BU DÜNYANIN ƏVVƏLİ VAR, SONU VAR

Adam, uyma bu dünyanın malına,
Bu dünyanın əvvəli var, sonu var!
Təsadüfdən yaranmayıb bu dünya,
Bu dünyanı xəlq etdirən biri var.
Uyma cin, şeytanın hər fitvasına,
Getmə şər qüvvənin şər sədasına.
Haqq ilə yaşamaq, ruhu pak olmaq,
Olsa da, ömürlük can bahasına,
Yenə dönmə haqq yolundan, təmiz ol,
Çünki, haqq yolunun xoş sədası var.
Bu dünyanın əvvəli var, sonu var!
Allah olsun hər kəlmənin əvvəli,
Qoy İnşallah olsun son sözün sənin.
İbadətdir yer üzünün təməli
O dünyada qoy Cənnət olsun yerin.
Çalış əl tut kimsəsizə, yetimə,
Bir ac qarnı doyuzdursan, nə olar?!
Kömək etsən, səndən uman hər kimə
Yaxşılığın Yaradandan payı var.
Bu dünyanın əvvəli var, sonu var!
Dilin yalan söyləməsin heç zaman,
Uzaq ol nifrətdən, uzaq ol kindən.
Oxu, öyrən, gör nə söyləyir Quran,
Öyrən, nə istəyir Yaradan səndən.
Deyir, Ona ibadət et, dua et,
Şükr eylə ömrünün hər bir gününə,
Namaz qıl, Oruc tut, Haqq yoluyla get,
Salam ver kim çıxsa sənin önünə.
Çünki hər salamın min savabı var.
Bu dünyanın əvvəli var, sonu var!
Öldürmə heç zaman heç bir bəndəni,
Ən böyük günahdır, əfv etməz səni.
Lakin düşmən torpağına qəsb etsə,
Öldürsə atanı, ananı sənin,
Yandırsa evini, yaxsa malını,
Toxunsa qəlbinin siminə sənin.
Durma, mübariz ol, qoru özünü,
Dörd aç gözlərini, söylə sözünü
Məhv eylə düşmənin canlı qüvvəsin,
Qov onu yurdundan, öz torpağından
Ucadan bəyan et, duyulsun səsin,
Allahu Əkbər de, əlində Quran,
Vuruş, vuruş, şəhid olsan, anılar,
Şahidlərin tək Cənnətdə yeri var.
Bu dünyanın əvvəli var, sonu var!
Əhməd ŞAHİDOV
21 Avqust 2010-cu il, saat 00:42
Bu yazını Facebookda şərh et