Türk dövlətlərinin xarici siyasət konturları və xarici diplomatik nümayəndəlikləri

Türk dövlətlərinin xarici siyasətinin əsas konturları və bu siyasəti yürüdən qurumlar, xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər – səfirlik, konsulluq və mədəniyyət mərkəzləri. Xarici diplomatik nümayəndəliklərin fəaliyyət istiqamətləri və yayıldığı ölkələr

TÜRKİYƏ

Türkiyə Respublikası quruluşundan bugünə kimi Mustafa Kamal Atatürkün “Yurdda Sulh, Cihanda Sulh” prinsipi əsasında sülhpərvər, həqiqi və ardıcıl xarici siyasət yürütmüşdür. Türkiyə demokratik və dünyəvi siyasi sistemi, dinamik iqtisadiyyatı və çağdaşlığı ilə öz bölgəsində və ətrafında təhlükəsizlik və sabitlik təmin edən bir xarici siyasət yürütməkdədir.

Türk xarici siyasətinin başlıca məqsədi həm Türkiyədə, həm də ətrafında sülh və rifah üzərində qurulmuş, sabit, əməkdaşlığa söykənən və bəşəri tərəqqini təmin edəcək bir mühitin yaradılmasıdır.

Türk xarici siyasəti ənənəvi olaraq, ölkə təhlükəsizliyinin təmin edilməsini, milli maraqların tarixdən gələn və gələcəyə uzanan bir perspektiv içində qorunub inkişaf etdirilməsini, inkişaf və rifah üçün lazımi xarici resursların yaradılmasını, Türkiyənin müasir dünya içindəki yerinin mühafizəsini və gücləndirilməsini hədəfləmiş, bütün bu hədəfləri, başda qonşular olmaqla, bütün ölkələrlə yaxşı əlaqələr və əməkdaşlığın təsisi, beynəlxalq sülh, sabitlik, təhlükəsizlik və rifaha töhfə göstərilməsi yolu ilə reallaşdırmağı qarşı məqsəd kim qoymuşdur.

1990-cı illərin əvvəlində yaşanmağa başlayan sürətli qlobal siyasi dəyişmə dünyada sabit sülh ümidini canlandırmış, ancaq gələcək üçün bəzi qeyri-müəyyənlikləri və yeni riskləri də özü ilə gətirmişdir. Terrorizm, kütləvi qırğın silahlarının yayılma təhlükəsi, transmilli cinayət şəbəkələrinin fəaliyyəti və qeyri-qanuni miqrasiya kimi problemlər qlobal sülhü getdikcə daha çox təhdid edir. Ətraf mühitin və iqlim tarazlıqlarının pozulması, yerli iqtisadi problemlərin qısa müddətdə qlobal böhranlara çevrilməsi və müəyyən dairələrin cəmiyyətlər arasındakı mədəni qarşıdurmaları qızışdırmaq səyləri təcili olaraq həll olunması zəruri olan qlobal məsələlər olaraq ortaya çıxmışdır.

Beynəlxalq münasibətlərin içində olduğu bu kövrək mühitdə, demokratikləşmə, plüralizm, davamlı inkişaf, humanitar inkişaf və mədəniyyətlər arasında qarşılıqlı anlaşma, uyğunlaşma və tolerantlığın təsisi kimi mövzular əhəmiyyət və prioritet qazanmış; problemlərə beynəlxalq hüquq və səmərəli çox tərəflilik anlayışları əsasında çıxış yolu tapmaq ehtiyacı daha da diqqətə çarpmağa başlamışdır.

Bu qlobal mühitdə Türkiyə dünyada və yaxın ətrafında sülhün qurulması və qorunması ilə sabitlik və rifahın artırılması istiqamətində çox ölçülü, hədəf mərkəzli, praqmatik, sağlam fikirli və insancıl bir xarici siyasət tətbiq edir. Bu çərçivədə Türkiyə transatlantik bağlarına xüsusi əhəmiyyət verməkdə, üzvü olduğu NATO İttifaqının beynəlxalq sülh və sabitliyin qorumağa istiqamətli işlərində fəal iştirak etməkdə, inkişaf etmiş ölkələrlə əlaqələrini gücləndirməyə davam etməkdə, AB üzvlüyü istiqamətində qətiyyətlə irəliləməkdə, üçüncü ölkələrə öz aralarındakı problemləri aradan qaldırmaq üçün köməkçi olmaqda və yeni açılımlarla xarici siyasət sahəsində fəaliyyəti getdikcə artan güclü bir profil çəkməkdədir.

Türkiyəni əhatə edən bölgələrdən Orta Şərq və Qafqaz sülh və sabitlik üçün göstərilən bütün səylərə baxmayaraq, hələ də hər an alovlanacaq ağır problemlərə malikdir. Balkanlarda isə vəziyyət kəskinliyini qorumaqdadır. Bu səbəbdən qəbul edilmiş fəal və önləyici xarici siyasət anlayışı Türkiyə üçün şüurlu bir seçim olduğu qədər, eyni zamanda regional problemlərin yaratdığı bir zərurətdir.

Bu çərçivədə Türkiyə çətin şərtlər altında olanlara humanitar yardım, sülhü qoruma əməliyyatlarında iştirak, mübahisələrin həlli ilə qarşıdurma sonrası uzlaşma və yenidən konfiqurasiya cəhdlərinə dəstək kimi ünsürləri də ehtiva edən geniş bir şəkildə sülhpərvər, prinsipial və səmərəli bir xarici siyasət icra etməkdədir.

Türkiyənin fərqli funksiya və coğrafi əhatə dairəsinə malik bir çox öncül beynəlxalq və regional təşkilatlarla üzvlük, müşahidəçilik və ya dialoq ortaqlığı yolu ilə qurduğu təşkilati əlaqələr, xarici siyasətinin çox ölçülü xüsusiyyətini ən yaxşı şəkildə ortaya qoyur. AB-yə üzvlük cəhdləriylə yanaşı, Türkiyə Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Şimali Antlantik Müqaviləsi Təşkilatı (NATO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Dünya Ticarət Təşkilatının (DTÖ), İslam Konfransı Təşkilatı (İKT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (EİT) kimi müxtəlif təşkilatlara üzvdür. Türkiyə həmçinin “Barselona Prosesi: Aralıq dənizi üçün Birlik” prosesində də yer almaqdadır.

Türk mədəniyyətini, dilini və sənətini dünyada tanıtmaq, Türkiyə ilə digər ölkələr arasında ikitərəfli münasibətlərə töhfə vermək və Türk vətəndaşlarının olduqları ölkəyə uyğunlaşmasına köməkçi olmaq məqsədilə müxtəlif ölkələrdə Türk Mədəniyyət Mərkəzləri yaradılmışdır.

Hazırda Almaniya (Berlin, Frankfurt), İran (Tehran), İraq (Bağdad), İsrail (Qüds), Küveyt (paytaxt Küveyt), Suriya (Dəməşq, Hələb), Türkmənistan (Aşqabad), İordaniya (Amman) Türk Mədəniyyət Mərkəzləri fəaliyyət göstərməkdədir.

2007-ci ildə qüvvəyə minmiş Yunus Emre Fondu Qanunu çərçivəsində Türkiyəni, onun mədəni irsini, Türk dilini, mədəniyyətini və sənətini tanıtmaq, Türkiyənin digər ölkələr ilə dostluğunu inkişaf etdirmək, mədəni mübadiləsini artırmaq, bununla əlaqədar ölkə daxili və xaricdəki məlumat və sənədləri dünyanın istifadəsinə vermək, Türk dili, mədəniyyəti və sənəti sahələrində təhsil almaq istəyənlərə xaricdə imkan yaratmaq məqsədilə təsis edilən Yunus Emre İnstitutu tərəfindən xaricdə Yunus Emre Türk Mədəniyyət Mərkəzləri təşkil olunmuşdur.

Bu çərçivədə 2009-cu ildə Bosniya və Hersoqovina (Sarayevo) və Albaniyada (Tiran),  2010-cu ildə isə Misir (Qahirə), Makedoniya (Skopye) və Qazaxıstanda (Astana) bir Yunus Emre Türk Mədəniyyət Mərkəzi qurulmuş və mədəni fəaliyyətlərlə yanaşı Türkcə dərslər verilməyə başlanmışdır.

Türkiyə Respublikasının xarici siyasəti uzun bir keçmişə söykənən köklü Osmanlı diplomatiyası ənənəsi üstündə qurulmuşdur.

Osmanlı İmperatorluğunun əsrlər boyu geniş bir coğrafiyada hökm sürməsinin əhəmiyyətli səbəblərindən biri də güclü diplomatiya ənənəsini təsirli bir vasitə olaraq istifadə etməsidir.

XIX əsrə qədər Osmanlı İmperiyasının xarici işləri Rəis-ül Küttapın rəhbərliyində idarə edilməkdə idi. Ancaq Rəis-ül Küttap eyni zamanda dövlət yazışmalarını etmək və dövlətin əsas qeydlərini tutmaq kimi başqa vəzifələri də boynuna götürmüşdü. 1793-cü ildə III Səlim dövründə ilk davamlı səfirlik Londonda açılmış və Yusif Agah Əfəndi ilk davamlı Osmanlı səfiri olaraq təyin edilmişdir. Beləcə Osmanlı Dövləti də davamlı təmsil və qarşılıqlılıq əsaslarına söykənən diplomatiyanı tətbiq etməyə başlamışdır. Avropa ölkələrində fəaliyyət göstərən Osmanlı səfirləri ikitərəfli əlaqələrin həyata keçirilməsindən əlavə, təmsil olunduqları ölkələrlə bağlı məlumatlar ötürməklə, İmperatorluğun qərbləşmə və islahat prosesini sürətləndirmiş, dövlətdə müasirləşmənin öncülləri olmuşlar.

Rəis-ül Küttaplık sisteminin günün diplomatik ehtiyaclarına və şərtlərinə uyğun olaraq qurulması çərçivəsində II Mahmud dövründə əvvəlcə Tərcümə Palatası qurulmuşdur. 1836-ci ildə isə Padşah xarici işlərin çox artmış və əhəmiyyət qazanmış olması səbəbiylə, Rəis-ül Küttaplık statusunu nəzarət səviyyəsinə yüksəltmişdir.

Respublika dövrü Türkiyə xarici siyasətinin təməlləri Milli Mübarizə illərində atılmışdır. 23 Aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılışının dərhal ardından yaradılan ilk Milli Hökumətlə birlikdə “Xaric Vəkaləti” də 2 May 1920-ci il tarixində rəsmi olaraq qurulmuş və başına Bəkir Sami bəy gətirilmişdir. Son dərəcə məhdud imkanlarla qurulan Xaric Vəkaləti Milli Mübarizə dövründə xarici təmasların artan sıxlığıyla birlikdə, bütün çətinliklərə baxmayaraq, fədakar şəkildə vəzifəsini icar etmiş və Lozana gedən müddətdə əhəmiyyətli rol oynamışdır.

Respublikanın qurulmasının ardından Xaric Vəkaləti həm daxili, həm də xarici fəaliyyətini inkişaf etdirməyə başlamışdır. 1927-ci ildə Xaric Vəkaləti təşkilatına dair ilk əhatəli hüquqi tənzimləmə həyata keçirilmiş və 1154 saylı Qanunla nazirliyin bugünkü quruluşunun təməlləri atılmışdır.

Türkiyə Respublikasının 1923-cü ildəki quruluşundan bu yana böyük öndər Atatürkün fikir və prinsipləri Türk Xarici Siyasətinin həyata keçirilməsində rəhbər olmuş, “Yurdda sülh, cahanda sülh” məsəli Türk Xarici Siyasətinin əsas hədəfini meydana gətirmişdir. Bu istiqamətdə Türkiyə 1930-cu illərdən etibarən aktiv və sülhsevər xarici siyasət izləyir.

II Dünya müharibəsindən sonra yaranan beynəlxalq mühit Türk xarici siyasətini və bu səbəbdən nazirliyin quruluş və fəaliyyətini də əhəmiyyətli dərəcədə formalaşdırmışdır. 1945-ci ildən sonra artan xarici iqtisadi əlaqələr və beynəlxalq iqtisadi təşkilatların yayılmasıyla birlikdə bu sahədəki mənafelərin güdülməsi də xarici işlər nazirliyin məqsədlərinə daxil olmuşdur.

Eyni şəkildə, 1945-ci ildən sonra gedərək yayılan beynəlxalq siyasi və iqtisadi əməkdaşlıq və təşkilatlanma səylərinə uyğun olaraq, ikitərəfli əlaqələrin təşkili ilə yanaşı Türkiyə Xarici İşlər Nazirliyinin funksiyaları arasında çoxtərəfli siyasi və iqtisadi işlər də önəmli bir yer almışdır. Çoxtərəfli diplomatiya fəaliyyətlərinin və beynəlxalq təşkilatların çoxalması çərçivəsində daimi təmsilçiliklərin sayı da artırılmışdır.

II Dünya müharibəsi zamanı bağlanmaq məcburiyyətində qalan xarici missiyaların yenidən açılması və bunlara yeni missiyaların və daimi nümayəndəliklərin də əlavə olunmasıyla birlikdə 1950-ci illərdən etibarən Türkiyənin xaricdəki təşkilatları əhəmiyyətli dərəcədə böyümüşdür.

1970-ci illərlə birlikdə Türkiyənin xarici təşkilatlarındakı vəzifəli məmurları və ailə üzvlərini hədəf alan planlı və mütəşəkkil Erməni terroru yaşanmışdır. Erməni terror təşkilatı ASALA-nın həyata keçirdiyi sui-qəsdlərin sayı, Yunanıstanda fəaliyyət göstərən 17 noyabr terror təşkilatına hədəf olan Türk diplomat və təmsilçilər də əlavə edildikdə, xarici işlər şəhidlərinin sayı 5-i səfir olmaqla 39-a çatmaqdadır.

1924-cü ildə 39 xarici nümayəndəliyə sahib olan Türkiyə Respublikası bugün xaricdə 185 missiya təmsil edilməkdədir. Bu xarici missiyaların 107-i səfirlik, 11-i daimi nümayəndəlik və 67 dənəsi baş konsulluqdur. Ölkənin Xarici İşlər Nazirliyi mərkəzdə və xarici təmsilçiliklərində 985 diplomatıyla fəaliyyət göstərməkdədir.

————————————————————————————————————

AZƏRBAYCAN

Minilliklər boyu dünya siyasətində mühüm yer tutmuş diplomatiyamızın tarixində XX əsrdə ilk dəfə olaraq xalqımızın DÖVLƏT MİLLƏTİNƏ çevrildiyi 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövrü xüsusi önəm daşıyır. Bu illərdə qurulan Xarici İşlər Nazirliyi (XİN) dövlətimizin müstəqil xarici siyasətini həyata keçirərək tariximizə qızıl hərflərlə yazılmışdır. Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş Məmmədhəsən Hacinski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanmışlar.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyasının təcavüzünə məruz qalması nəticəsində Vətənimiz işğal edildikdən və dövlət müstəqilliyimiz itirildikdən sonra Xarici İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı (XXİK) yaradıldı. Elə bir ciddi səlahiyyətlərin olmamasına baxmayaraq, Xalq Xarici İşlər Komissarlığı 1920-1922-ci illərdə xarici ölkələrlə müəyyən səviyyəli ikitərəfli əlaqələri həyata keçirmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları Nəriman Nərimanov və Mirzədavud Hüseynov olmuşlar. Lakin tezliklə XXİK ləğv edildi. SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırıldı. Yalnız ikinci dünya müharibəsinin sonlarına yaxın yaranmış beynəlxalq şəraitdə sovet hökuməti öz maraqlarına uyğun olaraq 1944-cü ildə Azərbaycan SSR XXİK-i bərpa etdi. 1946-cı ildən XXİK Xarici İşlər Nazirliyinə çevrildi. Lakin XİN yenə də ciddi səlahiyyətləri olmayan qurum idi. Bu dövrdən başlayaraq Azərbaycanın xarici siyasəti idarəsinə Mahmud Əliyev, Tahirə Tahirova, Elmira Qafarova, Hüseynağa Sadıqov (həm də dövlət müstəqilliyinin yeddi ayında) başçılıq etmişlər. Bütün mürəkkəb və ziddiyyətli cəhətlərinə baxmayaraq, heç şübhəsiz, tariximizin maraqlı tərkib hissələrindən olan sovet dövründə də Azərbaycan mərkəzi hakimiyyət vasitəsi ilə ölkənin beynəlxalq əlaqələrində bu və ya başqa dərəcədə iştirak etmişdir. 50-ci illərin ortalarından etibarən canlanmağa başlayan beynəlxalq əlaqələr əvvəlki illərlə müqayisədə 70-80-ci illərdə xeyli geniş olmuşdur.

Uzun illər boyu müxtəlif formalarda sovet rejiminə qarşı apardığı mübarizə və 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində beynəlxalq aləmdə yaranmış əlverişli şərait nəticəsində Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini bərpa edərək ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələr qurmağa başladı. Dövlət müstəqilliyimiz dünyanın əksər dövlətləri tərəfindən tanındı və diplomatik münasibətlər quruldu. Azərbaycan beynəlxalq və regional təşkilatların üzvü və ya yaradıcılarından biri oldu. Müstəqillik illərində Azərbaycan Respublikasının xarici işlər nazirləri Tofiq Qasımov, Həsən Həsənov, Tofiq Zülfüqarov və Vilayət Quliyev oldular.

Azərbaycanın xarici siyasət istiqamətləri və strateji seçimləri aşağıdakı təsiredici amillərlə müəyyənləşir:

Ermənistanın Azərbaycana qarşı təcavüzü – Hərbi işğal, etnik təmizləmə, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kobudcasına pozulması, ölkənin böyük bir hissəsində tarixi və mədəni irsimizin ermənilər tərəfindən dağıdılması faktlarını özündə cəmləşdirən Ermənistanın Azərbaycana qarşı təcavüzü ölkəmizin təhlükəsizlik mühitinin əsas təyinedici amili olaraq qalır və bu da öz növbəsində Azərbaycanın təhlükəsizlik və xarici siyasətinin formalaşdırılmasında əsas rol oynayır.

Qlobal proseslər – Azərbaycan öz müstəqilliyini bərpa etməsi ilə eyni vaxtda beynəlxalq münasibətlər sistemi köklü surətdə dəyişməyə başlamışdır və son iyirmi il ərzində cərəyan edən hadisələr göstərir ki, sistem mahiyyətcə hələ də rəqabətlidir. Dövlətlər müxtəlif və bəzən də mübahisəli xarici siyasət məqsədləri güdürlər. “İkiqütblülük” və “çoxqütblülük” konsepsiyalarının toqquşmasında təzahür edən çağdaş dünya nizamına dair ziddiyyətli təsəvvürlər dünyanın müxtəlif yerlərində siyasi və iqtisadi nüfuz uğrunda rəqabəti canlandırmışdır. Davamlı olacağı təqdirdə bu rəqabət qlobal və regional təhlükəsizlik mühitinə mənfi təsir göstərəcəkdir.

Strateji coğrafi yerləşmə – Azərbaycanın coğrafi yerləşməsi bir çox mənada strateji əhəmiyyətə malikdir. Yaranmaqda olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji dəhlizi üzərində böyük ticarət yollarının kəsişməsində yerləşməsi ölkəyə enerji və infrastruktur mərkəzinə çevrilmək üçün əhəmiyyətli imkan verir. Ölkənin belə bir mərkəzə çevrilməsi üçün Azərbaycanın coğrafi yerləşməsi kimi üstünlükdən tam istifadə edilməsi vacib şərtdir.

Zəngin təbii ehtiyatlar – Azərbaycanın zəngin təbii sərvətlərə malik olması nəinki ölkənin çiçəklənməsinə və xalqın rifahına xidmət edir, eyni zamanda bu fakt respublikanın milli təhlükəsizliyinin, siyasi müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsində mühüm amildir. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına nəqli sonradan Azərbaycanın enerji strategiyası adlandırılan siyasətin əsas elementinə çevrilmişdir. Bu strategiya Azərbaycanın xarici siyasətinin təməl daşıdır.

Müasir dövrdə təhlükəsizliyə təhdidlər və risklər – Beynəlxalq arenada qeyri-dövlət aktorları olan beynəlxalq terrorçu qruplaşmalar, hərbi separatçı hərəkatlar, etnik və dini ekstremizm, mütəşəkkil cinayətkarlıq şəbəkələri, habelə qeyri-qanuni miqrasiya, narkotik maddələr və insan alveri, kütləvi qırğın silahlarının yayılması, vacib enerji və nəqliyyat infrastrukturunda sabotaj riski və son illərin fenomeni olan kiber hücumlar qlobal və regional təhlükəsizlik mühitinə ciddi təsir göstərən amillərdir.

Məsuliyyət və özünəməxsusluq – Azərbaycan tarixi əsas etibarilə müxtəlif regional güclər arasındakı müharibələr və real müstəqillik uğrunda gedən davamlı mübarizə tarixindən ibarətdir. Bu “irs” kiçik ölkələrin suverenliyi və hüquqlarını təmin edə biləcək beynəlxalq mexanizmlərin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycanın beynəlxalq birliyin fəal və məsuliyyətli üzvü olmasını tələb edir. Məsuliyyətin kökləri Azərbaycanın hər zaman müxtəlif dini etiqada, dünyagörüşünə, etnik qruplara aid insanların birgə yaşaması və tolerantlıq kimi səciyyəvi xüsusiyyətlərinə bağlıdır. Azərbaycan dərin tarixi köklərə malik, həqiqətən də etnik və dini dözümlülük baxımından nadir dünyəvi müsəlman ölkəsidir. Azərbaycan 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika elan edilmişdir. Əsrlər boyu burada müsəlman, xristian və yəhudilər bir-biri ilə dinc yanaşı yaşamışlar. Mədəniyyətlər arasında körpü rolunu oynayan Azərbaycan beynəlxalq birliyin mənafeyi naminə bu dəyərləri təşviq etmək məsuliyyətini hiss edir.

Azərbaycan beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün dövlətlərə münasibətdə onların ərazi böyüklüyü, hərbi gücü və iqtisadi potensialından asılı olmayaraq, dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Şəffaflıq və öncədən müəyyənləşdirmə Azərbaycanın xarici siyasətini səciyyələndirən əsas xüsusiyyətlərdir. Azərbaycan bütün ölkələrlə dostluq və qarşılıqlı səmərəli ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirməklə öz regionunda və onun sərhədlərindən kənarda sülh içində birgə yaşama və mehriban qonşuluğu təşviq etməkdə çox maraqlıdır.

Ölkəmiz mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir. Bütün dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq Azərbaycanın başqa ölkələrlə qarşılıqlı əlaqələrində əsas prinsiplərdir. Azərbaycanın ölkənin milli maraqlarının təmin olunmasına və onun qlobal və regional mövqeyinin möhkəmləndirilməsinə yönələn xarici siyasət prioritetləri aşağıdakılardır: Azərbaycanın ərazi bütövlüyünün bərpası. – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ölkəmizin təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran təxirəsalınmaz məsələ və xarici siyasətimizin bir nömrəli prioriteti hesab olunur. Münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi danışıqların ilk günlərindən dəyişməz olaraq qalır. Biz münaqişənin həlli üçün erməni hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisindən çıxarılması, bu ərazilərdə Azərbaycanın pozulmuş suveren hüquqlarının bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, Azərbaycanın Dağlıq Qarabağ regionunda ölkənin hərtərəfli iqtisadi inkişafı çərçivəsində kommunikasiyaların bərpası və sosial-iqtisadi inkişaf üçün şərtlərin müəyyən olunması, qanuni və demokratik proses çərçivəsində Dağlıq Qarabağ regionunda Azərbaycan və erməni icmalarının dinc yanaşı yaşamasını və Azərbaycan Respublikasının tərkibində muxtariyyətini təmin edəcək statusun müəyyənləşdirilməsindən başqa bir yol görmürük. Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi yalnız etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma yurdlarına qaytarılmasından sonra və yalnız Azərbaycanın tərkibində mümkündür. Azərbaycan heç bir zaman öz ərazi bütövlüyünü müzakirə obyektinə çevirməyəcəkdir. Münaqişənin həllinin hüquqi və siyasi əsasları BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi A/RES/62/243 saylı qətnaməsi, habelə ATƏT və Avropa Şurasının müvafiq sənədləri və qərarlarında əks olunan beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Bütün bu sənədlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını təsdiqləyir. Bundan əlavə, Strasburq/Kehl sammitində NATO Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasına yönəlmiş səyləri bir daha dəstəkləmişdir.

Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına sadiqdir və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ədalətli və davamlı həllinin dəstəklənməsi üçün bütün səylərin səfərbər olunması məqsədi ilə öz tərəfdaşları, beynəlxalq və regional təşkilatlarla aparılan işi davam edəcəkdir. Buna baxmayaraq, sülh prosesinin uğurla nəticələnməsi Ermənistan tərəfinin eynilə bu prosesə sadiqliyindən və konstruktiv yanaşmasından, həmçinin beynəlxalq birliyin, ATƏT-in bütün üzv dövlətlərinin, xüsusən də Minsk qrupunda təmsil olunan və həmsədrlik edən ölkələrin fəal töhfəsindən asılıdır.

Beynəlxalq sülh və sabitliyin təşviqi – İstər ənənəvi, istərsə də yeni təhlükə və problemlərin qarşısı fəal beynəlxalq səylər hesabına alına bilər və onların birtərəfli qaydada aradan qaldırılması mümkün deyildir.

Azərbaycan beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə ilə bağlı çoxtərəfli və ikitərəfli çərçivədə beynəlxalq əməkdaşlığa fəal cəlb olunmuşdur. Terrorizmə qarşı mübarizəyə dair bütün beynəlxalq sənədlərə qoşulan Azərbaycan bu sahəyə dair daim məlumat mübadiləsi həyata keçirir və müvafiq məruzələr hazırlayır. Bizim sülhməramlılar Kosovo, İraq və Əfqanıstanda beynəlxalq birliyin digər üzvlərindən olan əsgərlərlə çiyin-çiyinə xidmət göstərmişlər. Azərbaycan hökuməti və şirkətlərinin Əfqanıstana yardımı və bu ölkənin bərpası ilə bağlı səyləri ehtiyac içində yaşayan əhali üçün də imkanlar yaradır.

Azərbaycan istər “Kütləvi qırğın silahlarının yayılmaması haqqında Saziş”, istərsə də digər ölkələrlə əməkdaşlıq çərçivəsində ixraca nəzarət və sərhəd təhlükəsizliyi tədbirləri vasitəsilə kütləvi qırğın silahlarının yayılmaması istiqamətində fəaliyyət göstərir. Azərbaycan kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı beynəlxalq rejimin gücləndirilməsinə tərəfdardır və müvafiq nəzarətin həyata keçirilməsi üçün dünya birliyi və müvafiq təşkilatlarla əməkdaşlığı davam etdirəcəkdir.

Transmilli cinayətkarlıq və insan alverinə qarşı mübarizə region ölkələri ilə, eləcə də BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın gündəliyində duran məsələdir.

Cənubi Qafqazdakı sabitliklə ümumilikdə qlobal təhlükəsizlik arasında əlaqənin mövcudluğu məlum məsələdir. Cənubi Qafqazdakı uzadılmış münaqişələrin regiondakı təhlükəsizliyə və sabitliyə zərbə vurması, region ölkələrinin iqtisadi və siyasi inkişafına maneə yaratması və regiondakı real əməkdaşlığın qarşısını alması səbəbindən region ölkələri və geniş anlamda beynəlxalq birlik üçün xüsusi narahatlıq kəsb edir.

Səmərəli çoxtərəfli beynəlxalq münasibətlər sisteminin təşviqi – Beynəlxalq sülhün ən yaxşı halda səmərəli çoxtərəfli münasibətlər sistemi vasitəsilə əldə edilməsinə əmin olaraq, Azərbaycan bütün dünyada və regionumuzda beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində BMT-nin rolunun vacibliyini qəbul edir. BMT-nin Nizamnaməsində öz əksini tapan beynəlxalq hüququn norma və prinsipləri mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşını təşkil edir. Azərbaycan XXI əsrin problemlərinə və təhdidlərinə daha səmərəli şəkildə cavab vermək üçün beynəlxalq hüquq sisteminin möhkəmləndirilməsi və qəbul edilmiş qərarların həyata keçirilməsi də daxil olmaqla, BMT-nin operativ imkanlarının artırılmasına yönələn islahatları dəstəkləyir.

ATƏT ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində mühüm yer tutur. ATƏT-in Helsinki Yekun Aktı və digər sənədlər bu təşkilata üzv olan ölkələr arasında münasibətləri tənzimləyən norma və prinsipləri müəyyən edir və kollektiv təhlükəsizliyin saxlanılması üçün əsas yaradır. BMT kimi, ATƏT-in də fəaliyyətinin onun bütün sənədlərinə və mexanizmlərinə əsaslanmış əməli nəticələr vasitəsilə səmərəliliyinin artırılmasına ehtiyac vardır.

Eyni zamanda, milli maraqlarımızın təmin olunması, daxili siyasi və institusional islahatların səmərəli şəkildə həyata keçirilməsi, həmçinin Azərbaycan qanunvericiliyinin Avropanın norma və standartlarına uyğunlaşdırılması nöqteyi-nəzərdən Avropa Şurası ilə əməkdaşlıq vacibdir.

Azərbaycan regional çoxtərəfli əməkdaşlığı çox vacib hesab edir və GUAM-ın əsas yaradıcısı kimi biz regionda daha mehriban və daha sabit münasibətlərə nail olunmasına öz töhfəmizi veririk.

Azərbaycanın həm Qərb, həm də Şərq mədəniyyətinə məxsus olması ilə bağlı nadir xüsusiyyəti dini məlumatsızlığın və dözümsüzlüyün aradan qaldırılması üçün dinlərarası dialoqda mühüm rol oynamaq üçün imkanlar yaradır. 2007-ci ildə İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının sədri kimi Azərbaycan İslam Konfransı Təşkilatının strukturlarının və funksiyalarının daha da gücləndirilməsi və Avropa təşkilatları ilə əməkdaşlıq mexanizmlərinin yaradılması istiqamətində səylər göstərmişdir. Azərbaycan sivilizasiyalar arasındakı dialoqda fəal iştirak edir və bu məsələyə töhfə verən ilk ölkələr sırasında olmuşdur. Təqdirəlayiq hal kimi qeyd etmək lazımdır ki, ölkəmizin bu istiqamətdə fəaliyyəti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilir. Habelə beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası dialoqa dair üç möhtəşəm beynəlxalq tədbir təşkil olunmuşdur.

Qarşılıqlı faydalı ikitərəfli əlaqələrin inkişafı – Azərbaycan regional əməkdaşlığı regionda sülhün və sabitliyin qorunub saxlanılması üçün mühüm amil hesab edir və yuxarıda qeyd edilmiş səbəblərə görə Ermənistan istisna olmaqla bütün yaxın qonşuları ilə qarşılıqlı faydalı dostluq münasibətləri qurmuşdur. Qonşu dövlətlərlə əlaqələrin daha da inkişafı həllini gözləyən regional problemlərin qarşılıqlı surətdə qəbul olunan şəkildə nizamlanması variantının tapılmasına imkan yaradacaqdır.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli strateji tərəfdaşlıq və dərinləşən əməkdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir. Rusiya ilə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir və bu əməkdaşlığın genişlənməsi davam edir. Azərbaycan İranla mütərəqqi və gələcəyə istiqamətlənmiş dialoq aparır, habelə Xəzər dənizi ilə Avropa regionu arasında körpü yaratmaq məqsədi ilə Orta Asiya dövlətləri ilə münasibətlərini inkişaf etdirir.

Azərbaycan strateji tərəfdaşı olan ABŞ ilə qlobal problemlər və təhlükələrə qarşı mübarizə aparmaq məqsədi ilə ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlıq edir. Azərbaycan ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasının üzvüdür, beynəlxalq birliyin terrorizmə qarşı mübarizəsini hərtərəfli şəkildə dəstəkləyir və bu istiqamətdə bir sıra əhəmiyyətli addımlar atır. Biz ABŞ-la, habelə iqtisadi, enerji təhlükəsizliyi və demokratik inkişafın təşviqi sahələrində də əməkdaşlığımızın genişləndirilməsi istiqamətində iş aparırıq.

Coğrafi baxımdan Qərb ilə Şərqin kəsişməsində yerləşən Azərbaycan Avropa ölkələrindən mal və xidmətlərin böyüyən Asiya bazarlarına və əksinə daşınması üçün təbii keçid imkanını təmin edir. Bu mənada Orta Şərq və Asiya ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətində vacib yer tutur. Yaranmaqda olan siyasi güc mərkəzləri və sürətlə artan iqtisadiyyatlara malik bu regionlar iqtisadi, telekommunikasiya və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər açır.

Avropa və Avratlantik strukturlara inteqrasiya – Azərbaycan Avropa və Avratlantik birliyin dəyərləri ilə bölüşür, çoxtərəfli Transatlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını inkişaf etdirərək Avropa qitəsində və onun sərhədlərindən kənarda təhlükəsizlik və sabitliyə töhfə verir. Azərbaycan 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramına qoşulan ilk ölkələrdən biri olmuşdur və Avratlantik Tərəfdaşlıq Şurası və digər vasitələrlə NATO ilə mümkün tərəfdaşlıq mexanizmlərindən tam şəkildə bəhrələnir. Azərbaycan Fərdi Tərəfdaşlığın Fəaliyyəti Planının (FTFP) birinci mərhələsini uğurla başa vurmuşdur və FTFP-in ikinci mərhələsinin icrasına başlamışdır ki, bu da növbəti illərdə NATO-Azərbaycan münasibətlərini istiqamətləndirəcəkdir. Azərbaycanın Aİ ilə əməkdaşlığı ölkənin təhlükəsizlik ehtiyacları çərçivəsindən kənara çıxaraq iqtisadi, siyasi və sosial sahələrdə də genişlənir. Avropa Qonşuluq Siyasəti çərçivəsində 2006-cı ildə qəbul olunmuş Aİ-Azərbaycan Fəaliyyət Planı Azərbaycan və Aİ arasında siyasi dialoqu gücləndirir, siyasi, iqtisadi və institusional islahatlar sahələrində əməkdaşlığı inkişaf etdirir, əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün əsaslar yaradır. Aİ-Azərbaycan Fəaliyyət Planının yerinə yetirilməsi Aİ ilə Azərbaycan arasında qarşılıqlı siyasi və iqtisadi asılılığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Biz Aİ-nin Şərq Tərəfdaşlığı Təşəbbüsünü alqışlayır və biz bunun Aİ ilə əməkdaşlığımızı sürətləndirəcəyinə ümid edirik.

Davamlı inkişaf və Avropanın enerji və nəqliyyat dəhlizinin genişləndirilməsi – Neft və qaz kəmərlərinin, digər müvafiq infrastrukturun tikintisi də daxil olmaqla, Azərbaycanın neft sektorunun inkişafı artıq ölkənin iqtisadi yüksəlişinə töhfə vermiş, regional və qlobal əməkdaşlıq üçün əlavə imkanlar yaratmışdır. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Cənubi Qafqaz qaz kəməri kimi regional infrastruktur layihələrinin uğurla həyata keçirilməsi ilə nəticələnən bu əməkdaşlıq Cənubi Qafqaz regionunun əhəmiyyətini artırmış, Avropa və qlobal enerji təhlükəsizliyinə töhfə vermiş və Avropa üçün yeni, həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoymuşdur. Azərbaycanın karbohidrogen ehtiyatları strateji coğrafi yerləşmə ilə birlikdə ölkəni əhəmiyyətli enerji mənbəyinə və beynəlxalq enerji təchizatı sisteminin vacib tərkib hissəsinə çevirir. Yalnız enerji istehsalçısı və ixracçısı kimi deyil, eyni zamanda, vacib tranzit ölkəsi kimi Azərbaycanın regionun mərkəzi oyunçusu və beynəlxalq arenada əhəmiyyətli aktor olaraq imkanları getdikcə artır.

Azərbaycanın coğrafi yerləşməsi ölkənin dünya bazarlarına çıxışını şaxələndirmək imkanı verir. Cənubi Qafqaz regionu ərazisindən beynəlxalq nəqliyyat və kommunikasiya dəhlizlərinin genişləndirilməsi və Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı strategiyasının vacib elementidir. Bu mənada, Azərbaycan Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRASECA) layihəsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinə fəal cəlb olunmuşdur. Habelə, Azərbaycan Türkiyə və Gürcüstanla geostrateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin qurulması istiqamətində əməkdaşlıq edir. Bu xəttin həyata keçirilməsi regional əməkdaşlığın sürətləndirilməsi və gücləndirilməsi üçün vacib addım olacaq, eyni zamanda, qlobal təsirlərə malik yeni regional imkanlar yaradacaqdır.

Bazarlar və xarici sərmayələrin rəqabəti, fiskal və monetar siyasətlərin əlaqələndirilməsi məqsədi ilə mövcud beynəlxalq kommersiya şəbəkələrini cəlb etmək zərurəti ilə səciyyələnən beynəlxalq mühit fəal xarici iqtisadi siyasətin həyata keçirilməsini tələb edir. Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorlarına xarici sərmayələrin cəlb edilməsi, ölkədə istehsal olunan malların beynəlxalq bazarlara maneəsiz keçidinin təmin olunması, ticarət, sərmayə qoyuluşu və iqtisadi yüksəlişin gücləndirilməsi vasitəsilə davamlı iqtisadi inkişafa töhfə vermək üçün regiondakı və ondan kənarda yerləşən ölkələrlə əməkdaşlıqda maraqlıdır. Azərbaycanın iqtisadi inkişaf fəlsəfəsi çox sadədir – qonşu ölkələrin çiçəklənməsi qarşılıqlı fayda gətirir.

Azərbaycan xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmiş, beynəlxalq aləmdə daha çox nəzərəçarpan və hörmət edilən ölkəyə çevrilmiş və xarici siyasət məqsədlərini daha da təkmilləşdirmişdir. Avstraliya istisna olmaqla, bizim bu gün dünyanın bütün qitələrində diplomatik nümayəndəliklərimiz vardır. İkitərəfli sənədlərin imzalanması, qarşılıqlı yüksək səviyyəli səfərlər, beynəlxalq konfrans və dünya forumlarında iştirak bizim gündəlik diplomatik həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir.

Müstəqilliyimizin bərpa olunmasından keçən 20 il ərzində Azərbaycanın xarici siyasət strategiyasının uğurlu olmasının sübutu ondan ibarətdir ki, bu dövr ərzində ölkəmiz daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla yanaşı, eyni zamanda regional liderə çevrilməyə nail olmuşdur.

Milli maraqların həyata keçirilməsi, müstəqilliyin və suverenliyin gücləndirilməsi, ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş fəal xarici siyasət strategiyası, habelə özünəməxsus və bəzən ziddiyyətli siyasət yürüdən regional və regiondan kənarda olan aktorlarla modus vivendi-nin tapılmasına imkan yaradan elastiklik arasında mürəkkəb balans Azərbaycanın xarici siyasətinin səciyyəvi xüsusiyyətidir.

Hal-hazırda Azərbaycan Respublikasının 54 xarici ölkədə səfirliyi, 11 konsulluğu və 5 daimi nümayəndəliyi fəaliyyət göstərir.

————————————————————————————————————

ÖZBƏKİSTAN

31 avqust 1991-ci il Özbəkistanın müstəqilliyinin rəsmən elan edildiyi gün kimi ölkənin beynəlxalq ictimaiyyətə tam inteqrasiyası üçün başlanğıc nöqtəsi oldu. Müstəqilliyinə qovuşan Özbəkistan yenidən öz xarici siyasətini yürütmək imkanı əldə etdi. Lap əvvəldən bu siyasətin təməlində bir sıra prinsiplər dururdu: ölkənin milli dövlətçilik prioriteti, beynəlxalq hüquq normaları, digər dövlətlərinin daxili işlərinə qarışmamaq, bütün mübahisəli məsələlərin sülh yolu ilə həll olunması, öz milli dövlətçilik maraqlarını üstün tutmaqla bütün dünyəvi maraqlarla hesablaşmaq, heç bir böyük dövlətlərin təsiri altına düşməmək, tam etibarlıq əsasında ikitərəfli və çox tərəfli xarici əlaqələrin yaradılması və inkişaf etdirilməsi, beynəlxalq iqtisadi və maliyyə təşkilatçılığı çərçivəsində əməkdaşlığın intensivləşdirilməsi.

Bugün Özbəkistan dünyanın 120-dən çox ölkə ilə diplomatik münasibətlər qurmuşdur. Paytaxt Daşkənt şəhərində 42 xarici ölkə səfirliyi, 1 baş konsulluq, 9 fəxri konsulluq, 10 beynəlxalq təşkilat nümayəndəsi, 5 beynəlxalq maliyyə təşkilatının nümayəndəliyi və diplomatik statusa malik 3 ticarət nümayəndəliyi fəaliyyət göstərir.

Bununla yanaşı, Özbəkistanın xarici ölkələrdə və nüfuzlu beynəlxalq təşkilarda 46 diplomatik və konsulluq nümayəndəliyi fəaliyyət göstərir.

Özbəkistan Respublikası 100-dən çox beynəlxalq təşkilatın üzvüdür. Onların arasında BMT, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatı və başqaları da var. Abropa Birliyi və NATO ilə sıx əməkdaşlıq inkişaf etdirilir.

Müxtəlif ölkələrlə hərtərəfli əlaqələrin bərabər hüquqlu müttəfiqlik və qarşılıqlı hörmət prinsipləri əsasında qurulması Özbəkistana imkan verir ki, qlobal münasibətlərə uğurla inteqrasiya etsin, beynəlxalq siyasi, iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıqlarda aktiv iştirak edə bilsin.

Özbəkistanın xarici siyasətində mühüm prioritet qonşu ölkələrlər, xüsusən region dövlətləri ilə əlaqələrin qurulması və hərtərəfli əməkdaşlığın yaradılmasıdır. Sonradan regional əməkdaşlığın dərinləşməsi Mərkəzi Asiyada sülhün bərqərar olması, stabillik və çiçəklənmənin mühüm şərtidir.

Qərb ölkələri, Asiya-Sakit Okean regionu, Cənub-Şərqi və Cənubi Asiya dövlətləri ilə münasibətlərini dinamik və ardıcıl şəkildə inkşaf etdirən Özbəkistan həmin münasibətlərə yeni məzmun verməyə can atır.

Özbəkistan və Avropa Birliyi arasında 1996-cı ildə imzalanmış müttəfiqlik və əməkdaşlıq barədə Müqaviləyə əsasən Avropa Birliyi ilə siyasi dialoq, ticari-iqtisadi və mədəni-humanitar əlaqələr inkişaf edir və möhkəmlənir.

Özbəkistanın Şimali və Cənubi Amerika ölkələri ilə, xüsusən də ABŞ-la əməkdaşlığı genişlənməkdədir. Özbəkistan və ABŞ qlobal təhlükəsizlik sahəsində – narkotiklərin qeyri-qanuni dövriyyəsi, kütləvi qırğın silahlarının yayılması, o cümlədən Əfqanıstanda sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində aktiv əməkdaşlıq etməkdədirlər.

Müstəqillik qazanmasıyla Özbəkistan mənəvi, dini və adət-ənənə baxımdan özünə yaxın olan Asiyada, Yaxın və Orta Şərqdəki müsəlman sivilizasiyalarla birbaşa əlaqələr qurmaq imkanı əldə etdi. Özbəkistanın bu ölkələrlə siyasi, iqtisadi və mədəni-humanitar əlaqələr qurması müsbət istiqamətdə cərəyan edir.

Digər mühüm istiqamət MDB ölkələri ilə inkişaf etdirilən münasibətlərdir. MDB çərçivəsində tərəflər həm ümumi, həm də fərdi milli maraqların təmin edilmısi üçün öz mövqelərini uzalaşdıra bilirlər.

Özbəkistanın xarici siyasətinin prioritet sahələrindən biri də regional və qlobal müstəvidə sülh və stabilliyin qurunub saxlanılması naminə beynəlxalq əməkdaşlıqdır. Təhlükəsizliyin bölünməzliyinin baza prinsipinə əsaslanan Özbəkistan beynəlxalq və regional stabillik və təhlükəsizliyin təmin olunmasında BMT və digər beynəlxalq strukturların rolunun aktivləşdirilməsinin tərəfdarı olmuş və indi də bunu dəstəkləməkdədir.

Son illər Mərkəzi Asiya, bütün digər dünya ictimaiyyəti kimi, beynəlxalq terror qruplaşmalarının, narkomafiyanın, müxtəlif ekstremist qüvvələrinin cinayətkar əməlləri ilə üz-üzə qalmışdır. Buna görə də, Özbəkistanın xarici siyasətinin əsas vəzifələri həm regional, həm də beynəlxalq səviyyədə təhlükəsizlik sahəsindəki əməkdaşlıq təşkil etməkdədir. Buna konkret nümunə Şanxay Əməkdaşlığı Təşkilatını göstərmək olar.

Əfqanıstandakı anti-terror əməliyyatları zamanı bu ölkədəki regional təhlükəsizliyin fəsadları xeyli azalmış və Mərkəzi Asiyada stabilliyinin qorunub saxlanılması sahəsində müsbət irəliləyişlərə nail olunmuşdur. Əfqanıstan rəhbərliyini dəstəkləyən Özbəkistan qısa zaman ərzində əfqan xalqının sülh şəraitində yaşaya bilməsi üçün ikitərəfli və çoxtərəfli fəaliyyətini davam etdirməkdədir. Əfqanıstanı Mərkəzi Asiya Əməkdaşlığı Təşkilatına (MAƏT) müşahidəçi qismində də dəvət etməklə, Özbəkistan Mərkəzi Asiyadakı regional proseslərdə sağlam əməkdaşlığın yaradılmasına çalışır. Bu, heç şübhəsiz ki, Əfqanıstanın müharibədən sonrakı dövrdə müsbət inkişafa nail olmasına yardım edəcək.

————————————————————————————————————

QAZAXISTAN

Avrasiyanın tam göbəyində yerləşən Qazaxıstan Respublikası xarici dünya ilə münasibətlərində çox tərəflilik strategiyasını izləyir və ölkə mənfəətləri təkcə geopolitik faktorlarla məhdudlaşmır. Prezident Nursultan Nazarbayevin də dediyi kimi: “Qazaxıstanın gələcəyi – Asiya ilə Avropada, Şərq ilə Qərbdədir”. Qazax diplomatiyasının ötən 13 illik müddət ərzində əldə etdiyi ən önəmli uğuru – müstəqil Qazaxıstanın ətrafında “təhlükəsizlik quşağı”nı yaratmaqla bərabər Rusiya, Çin, Qırğızıstan, Özbəkistan və Türkmənistan kimi ölkələrlə mehriban qonşuluq, dostluq və əməkdaşlıq əlaqələrinin inşa edilməsidir. Asiya qitəsindəki əməkdaşlığın yeni və keyfiyyətli mexanizmini yaratmağa yönələn Asiyada Əməkdaşlıq və Güvən Artırıcı Tədbirlər Konfransı (CİCA) fikri Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən ilk dəfə 1992-ci ildə BMT-nin Baş Assambleyasında ortaya atılmışdı.

İndiki vaxtda bu Konfransın 17 üzv ölkəsi var: Əfqanıstan, Azərbaycan, Hindistan, İsrail, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Misir, Monqolustan, Pakistan, Rusiya, Fələstin, Tacikistan, Türkiyə, Tayland, Özbəkistan. ABŞ, Avstraliya, Vyetnam, Cənubi Koreya, Ukrayna, Yaponiya isə müşahidəçi statusuna malikdirlər. 4 İyun 2002-ci il tarixində Almatıda reallaşan ilk Zirvəyə Rusiya Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının keçmiş başçısı Jiang Zemin, Hindistan baş naziri Atal B. Vadjpai, Pakistan Prezidenti Pərviz Müşərrəf, Türkiyə prezidenti Əhməd Necdət Sezər, Qırğızıstan prezidenti Askar Akayev, Tacikistan Prezidenti Emomali Rahmonov, Monqolustan Prezidenti Natsagiin Bagabandi, İran prezidenti müavini M. Aref və digər ölkələrin yüksək səviyyəli rəhbərləri, həmçinin BMT, ATƏT, Ərəb Ölkələri Birliyi kimi beynəlxalq təşkilatların nümayəndələri də iştirak etmişdi.

Zirvəyə qatılanlar bu təşkilatın əsas məqsədləri və qanunlarını, qitə dövlətləri arasındakı təhlükəsizlik və sabitlik vəziyyətini ifadə edən Almatı Razılaşmasını, həmçinin beynəlxalq terrorla mübarizə və mədəniyyətlər arası dialoq CİCA Deklarasiyasını imzalamışlar.

Zirvə zamanı imzalanan sənədlərin böyük əhəmiyyət daşıması ilə əlaqədar olaraq, Almatı şəhəri “Asiya Helsinki’si” deyə xatırlanmağa başlandı. 1975-ci il Helsinkidə reallaşan konfrans zamanı Avropa ölkələri ilk dəfə beynəlxalq münasibətlər prinsiplərini insan hüquqları prinsipləri ilə birləşdirərək, Avropadakı əməkdaşlıq haqqında akt imzalamışlar. Bu məzmunda CİCA ilə ATƏT-n müqayisə edərkən, bir başqa tərəfdən Avropadakı vəziyyətin Asiyaya nəzərən tamamilə fərqli olduğunu nəzərdə saxlamaq lazımdır. Avropa Birliyinə üzv olan əsas ölkələrin iqtisadi və siyasi mövqeləri eyni səviyyədədir, Avropa xalqlarının mədəniyyət və düşüncələrinin də çox bənzərlik daşıdığı məlumdur. CİCA isə öz inkişafı və xarici siyasətində istiqamətləri baxımından fərqli yollar izləyən ölkələri eyni çətir altına yığmaqdadır. Zəngin və yoxsul ölkələrin qonşu olması, torpaq və millətlər arası anlaşılmazlıqlar, kökdən dindar düşüncələr – bunlar Asiya qitəsindəki ölkələrin həllini gözlədikləri əsas vəziyyətlərdir. Nəticədə CİCA prosesinin gələcək perspektivi çox genişdir. Qeyd etmək lazımdır ki, 2002-ci ilin Sentyabr ayında Almatıda “CİCA: inkişaf üfüqləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil edildi, bu çərçivədə iştirakçılar inam artırıcı tədbirlər haqqında fikir alış-verişi etdilər. 22 Oktyabr 2004-cü il tarixində Almatıda CİCA Nazirlər Sammiti reallaşdırıldı.

Yığıncağa Türkiyə, Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, Fələstin, İran, İsrail, Pakistan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan, Tacikistan, Tailand ölkələri tərəfindən xarici işlər nazirləri, dövlət nazirləri, nazir müavinləri qoşuldular. İndoneziya, Yaponiya, Koreya, Malayziya, ABŞ, Vyetnam, Ukrayna, Filippin, Sinqapur, Səudiyyə Ərəbistanı Krallığı, Şri Lanka və BMT, ATƏT, AB kimi beynəlxalq təşkilat nümayəndələri yığıncaqda müşahidəçi və qonaq olaraq iştirak etdilər. BMT-nin baş katibi Kofi Annanın mesajı BMT-nin baş katibinin xüsusi nümayəndəsi tərəfindən oxundu. Qəbul edilən “Güvən Artırıcı Tədbirlər Kataloqu”, “CİCA Fəaliyyət Qaydaları” və CİCA Nazirlər Zirvəsindən sonra nümayiş olunan məruzə yığıncağın əhəmiyyətini ortaya qoydu. Bu, CİCA Konfransına üzv ölkələrinin mütəxəssisləri tərəfindən aparılan iki illik işlərin nəticəsində reallaşdı.

Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin 2002-ci ilin Dekabr ayında Moskvada prezident Vladimir Putin ilə görüşü zamanı 2003-ci ilin Rusiyada “Qazaxıstan ili” olaraq elan ediləcəyini bildirməsi iki ölkə arasındakı əlaqələrin səviyyəsini açıqca göz önünə çıxardı. 2003-ci il Qazaxıstan-Rusiya münasibətlərində böyük dəyişikliklərin müşahidə edildiyi yeni bir dövrün başlanğıcı olmuşdur. İlk olaraq, Qazaxıstan ərazisində olan “Baykonur” kosmos stansiyasının ortaq istifadə məsələsi köklü şəkildə həll edildi; ikincisi, iki ölkə arasındakı sərhəd delimitasiyası həll edildi; üçüncüsü isə enerji sahəsindəki əməkdaşlıqda əhəmiyyətli uğurlar əldə edildi.

Qazaxıstan xarici siyasətinin Avrasiya istiqamətində isə Şərq qonşusu, eyni zamanda dünyanın ən güclü ölkələrindən biri sayılan Çin ilə əlaqələr daim aktuallığını qorumaqdadır. İlk olaraq, iki ölkə arasında ucsuz-bucaqsız sərhədlərin mövcud olması, ikincisi Çinin Qazaxıstan üçün Asiya-Atlantika okeanı bölgəsinə çatacaq münasib “pəncərə” olduğu məlumdur. Bundan başqa, ölkədə 1 milyondan çox Qazax azlığının yaşaması da çox böyük əhəmiyyət kəsb edir. İkili əlaqələrdə əldə edilən mühüm nailiyyətlərdən biri də Astana ilə Pekin arasında sərhəd məsələlərinin kökdən həll edilməsidir. Hal-hazırda iki tarixi qonşu dövlət Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində faydalı əməkdaşlıq edirlər. Bu məzmunda Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin 2002-ci ildə Çinə reallaşdırdığı rəsmi səfəri xüsusi əhəmiyyətə malikdir. Bu səfər zamanı Nursultan Nazarbayevlə Çin Xalq Respublikası rəhbəri Jiang Zemin dostluq və əməkdaşlıq haqqında müqavilə imzaladılar. 20 illik dövr üçün hazırlanan bu əhəmiyyətli müqavilə ikitərəfli siyasi və iqtisadi əlaqələrlə bərabər Asiya qitəsindəki təhlükəsizlik məsələlərini də əhatə edir.

Qazaxıstan xarici siyasətinin əsas xətlərindən biri də Şanxay Əməkdaşlıq Təşkilatı (Şanxay Cooperation Organization, SCO) çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdir. XX əsrin sonundakı qlobal geosiyasi dəyişikliklər regional təhlükəsizlik məsələlərini beynəlxalq siyasətin əhəmiyyətli prioritetlərindən biri etməkdədir. Bir sıra MDB ölkələri kimi Qazaxıstanda da müstəqilliyinin ilk illərində sərhəd problemləri mövcud idi. Çünki, keçmiş Sovetlər Birliyi rəhbərləri bu məsələni on illərcə həll edə bilməmişdilər. ŞƏT-in (köhnə adı – Şanxay Beşliyi) təməli 26 Aprel 1996-cı ildə Şanxayda Çin, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan dövlət başçılarının ilk zirvə toplantısında atıldı. Zirvə zamanı “sərhəd bölgəsindəki hərbi sahədə inam tədbirlərini möhkəmləndirmək haqqında” müqavilə imzalandı. Beləcə, dünya səhnəsinə yeni təşkilat “Şanxay Beşliyi” ortaya çıxdı. Bu mənada, həmin istiqamətdə 14-15 iyun 2001-ci il tarixləri arasında Şanxayda reallaşan VI Zirvə zamanı mühüm addımlar atıldı.

Dövlət Başçılarının etdikləri xüsusi açıqlamada “Şanxay Forumuna” Özbəkistanın rəsmi olaraq tam səlahiyyətli üzv olaraq qəbul edildiyi və “Şanxay Əməkdaşlıq Təşkilatının yaradılması haqqında” bəyannamənin imzalandığı açıqlanıb. Beləcə, həmin təşkilatın tamamilə yeni, bir xeyli yüksək səviyyəyə çataraq dünya siyasət arenasındakı çəkisi artdı. ŞƏT çərçivəsində həyata keçirilən mühüm yığıncaqlar arasında 14 Sentyabr 2001-ci il tarixində Almatıda keçirilən bu təşkilata üzv ölkələrin hökumət başçılarının ilk zirvəsini ayrıca qeyd etmək lazımdır. Hökumət başçılarının görüşü nəticəsində ŞƏT-ə üzv ölkələrin regional-iqtisadi əməkdaşlığının əsas məqsədləri, istiqamətləri və investisiya sahələrində müsbət zəmin hazırlama haqqında Memorandum imzalanmışdır. Bundan əlavə, ABŞ-dakı 11 sentyabr hadisələri dolayısı ilə ortaq faciə elan edildi. Aparılan fəaliyyətlərin nəticəsi olaraq, Şanxay Əməkdaşlıq Təşkilatının başqa ölkələrə və bölgələrə qarşı yaradılmış qurulmuş bir hərbi-siyasi blok olmadığı, tam əksinə, öz fəaliyyətlərində açıq siyasət izləyən və başqa ölkələr, beynəlxalq və bölgə təşkilatları ilə siyasi, ticari-iqtisadi, mədəni, elmi-texniki və başqa sahələrdə əməkdaşlıq etməyə hazır olan bir təşkilat meydana gəldi. Qazaxıstan Respublikasının xarici siyasət və iqtisadiyyat strategiyasında Amerika Birləşmiş Ştatlarının əhəmiyyətli yeri mövcuddur. Bugün Astana Vaşinqtonun Orta Asiyadakı ən əhəmiyyətli strateji tərəfdaşıdır.

Qazaxıstanın son illərdəki əsas siyasi və iqtisadi islahatları zamanı əldə etdiyi nailiyyətləri məmnuniyyətlə qarşılayan ABŞ MDB ölkələri arasında ilk olaraq, Qazaxıstanı sərbəst bazara sahib ölkə kimi tanıyıb. Vaşinqton həmçinin Qazaxıstanın Dünya Ticarət Təşkilatına üzvlüyü yolunda dəstəklərini əsirgəmir.

ABŞ Qazaxıstanın ən böyük xarici yatırımcısıdır. Son 10 ildə Qazaxıstan Respublikasının iqtisadiyyatına 4 milyard ABŞ dolları məbləğində birbaşa Amerika investisiyası reallaşdı. 11 Sentyabr 2001-ci il hadisələri ikitərəfli münasibətlərə ayrıca əhəmiyyət qazandırdı. ABŞ tərəfi Qazaxıstanın beynəlxalq anti-terror koalisiyasına göstərdiyi dəstəyi məmnuniyyətlə qarşıladı. Bu məzmunda Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin 2001-ci il dekabr ayında Vaşinqtona etdiyi rəsmi səfər böyük əhəmiyyət qazandı. Ziyarət əsnasında “Qazax-Amerika əlaqələrinin yeni istiqamətləri haqqında” ortaq şərh verən Nursultan Nazarbayevlə və G. Buş iki ölkə arasındakı uzun müddətli strateji ortaqlığı daha da gücləndirmək üçün səy göstərəcəklərini dilə gətirdilər.

Asiya ilə Avropanın birləşdiyi yerdə olan Qazaxıstanın çox istiqamətli xarici siyasətində Qərb ölkələri ilə əlaqələrə ayrıca əhəmiyyət verilir. Son illərdə Avropa Birliyi ölkələri Qazaxıstanın böyük ticarət-iqtisadi ortağına çevrilib. Qazaxıstan iqtisadiyyatına qazandırılan xarici sərmayələrin 20%-i AB-nin payına düşür.

Avropa Komissiyasının keçmiş sədri R.Prodinin “Qazaxıstan-bölgədə Avropa Birliyinin etibarlı tərəfdaşıdır” fikri Birliyin Qazaxıstana bağlı siyasətinin göstəricisidir. Astana AB ölkələri arasında xüsusilə İngiltərə, Almaniya və Fransa, Yaxın Şərq ölkələrindən Ərəb dövlətləri, İsrail, İran, Cənubi Asiya ölkələrindən Hindistan, Pakistan, Uzaq Şərq ölkələrindən Koreya Respublikası və Yaponiya ilə sıx siyasi və ticarət-iqtisadi əməkdaşlığı inkişaf etdirmişdir.

Qazaxıstanın xarici siyasətinin prioritet istiqamətləri Rusiya, ABŞ, Çin, Avropa Birliyi, Orta Asiya ölkələri, bütün dünyadakı müsəlman ölkələrlə və Türk dünyası ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.

1992-ci ilin Yanvar ayında Qazaxıstan və Rusiyanın rəhbərliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalanmışdır. Bu müqavilə Oktyabr ayında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) halını almışdır. Qazaxıstan Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olmuşdur.

1994-cü ildə Qazaxıstan Beynəlxalq Atom Enerjisi Təşkilatına üzv oldu və təşkilat daxilində əsas nüvə təhlükəsizliyi (1996) və nüvə tullantılarının təhlükəsizlik əməliyyatları razılaşmalarını (1997) imzaladı. Dekabr ayında Budapeştdə Qazaxıstan Respublikasının Nüvə Silahsızlanma Paktına girməsi ilə əlaqədar Təhlükəsizlik Təminatı haqqındakı Memorandum imzalanmışdır.

1995-ci ildə Qazaxıstan və AB arasında tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi imzalanmışdır.

1996-cı ildə Qazaxıstan Şanxay Əməkdaşlıq Təşkilatının qurulmasında vasitəçi oldu.

2001-ci ildə Xəzər Boru Kəməri Konsorsiumunun rəsmi başlanğıcı qoyuldu. Qazaxıstan və ABŞ arasında enerji ortaqlığı üçün bir memorandum imzalandı.

2002-ci ilin 4 İyun tarixində ilk dəfə Asiyada Əməkdaşlıq və Güvən Artırıcı Tədbirlər Konfransı zirvəsi təşkil edildi. Tarixi Almatı Hərəkatı və terrorizmi aradan qaldırma və mədəniyyətlər arasında dialoqu təşviq etmə mövzularındakı Asiyada Əməkdaşlıq və Güvən Artırıcı Tədbirlər Konfransı Bəyannaməsi imzalandı.

2003-cü ilin 23-24 Oktyabr tarixlərinda Astanada Səmavi və Ənənəvi Dinlər Liderlərinin I Konqresi keçirildi.

2005-ci ildə Qazaxıstan ATƏT ilə dialoqa əhəmiyyət verərək, 2009-cu il üçün ATƏT-in dövri başçılığı üçün öz namizədliyini təklif etdi.

2006-cı ilin may ayından Qazaxıstan Prezidenti Nursultan Nazarbayev MDB ölkələri dövlət başçıları şurasının sədridir.

17 İyun 2006-cı ildə Asiyada Əməkdaşlıq və Güvən Artırıcı Tədbirlər Konfransının ikinci zirvəsi Almatıda gerçəkləşdi. Bu qurumun təşkilatlanması üçün əhəmiyyətli addım atıldı. Təşkilatın Baş Katibliyi quruldu.

Qazaxıstan xarici siyasətinin nüvəsində tarixi və geosiyasi ənənələri, iqtisadi və strateji prioritetlərin məqsədəuyğunluğu hiss olunur.

Qazaxıstan xarici siyasət sahəsindəki əsas mənbələr prezident Nazarbayevin əsərləri kimi qəbul edilə bilər – “Qazaxıstan yolu” və 2030-cu il üzrə Milli Strategiya.

Qazaxıstan Respublikasının 44 xarici ölkədə səfirliyi, 4 daimi nümayəndəliyi, 6 diplomatik missiyası, 8 baş konsulluğu və 10 konsulluğu fəaliyyət göstərir.

————————————————————————————————————

QIRĞIZISTAN

31 Avqust 1991-ci ildə müstəqilliyə qovuşan Qırğızıstan demokratik bir respublikadır. Dünyanın 135 ölkəsi Qırğızıstanın müstəqilliyini rəsmən tanımış, 96 ölkə ilə isə diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə ölkənin həyatında önəmli bir hadisə baş verir – Qırğızıstan Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunur. Bununla, Qırğızıstan öz mövqeyini bütün dünyaya çatdırmaq imkanı əldə etmiş oldu. Elə həmin il Qırğızıstan YUNESKO-ya üzv qəbul olunur. Qırğızıstan MDB məkanında ilk dövlətlərdəndir ki, Dünya Ticarət Təşkilatına üzv qəbul olunmuşdur. Hazırda paytaxt Bişkek şəhərində 20-dən çox xarici səfirlik və diplomatik nümayəndələr fəaliyyət göstərir. O cümlədən, dünyanın 20 ölkəsində Qırğızıstanın səfirlik və nümayəndəliyi xidmət göstərir. Respublika Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı və Dünya Bankı ilə beynəlxalq münasibətlər qurmuşdur. Beynəlxalq proseslərdəki imkan, potensial və mövqeyindən asılı olaraq, Qırğızıstan beynəlxalq yolunu özü təyin edir. İlk növbədə xarici siyasət Rusiya, Çin, Almaniya, Hindistan, Yaponiya, Türkiyə və ABŞ-la qarşılıqlı səmərəli münasibətlərin yaradılmasına yönəlib. Məsələn, Rusiya ilə əməkdaşlıq ölkənin sosial, iqtisadi, enerji, hərbi və nəqliyyat-kommunikasiya sahələrindəki perspektivli inkişafı üçün çox önəmli sayılır. Qırğızıstan ABŞ-la beynəlxalq terrorla birgə mübarizə sahəsində aktiv əməkdaşlıq edir. Təhlükəsizliyin təmin olunması, insan haqlarına riayət olunması, ekoloji problemlərin həlli və iqtisadi inkişaf məhz ATƏT-lə qurulmuş sıx əməkdaşlıq əlaqələri vasitəsilə həyata keçirilir.

Ölkənin xarici siyasəti dövlətin, vətəndaş cəmiyyətinin, idarəçilik və bələdiyyə orqanlarının maraq və məsuliyyətini bütün səviyyələrdə əks etdirir. Qırğızıstanın xarici siyasətinin əsas prinsipləri bunlardır: MDB və dünya dövlətləri ilə beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, neytrallıq nümayiş etdirmək, hərbi birlik və bloklarda iştirak etməmək, millətlər arası konfliktlərə yol verilməməsi və aradan qaldırılması, dövlət sərhədlərinin möhkəmləndirilməsi, eləcə də regional mövqelərin gücləndirilməsi, ölkənin müsbət imicinin yaradılması, dünya bazarında rəqabətə dözümlülüyün artırılması və s.

Şübhəsiz ki, bütün digər müasir dövlətlər kimi Qırğızıstan da xarici siyasət konsepsiyasında bəzi prioritet məqamları vurğulayır. Belə ki, Qırğızıstanın xarici siyasətində əsas prioritetlər başda XİN və digər institutlar, qurumlar olmaqla, xarici siyasət fəaliyyətinin təsiredici sistemini qurmaq, xarici siyasət metodları vasitəsilə ölkənin milli təhlükəsizliyini möhkəmləndirmək, milli inkişafı təmin etmək üçün münbit atmosfer yaratmaq və ölkənin müsbət imicinin möhkəmləndirilməsi.

Qırğızıstanın xarici siyasətində əsas fəaliyyəti Mərkəzi və Daxili Asiyanın birləşdirilməsi olaraq qalır. Respublika siyasi konfliktlərin sülh danışıqları yolu ilə həll edilməsini dəstəkləyir, qonşu ölkələrlə və digər uzaq xarici dövlətlərlə qarşılıqlı səmərəli iqtisadi əlaqələrin qurulmasına tərəfdardır. Regional səviyyədə xarici siyasətin əsas mahiyyəti qonşu Qazaxıstan, Çin, Özbəkistan və Tadcikistanla mehriban qonşuluq münasibətlərinin qorunub saxlanılması, qonşuların suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılmasıdır. Bu ölkələrlə, o cümlədə Rusiya ilə birlik yaradan Qırğızıstan kollektiv təhlükəsizlik məsələsinə böyük önəm verməkdədir. Dövlətlərin regional birliyi Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində mühüm elementlərdən biridir.

Qloballaşmanın imkanlarından maksimum dərəcədə istifadə olunması, beynəlxalq ictimaiyyətdə ölkənin mövqeləeinin möhkəmləndirilməsi, xarici investisiyaların cəlb edilməsi, milli təhlükəsizliyin təmin edilməsi – bütün bunlar Qırğızıstanın xarici siyasətində əsas istiqamətlər hesab edilir. Avrasiya İqtisadi Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı mal və xidmətlərin ümumi bazarının yaradılmasında, o cümlədən xarici iqtisadi fəaliyyətdə və ixracatın genişlənməsində ölkənin uzunmüddətli maraqlarını təmin edir.

Qırğızıstanın xarici siyasətinin əsas prioritetlərindən biri də silahsızlanma, terrorizm və narkotrafiklə mübarizədir. Qırğızıstan nüvə silahından azad bir zonadır.

Respublika özünün turistik cəhətdən cəlbedici olmasında maraqlı bir ölkədir. Qırğız xalqının zəngin mədəni irsi ildən-ilə çoxlu sayda Qərb turistlərini özünə çəkir. Hökumət ökədə telekommunikasiyanın inkişafına xüsusi diqqət yetirməkdədir.

Digər ölkələr kimi Qırğızıstan üçün siyasi istiqamətlər öz vətəndaşlarının ölkə daxilində və xaricində hüquq və maraqlarının qorunmasıdır.  Hökumət bu vəzifəsindən öhdəsindən, çətin də olsa, gəlməyə çalışır.

Qırğızıstan Respublikasının xaricdə 22 səfirliyi, 4 baş konsulluğu, 1 konsulluğu, 2 daimi nümayəndəliyi fəaliyyət gəstərir.

————————————————————————————————————

TÜRKMƏNİSTAN

22 Avqust 1990-cı ildə suverenliyini elan edən Türkmənistan 26 oktyabrda keçirilən referendum nəticəsində xalqın çox böyük bir hissəsinin müstəqilliyə səs verməsiylə, 27 Oktyabr 1991-ci ildə öz müstəqilliyini elan etmişdir.

Türkmənistanın müstəqilliyinin ilk günlərindən etibarən xarici siyasət prioritetləri aşağıdakı kimi olmuşdur:

• dünyaya açılma səyləri,

• təhlükəsizlik qayğıları,

• qonşularla yaxşı əlaqələr.

Türkmənistanın xarici siyasətinin ən diqqətə çarpan xüsusiyyəti ölkənin xarici siyasətini formalaşdıran dövlət başçısı Türkmənbaşının çox tərəfli, ya da regional cəhdlərə qarşı məsafəli və təmkinli davranışı olmuşdur.

Bunun başlıca səbəbləri arasında Türkmənistanın geopolitik mövqeyi ilə birlikdə qlobal güc mübarizəsində kiçik dövlət olmasının gətirdiyi “udulma qorxusu” ilə yanaşı təbii ehtiyyatlarının zənginliyindən doğuran narahatlıq əhəmiyyətli bir yer tutur.

Türkmənistanın tərəfsizlik statusunu əldə etmə səylərini yalnız qlobal dünyadakı güc mübarizəsində tərəf olmaqdan yayınma və təhlükəsizliyini qoruma siyasətinin bir nəticəsi olaraq şərh etmək yetərli sayılmaz. Türkmənistan özünün tərəfsizlik siyasəti ilə bölgə gücləriylə olan əlaqələrində iqtisadi və siyasi münasibətləri tərəf göstərməyərək yürütmək niyyətini də ortaya qoyur.

12 dekabr 1995-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasının 50-ci ildönümü və Türkmənistanın tərəfsizlik statusuna namizədlik istiqamətli çıxışında Türkmənistan prezidenti Saparmurat Niyazov “daimi tərəfsizlik” müraciətləriylə əlaqədar olaraq bu əhəmiyyətli həqiqətin altını cızmışdır: “… Bizim bu addımımız Türkmənistanda və regionda sülhün bərqərar olmasına böyük kömək edəcəkdir. Bu məsələ bizim üçün çox əhəmiyyətlidir. Çünki, Türkmənistan dünyanın çox əhəmiyyətli bir nöqtəsində, təbii ehtiyyatların ən zəngin olduğu bölgələrdən birində yerləşməkdədir. Bu vəziyyət bizim üçün “daimi tərəfsizlik” siyasətini qaçılmaz edir. Türkmənistan coğrafi əhəmiyyətli və həssas bir mövqedə yerləşdiyi üçün beynəlxalq əməkdaşlıqda daha diqqətli hərəkət edir. Buna görə də, Türkmənistan bugünə qədər qərəzsiz bir xarici siyasət yürütməyə çalışmışdır. Türkmənistan bundan sonra da “daimi neytral” bir ölkə olaraq, xarici və daxili siyasətini icra etmək istəyir. Bu barədə təşkilatın, təşkilat rəhbərinin və dövlət başçılarının təsdiqini xahiş edirik. ”

Türkmənistan xarici siyasətinin tərəfsizlik prinsiplərinə dayanacağını Türkmənbaşı ilk dəfə 10 İyul 1992-ci ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Finlandiyanın paytaxtı Helsinkidəki konfransında gündəmə gətirmişdir. ATƏT üzvlərinin liderləri Türkmənbaşının bu fikrinə dəstək vermişlər.

ATƏT üzvlərindən başqa digər ölkələr də bu fikrə dəstək vermişdir. Məsələn, İndoneziya Türkmənistana bu barədə hər cür dəstək verəcəyini açıqlamışdır. Türkmənbaşının 18 May 1995-ci il tarixində etdiyi Rusiya ziyarətində Rusiya bir daha Türkmənistanın tərəfsizlik statusunu dəstəklədiyini və bu dəstəyinin davam edəcəyini bildirmişdir. 15 Aprel 1995-ci ildəki EKO konfransında EKO üzvü olan dövlət başçıları da dəstəklərini ifadə etmişlər. Bitərəf Hərəkatının 20 Oktyabr 1995-ci ildə həyata keçirdikləri zirvədə də Türkmənbaşı 113 üzv dövlətin dəstəyini almışdır.

Bugün beynəlxalq səviyyədə davamlı qərəzsiz dövlət statusu olan ölkə kimi qəbul edilən dövlətlər bunlardır: İsveçrə (1815-ci ildən bu yana), Avstriya (1955-ci ildən bu yana) və Laos (1962-ci ildə bu yana). Lakin Laosun tərəfsizliyi Vyetnam müharibəsi zamanı 1964-ci ildən başlayaraq uzun müddət çeynənmişdir.

Lakin onu da ifadə etmək lazımdır ki, “daimi tərəfsizlik” statusu bugünə qədər heç bir dövlətin siyasətini köklü şəkildə əhatə etməmişdir. Bu dövlətlərin anlayışı ilə Türkmənistanın tərəfsizlik anlayışı arasında radikal fərqlər vardır. Bu dövlətlər bitərəflik statusunu yalnız hərbi cəhətdən istifadə edirsə, Türkmənistan beynəlxalq hüquq qaydalarına və BMT-nin müqavilələrinin əsas prinsiplərinə bağlılığını elan edərək, “daimi tərəfsizlik” anlayışını hərbi mənasıyla yanaşı, yerli və qlobal xarakteri, müddəti və Türkmənistanın öz iqtisadi inkişafıyla birləşdirərək, milli mənafeləri ilə dövrümüzün obyektiv ehtiyaclarını nəzərdə tutmuşdur. Bundan başqa, Türkmənistan geopolitik, tarixi, etnik və mədəni həqiqətləri nəzərə alaraq qurduğu mehriban qonşuluq əlaqələrini qarşılıqlı hörmət, tolerantlıq və anlayışa söykəyir.

Daimi qərəzsiz dövlət qanuni müdafiə vəziyyəti xaricində bir döyüşə qatıla bilməz. Bu səbəbdən, daimi qərəzsiz dövlət öz dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün öz silahlı qüvvələrini yaratmaq hüququna malikdir. Bununla yanaşı, daimi qərəzsiz dövlətin silahlı qüvvələrinin müdafiə üçün lazımi olan məqbul silahlanma həcmini (tutumunu) aşmaması lazımdır. Bu mövzuda Türkmənistan öz müdafiə doktrinası və beynəlxalq öhdəlikləri çərçivəsində, öz dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruya biləcək bir ölçüdə silahlı qüvvələrini yaratmışdır. Hər hansı bir hərbi hücum vəziyyətində də digər dövlətlərdən hərbi yardım istəmə haqqını əldə etmişdir.

Türkmənistan xüsusilə beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş qaydaları çərçivəsində, bütün beynəlxalq müqavilələrə tabe olmaqda və gərək olanı yerinə yetirməkdə borcludur. Döyüş və ya döyüşdən kənar zamanlarda daimi qərəzsiz olaraq Türkmənistan öz torpaqları üzərindən xarici bir dövlətin digər bir xarici dövlətə qarşı silahlı qüvvələrini keçirməməkdə borcludur. Türkmənistanın torpaqları terrorist qrupların meydana gəlməsində və ya inkişaf etdirilməsində və digər xarici dövlətlərin istifadə etmələri üçün hərbi baza olaraq istifadə edilə bilməz.

Beləcə Türkmənistanın sülh dövründəki öhdəlikləri yalnız hərbi bloklara və ittifaqlara qatılmama və öz ərazisində xarici hərbi bazaları yerləşdirməməklə bitməyib, eyni zamanda digər bütün dövlətlərlə sülhsevər bir xarici siyasət izləmək və hər hansı bir hərbi qarşıdurmaya səbəb ola biləcək əlaqələrdən çəkinməyi tələb edir.

12 dekabr 1995-ci il tarixli BMT-nin Baş Məclisinin “Türkmənistanın Daimi tərəfsizliyi Haqqındakı Qanun”u ratifikasiya edən dünya ölkələri Türkmənistana qarşı hər hansı bir güc tətbiq və təhdid etməməklə və ya Türkmənistandakı sülhü poza biləcək hər hansı bir fəaliyyət göstərməməkdə borcludur. Bundan əlavə, dünya ölkələri Türkmənistanın daxili işlərinə qarışmamakda və Türkmənistana qarşı edilən siyasi xarakterli təzyiqləri dəstəkləməməklə və Türkmənistanı hər hansı bir hərbi bloka girməyə məcbur etməməyə cavabdehdirlər. Dünya dövlətləri Türkmənistan ərazisinə xarici hərbi qüvvələrin və ya hərbi heyətin daxil olmasını və bu torpaqlar üzərində hərbi bazaların yaradılmasını əngəlləməyi də öhdələrinə götürürlər.

Nəticə etibarilə, bugünə qədər izlədiyi siyasətdən də bir daha aydın olduğu kimi, Türkmənistanın xarici siyasətinin təməl daşı “daimi tərəfsizlik” statusudur. Türkmənistanın “daimi tərəfsizlik” statusuyla əldə etdiyi uğurları bu şəkildə qısaca sıralamaq olar:

1. “Daimi tərəfsizlik” statusunun Türkmənistana verdiyi uğurların ən başlıcası “təhlükəsizlik” və “sabitlik” hesab edilir;

2. Bu səbəbdən ciddi mənada bir silahlanmağa ehtiyac duyulmur. Qaynaqlarını ölkənin inkişafına yönləndirir;

3. Xarici investisiyaların əhəmiyyətli dərəcədə ölkəyə axması təmin edilir;

4. İstədiyi zaman BMT-yə üzv ölkələrdən iqtisadi və texniki yardım hüququna sahibdir;

5. Ölkəyə bölgədə və dünyada əhəmiyyətli bir prestij və hörmət qazandırmışdır.

Bu yazını Facebookda şərh et