ANA

Allahın yer üzündə tək elçisi sanmışam,
Allah qədər sevmişəm, ona bağlı olmuşam.
Gecələr sübhə qədər laylasını duymuşam,
Mən kiçik zərrəsiyəm o müqəddəs anamın,
Dərdimi dərdi sanıb, dərdlərimə yananın.
Sözüdür, duasıdır məni daim yaşadan,
Ən böyük dəstəyidir, köməyidir Yaradan.
Məni hər gün dindirən, ruhumu canlandıran,
Xoş  sözü, sədasıdır o mehriban anamın,
Dərdimi dərdi sanıb, dərdlərimə yananın.
Anamdır bu həyatda tək müdafiəm mənim,
Həm ən böyük sirdaşım, həm mütaliəm mənim.
Hər zaman xəyalımı məşğul eyləyən mənim,
Üzüdür, simasıdır o müqəddəs anamın,
Dərdimi dərdi sanıb, dərdlərimə yananın.
Allah da sevər onu, dərgahında yer eylər,
Mərhəmətdən pay verib, duasın qəbul eylər.
Mələklər gecə-gündüz önündə pərvaz eylər,
Qulluğunda dayanar o müqəddəs anamın,
Dərdimi dərdi sanıb, dərdlərimə yananın.
Anam, icazə ver, əlindən öpüm sənin,
Mənim dərdimi çəkən gözündən öpüm sənin,
Ayaq basıb gəzdiyin torpaqdan öpüm sənin.
Cənnət sayılır cənnət, o yer ki, o məkan ki,
Ayağı altda qalıb o müqəddəs anamın,
Dərdimi dərdi sanıb, dərdlərimə yananın.
Əhməd ŞAHİDOV
24 Sentyabr 2010-cu il, saat 01:22
Bu yazını Facebookda şərh et