvəl Türkdilli ölkələr arasında görüşlərin keçirilməsinin və əməkdaşlıq imkanlarının müzakirə edilməsinin Türkdilli ölkələr arasında münasibətləri genişləndirəcəyini və gücləndirəcəyini ifadə etdilər.
  • 2010-cu ildə Qazaxıstanın ATƏT-ə sədrliyə başlamasının və onu uğurla davam etdirməsinin ATƏT-in iştirakçı dövlətləri tərəfindən Qazaxıstana göstərilən etimadın əyani nümayişi olduğunu vurğulayaraq, Qazaxıstanın ATƏT-ə sədrliyinin uğurla davam etdirilməsini arzuladılar.
  • ATƏT-in İstanbul Sammitindən on bir il sonra ilk ATƏT Sammitinin Astanada keçirilməsi qərarı münasibəti ilə Qazaxıstanı təbrik etdilər, həmçinin 2010-cu ildə Qazaxıstanın rəhbərliyi altında Avro-Atlantik və Avrasiya təhlükəsizliyi ilə əlaqədar davam etdirilən dialoqun Astana Sammitində qəbul ediləcək qərarlarla daha da inkişaf etdirilməsinə ümidlərini ifadə etdilər.
  • Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) ortaq dəyərlərin müəyyən edilməsi, zənginləşdirilməsi, yayılması və təşviqində, həmçinin Türkdilli ölkələr və xalqlar arasında mədəni əlaqələrin dərinləşdirilməsində mühüm bir vəzifəni yerinə yetirdiyini vurğuladılar.
  • Dünya sivilizasiyasının inkişafına əhəmiyyətli töhfə vermiş zəngin Türk mədəni irsinin qorunması məqsədilə Bakıda Türk Mədəniyyətinə Dəstək və Türk İrsinin Qorunması Fondunun yaradılması ilə əlaqədar təşəbbüsün həyata keçirilməsinin əhəmiyyətini təsdiqlədilər.
  • 2012-ci ildə Astananın Türk Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı TÜRKSOY-un təklifini dəstəklədilər.
  • Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Katibliyinin Bakıda fəaliyyətə başlamasından duyduqları məmnuniyyəti ifadə etdilər və TürkPAnın Türkdilli ölkələrin parlamentləri ilə digər ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd etdilər.
  • Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi” əsasında təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlər arasında əməkdaşlığa təşkilati xüsusiyyət qazandıracağından və regional əməkdaşlığa müsbət töhfə verəcəyindən əmin olduqlarını bildirdilər.
  • İqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Türkdilli Dövlətlərin Biznes Şurasının yaradılması barədə razılığa gəldilər. Qeyri-neft sektorunun inkişafına dəstək və özəl sektor üçün yeni imkanların yaradılması məqsədilə birgə Sığorta Şirkətinin və İstanbulda Türkdilli Dövlətlərin İnkişaf Bankının yaradılması imkanlarını araşdırmağı qərara aldılar.
  • 2012-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulan Bakı-Tiflis-Qars dəmiryolu xəttinin Türkdilli ölkələr arasında nəqliyyat əlaqələrini asanlaşdıracağını, eyni zamanda Avrasiya regionunda ticarət həcmini artıracağını, regional inkişaf və iqtisadi inteqrasiyanı sürətləndirəcəyini qeyd etdilər və dəmiryolu xəttinin ən qısa müddətdə fəaliyyətə başlamasının zəruriliyini vurğuladılar.
  • Astana şəhərində Türk Akademiyasının açılmasından məmnunluqlarını ifadə etdilər və elm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin və Türkdilli ölkələrin elmi potensialının ortaya çıxarılmasının əhəmiyyətini qeyd etdilər.
  • Türkologiya elmi sahəsində elmi resursların, etno-mədəniyyətin və etnoturizmin təşviqinin əhəmiyyətini etiraf edərək, Türkologiya elminin geniş şəkildə anlaşılması və inkişaf etdirilməsi məqsədilə Türk Tarixi Muzeyinin və “Türk Akademiyası” çərçivəsində Türk Kitabxanasının yaradılması təşəbbüsünü dəstəkləyərək, Türk Akademiyası beynəlxalq təşkilatının yaradılmasının zəruriliyini vurğuladılar. Türk Akademiyasının fəaliyyətini dəstəkləmək məqsədilə universitetlər arasında birliyin yaradılmasını və bu məqsədlə universitetlər arasında birgə tədrisi də əhatə edən əməkdaşlıq formalarını təşviq edəcəklərini bildirdilər.
  • Ətraf mühitin mühafizəsinin əhəmiyyətini vurğuladılar və tərəfləri regionda, xüsusilə Aral dənizi hövzəsində ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması və buzlaqların əriməsinin qarşısının alınması üzrə təcili tədbirlər görməyə çağırdılar.
  • Azərbaycanın və Türkiyənin 2010-2014-cü illər üzrə Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının üzvlüyünə namizədliklərini, həmçinin Qırğızıstanın Radio Tənzimləmə Şurasına namizədliyini (“C” regionu üzrə) dəstəkləyəcəklərini bəyan etdilər.
  • 2011-2015-ci illər üzrə BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) İcraedici Şurasının üzvlüyünə 2011-ci ilin oktyabr ayında keçiriləcək seçkilərdə Türkiyənin namizədliyini dəstəkləyəcəklərini təsdiq etdilər.
  • BMT İnsan Hüquqları Şurasının üzvlüyünə Qazaxıstanın namizədliyini 2012-2015-ci illər üzrə 2012-ci ilin may ayında və Türkiyənin namizədliyini 2013-2016-cı illər üzrə 2013-cü ilin may ayında keçiriləcək seçkilərdə dəstəkləyəcəklərini ifadə etdilər.
  • BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə Azərbaycanın və Qırğızıstanın 2012-2013-cü illər üzrə 2011-ci ildə və Qazaxıstanın 2017-2018-ci illər üzrə 2016-cı ildə keçiriləcək seçkilərdə namizədliklərinin ciddi şəkildə nəzərdən keçirilməsi niyyətlərini təsdiq etdilər.
  • BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvlüyünə Türkmənistanın namizədliyini 2012-2013-cü illər üzrə 2011-ci ildə və Qırğızıstanın namizədliyini 2013-2015-ci illər üzrə 2012-ci ildə keçiriləcək seçkilərdə dəstəkləyəcəklərini ifadə etdilər.
  • Əfqanıstanda sabitlik və yenidənqurmanın təmin edilərək onun qonşu ölkələrlə sülh və əməkdaşlıq şəraitində yaşamasını dəstəklədiklərini ifadə etdilər. 18 sentyabr 2010-cu il tarixində Əfqanıstanda keçiriləcək parlament seçkilərinin ölkədə milli birlik və həmrəyliyin möhkəmləndirməsinə və ictimai barışa töhfə verəcəyinə ümidvar olduqlarını bildirdilər. “Asiyanın qəlbində” dostluq və əməkdaşlıq üçün İstanbul Bəyanatı”nda qeyd olunmuş yanaşma əsasında Əfqanıstanda regional əməkdaşlıq və əlaqələrin təşviqinə dinc vasitələrlə töhfə vermək niyyətlərini ifadə etdilər.
  • 31 may 2010-cu il tarixində İsrail tərəfindən Qəzzaya humanitar yardım aparan gəmi karvanına qarşı beynəlxalq sularda həyata keçirilən və 9 dinc şəxsin öldürülməsi ilə nəticələnən basqına dərindən təəssüfləndilər. Regional sülh və təhlükəsizliyi təhdid edən bu cür hadisələrin təkrarlanmasının qarşısının alınması və beynəlxalq hüquqa hörmət anlayışının həyata keçirilməsi məqsədilə sözügedən hadisənin təhqiqatı üçün BMT-nin Baş katibi Ban Ki-Mun tərəfindən yaradılmış Təhqiqat Qrupunun vəzifəsini BMT Təhlükəsizlik Şurası sədrinin 1 iyun 2010-cu il tarixli Bəyanatına müvafiq şəkildə beynəlxalq standartlara uyğun olaraq dərhal, qərəzsiz, etibarlı və şəffaf şəkildə yerinə yetirilməsinə əhəmiyyət verdiklərini vurğuladılar. Təhqiqat Qrupunun işlərinə yardımçı element kimi BMT İnsan Hüquqları Şurası tərəfindən yaradılmış “Fakt-Araşdırma Missiyası”nın fəaliyyətinə dəstəklərini ifadə etdilər.
  • Regional və qlobal sülh və sabitlik üçün İranın nüvə proqramı ilə bağlı fikir ayrılığının dialoq və diplomatiya vasitəsilə həllinin əhəmiyyətini vurğuladılar, 17 may 2010-cu il tarixində Tehranda imzalanmış Birgə Bəyannamənin həyata keçirilməsinin fikir ayrılığının hərtərəfli və yekun həlli üçün zəruri dialoq mühitinin yaradılmasına töhfə verəcəyinə inandıqlarını bildirdilər və beynəlxalq birliyi bu fürsətdən ən yaxşı şəkildə istifadə etməyə çağırdılar.
  • Kiprdə iki tərəf arasında davam edən hərtərəfli tənzimləmə danışıqlarına dəstəklərini qeyd etdilər və Kipr liderlərinin birgə bəyanatlarında müəyyən edilmiş çərçivədə yaradılmış yeni Tərəfdaşlıq ilə BMT Baş katibinin 11 may 2010-cu il tarixli xoşməramlı missiyası məruzəsində göstərilən məqsədlər istiqamətində 2010-cu ilin sonunadək hərtərəfli həllin əldə edilməsinə ümidlərini ifadə etdilər, Kipr türklərinin beynəlxalq arenada hər hansı hüquqi əsası olmayan təcridinin təxirə salınmadan aradan qaldırılması ilə əlaqədar BMT və İKT tərəfindən edilən müraciətləri dəstəklədilər.
  • Davamlı sabitliyə və regional əməkdaşlığa əsas maneələrdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həll edilməsinin vacib olduğunu qeyd etdilər və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin Avrasiya məkanında sülh, sabitlik və rifahın təmin edilməsi istiqamətində mühüm tərəqqi olacağına əminliklərini təsdiq etdilər.
  • BMT-nin təşəbbüsü olan və mədəniyyətlər arasında qarşılıqlı hörmət, harmoniya və tolerantlıq mühitinin artırılması məqsədini güdən Sivilizasiyalar Alyansına dəstək verdiklərini və Türkdilli ölkələrin Alyansın işinə göstərdikləri yaxın münasibətdən məmnun qaldıqlarını ifadə etdilər.
  • 26-29 aprel 2010-cu il tarixində Azərbaycanda keçirilmiş Dini Liderlərin Ümumdünya Sammitinin və Qazaxıstanın rəhbərliyi altında Dünyəvi və Ənənəvi Din Liderlərinin Konqresinin müxtəlif mədəniyyətlər və etiqadlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə verdiyi töhfəni məmnuniyyətlə qeyd etdilər.
  • Naxçıvan Sazişinin imzalanma gününün (3 oktyabr) Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilməsini qərara aldılar.
  • Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin əldə edilməsinin 20-ci ildönümünü 2011-ci ildə birgə tədbirlər təşkil etməklə qeyd etməyi qərara aldılar. Bu çərçivədə 2011-ci ildə Aşqabadda Türkdilli ölkələrin mədəniyyət festivalının keçirilməsi barədə Türkmənistanın təklifini məmnuniyyətlə qarşıladılar.

Zirvələrin hədəf və perspektivləri aşağıdakılardır:

  • Daimi fəaliyyət göstərən katiblik yaratmaq;
  • Türk dünyasının ortaq əlifbasını yaratmaq;
  • Türk ləhçələrinin qarşılıqlı lüğətini hazırlamaq;
  • Ortaq Türk tarixi kitabını və antologiyasını yaratmaq;
  • Ortak Türk tarixi institutu qurmaq;
  • Türk dünyasını bir-birinə bağlayacaq enerji siyasətini həyata keçirmək;
  • İstanbul-Almata dəmir yolu xətti layihəsini reallaşdırmaq və Türk dünyasının nəqliyyat zəncirinə Bişkeki də qoşmaq, Bakı-Tiflis-Axalkalaki-Qars dəmir yolunun inşasına dəstəyi artırmaq;
  • İpək yolunun real olaraq canlandırılması;
  • Təhsil Nazirlikləri və universitetlər arasında əməkdaşlığı ən üst səviyyəyə qaldırmaq;
  • Qarşılıqlı təqaüdlü tələbə və şagird mübadiləsini həyata keçirmək və s.
Bu yazını Facebookda şərh et