DÜNYA, SƏNƏ LƏNƏT OLSUN!

Doğulandan gözümüzə qara görünüb sifətin,
Ağ günü qara eyləyən dünya, sənə lənət olsun!
Başlanğıcdan qara gəldi hər istəyin, hər niyyətin
İstəkləri puç eyləyən dünya, sənə lənət olsun!
***
Balanı anadan aldın, yetim qoydun kimsəsizi,
Yetimlərin bu dünyada görünmədi ayaq izi.
Aslanlara padşah etdin sürünən cirkin ilbizi
Namərdləri qazandıran dünya, sənə lənət olsun!
***
Sən qırdırdın insanları taxt uğrunda, söz uğrunda,
Dahiləri sən çürütdün zülmət soyuq zindanında.
Xeyr və Şər qan axıtdı, qalib gəldi Şər sonunda,
Şər qoluna qüvvət verən dünya, sənə lənət olsun!
***
Əvvəl istək, arzu verdin sənə inanan hər kəsə,
Sonra şəri, xəyanəti qızışdırıb saldın bəhsə,
Arzu, istək puç olanda, vəd elədin sən Cənnəti,
Cənnət deyil, cəhənnəmsən, dünya, sənə lənət olsun!
***
Dostu dosta qarşı qoydun, yetişdirdin namərdləri,
Atasına, anasına zülm edən naxələfləri.
Məclisdə başda oturtdun vicdansız, şərəfsizləri
Vicdanlara zindan olan dünya, sənə lənət olsun!
***
Tez qopardın bu həyatdan təmiz, müdrik insanları,
Axmaq, qəddar insanlara ömür verdin ömür qədər.
Danışanda Haqqam dedin, haqq olmadın zərrə qədər,
Nahaqqı haqq adlandıran dünya, sənə lənət olsun!
***
İndi gəlib yapışmısan biz gənclərin yaxasından,
Eyiblərin üzə çıxıb, ağ seçilir qarasından.
Əhməd bilir nə dünyasan, xəbəri var olasından,
Əhmədləri bir-bir udan dünya, sənə lənət olsun!
Əhməd ŞAHİDOV
31 Oktyabr 2010-cu il, saat 04:45, Bakı, Azərbaycan
Bu yazını Facebookda şərh et