Azərbaycanlı əsir və girovların taleyi naməlum olaraq qalır – Əhməd Şahidov Baku TV-ə danışıb

Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti özünü bir çox formalarda büruzə verir. Onlardan ən dəhşətlisi olan humanitar problem isə daha çox etnik təmizləmə siyasətinin aparılması, insanların əsir-girov götürülməsi və itkin düşərək sonrakı talelərinin qaranlıq qalması ilə müşayiət edilir.

Münaqişənin başa çatmasına rəğmən, Ermənistan tərəfindən əsir və girov götürülən qadın, qoca, uşaq da daxil olmaqla 3890 nəfər hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Ən acınacaqlısı isə odur ki, beynəlxalq hüquq normalarına, müharibə qaydalarına zidd olaraq əksəriyyəti Ermənistanın birbaşa nəzarəti altında insan alverinin qurbanına çevrilib, şəxsiyyətləri və ləyaqətləri alçaldılıb, biri-birinə qarşı fiziki zorakılıq, alçaldıcı əməllər törətməyə məcbur edilib.

Mənfur düşmənin İkinci Qarabağ müharibəsində itkin düşən 7 nəfərin taleyi barədə də məlumat verməməsi isə illər keçməsinə baxmayaraq, erməni xislətinin dəyişmədiyindən xəbər verir.

Mövzu ilə bağlı Baku TV-ə danışan Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidovun sözlərinə görə, rəsmi Bakı hər zaman humanizm prinsiplərini rəhbər tutaraq, əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib: “Azərbaycandan fərqli olaraq girov götürülənlərə qarşı qeyri-insani davranış sərgiləyən Ermənistan isə unutmasın ki, azərbaycanlı əsirlərin başına gətirdiklərinə görə mütləq cavab verəcək.”

Bu yazını Facebookda şərh et