GƏNC ALİMİN ÇIXIŞI ƏCNƏBİ QONAQLARIN CİDDİ MARAĞINA SƏBƏB OLDU

Əhməd Şahidov Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində çıxış etdi
Oktyabrın 20-də Türkiyənin Çanaqqala şəhərində beynəlxalq elmi konfrans öz işinə başladı. Çanaqqala On Səkkiz Mart Universitetində keçirilən bu beynəlxalq tədbir öz möhtəşəmliyi ilə diqqəti çəkirdi. “Beynəlxalq problemlər çərçivəsində universitetlərin yeni hədəf və vəzifələri nələr olmalıdır?” adlı bu konfransda iki mindən artıq elm adamı, ictimai-siyasi xadimlər, politoloqlar iştirak edirdi. Dünyanın müxtəlif ölkələrindən – ABŞ, Türkiyə, Rusiya, Gürcüstan, Pakistan, Hindistan, Böyük Britaniya, Avstraliya, Almaniya və digər ölkələrdən də yüzlərlə iştirakçının qatıldığı bu tədbirdə Azərbaycanı Bakı Slavyan Universitetinin gənc alimi, Rusiya Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi, fəlsəfə doktoru Əhməd Şahidov təmsil edirdi.


20-24 Oktyabr 2010-cu il, Çanaqqala şəhəri, Türkiyə Cümhuriyyəti – “Beynəlxalq problemlər çərçivəsində universitetlərin yeni hədəf və vəzifələri nələr olmalıdır?” adlı dünya universitetləri konfransı; Çıxışımın mövzusu: “Beynəlxalq terrorla birgə mübarizə”

“Beynəlxalq terrorla birgə mübarizədə intellektual metodların tətbiqi” mövzusunda çıxış edən Əhməd Şahidov konfrans barədə bəzi maraqlı məqamları açıqladı. Onun sözlərinə görə,  dünyanı cənginə alan qlobal problemlərdən biri də aclıq və yoxsulluqdur ki, bunun da qarşısının alınması üçün 400 milyard dollar gərəkməkdədir. İlk baxışdan külli miqdarda görünən bu məbləğ əslində dünyada baş verən silahlanmaya sərf olunan maliyyə vəsaitinin üçdə birisi qədərdir. Bir gündə dünyada acından ölən insanların sayı 20 000 nəfər olduğu halda, təkcə ABŞ-da gün ərzində 40 milyard dollar sadəcə diet üçün xərclənir. Aclıq və yoxsulluğun sürətlə yayılmasının əsas səbəbi isə müharibələrdir. Deməli, dünyada barışın təmin edilməsiylə aclıq və yoxsulluğu aradan qaldırmaq mümkün olacaq.
Konfransı giriş sözü ilə açan Çanaqqala On Səkkiz Mart Universitetinin rektoru professor dr. Əli Akdemir bildirdi ki, mövzu və iştirakçı sayına görə, nəinki Türkiyədə, eləcə də bütün dünyada ilk dəfə təşkil olunan bu beynəlxalq konfransa dünyanın aparıcı universitetlərinin rektorları, professor və alim heyəti qatılmışdır. Tədbirin rəsmi hissəsinda Türkiyənin nəqliyyat naziri Binali Yıldırım, ŞKTC milli təhsil, gənclik və idman naziri Nazim Çavuşoğlu və YÖK başqanı professor dr. Yusif Ziya Özcan da çıxış etdilər.
Konfrans daha sonra bölmələrdə işini davam etdirdi. BSU-nun gənc alimi Əhməd Şahidov “Qlobaq terrorla mübarizə” bölməsində çıxış edirdi. Onun çıxışını dinləməyə gələnlər demək olar ki, zalı doldurmuşdular. Onların arasında Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Almaniya və digər ölkələrin də nümayəndələri var idi. Əhməd Şahidovun sözlərinə görə, adamların çox olması onda bir qədər həyəcan hissləri yaratsa da, çıxışını planlaşdırdığı kimi etməyə nail oldu: “Konfransın proqramında təhsil aldığım Kreml Akademiyasının adı qeyd olunduğundan çıxışımı izləmək istəyənlər başqalarına nisbətən daha çox idi və bu, məndə bir qədər qorxu və həyəcan hissi yaratdı. Çıxışıma başladıqda ərazisinin 20%-i Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan adlı məmləkətdən gəldiyimi zaldakı insanların diqqətinə çatdırdım. Dağlıq Qarabağ konflikti barədə, Azərbaycanın üzləşdiyi erməni terroru barədə danışdım, daha sonra ADNA-dakı terror aktına diqqəti çəkdim. Dünyada terroru dolayısıyla dəstəkləyən və terror aktlarının törədilməsinə zəmin yaradan ölkələr arasında ABŞ, Rusiya və İranın adını çəkməyim zaldakılar arasında ciddi debatlara səbəb oldu. Rusiyanın Pyatiqorsk Dövlət Dillər Universitetinin professoru, həmin universitetin Şimali Qafqaz araşdırmaları mərkəzinin rəhbəri Viktor Panin mənim çıxışıma etiraz etdi və söylədiyim fikirləri arqumentləşdirməyimi xahiş etdi. Mən də öz növbəmdə bildirdim ki, Ermənistan Respublikası hal-hazırda Azərbaycanın 20% ərazisini işğal altında saxlamaqdadır. Və bu işğalı Rusiyadan ucuz qiymətə, demək olar ki, su qiymətinə aldığı silahlarla təmin etməkdədir. Azərbaycan əslində qarşısında Ermənistanı deyil, real olaraq, Rusiya Federasiyasını görməkdədir.”
Bu sözlərdən sonra Viktor Panin və Əhməd Şahidov arasında rus dilində qarşılıqlı debat başladı. Professor Viktor Panin bildirdi ki, Rusiya istehsal etdiyi silahları istənilən ölkəyə, o cümlədən Ermənistana satmaq hüququna malikdir. Ə.Şahidov isə “terrorçunu dəstəkləyən özü də terrorçudur” fikrini səsləndirmiş və bundan sonra zaldakı dinləyicilərin sürəkli alqışları ilə qarşılaşmışdır: “Rusiyadan olan alimlərin qarşısında rusca danışmağım, daha sonra fikirlərimi Türk və ingilis dillərində təkrarən səsləndirməyim böyük coşquyla qarşılandı. Ən yadda qalan məqam isə mənim bucür kəskin çıxışımdan sonra zalda lap arxada oturan azərbaycanlı bir xanımın göz yaşlarını saxlaya bilməyib ağlaması oldu. Artıq 20 ildir ki, Türkiyədə yaşayan Sədaqət Zeynalova adlı bu xanımla tədbirdən sonra qısa bir söhbətim oldu. O xanımın hər kəlməsində Azərbaycan həsrətini, Vətən sevgisini duyurdum. Mənimlə sadəcə söhbət etmək istədiyini və mənim danışığımda həzin Bakı küləyini, Azərbaycan havasını duyduğunu söyləyən bu xanım mənim Azərbaycana olan sevgimi birə beş artırdı. Ölkəmizdən kənarda bucür vətənpərvər insanlarımızın olmasından qürur hissi keçirdim”.
Sonda gələcək planları barədə danışan Əhməd Şahidov bildirdi ki, hal-hazırda Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətini uğurla davam etdirməkdədir. İlin sonuna qədər bir-neçə kitabının nəşr olunacağını vurğulayan Əhməd bəy gələn il keçiriləcək beynəlxalq elmi konfranslar üçün də artıq indidən dəvətlər aldığını söylədi.
Xəbər xidməti
[flickr-gallery mode=”photoset” photoset=”72157625079391499″]
Bu yazını Facebookda şərh et