“20 Yanvar Şəhidləri Azərbaycanın müstəqillik rəmzidir” – Əhməd Şahidov TRT World kanalına müsahibə verib

Bu gün Azərbaycan xalqının tarixində çox vacib bir gündür. 20 Yanvar kədər günü olsa da, əslində bu gün həm də Azərbaycan xalqının qəhrəmanlıq tarixinin rəmzidir. Çünki 31 il əvvəl Azərbaycan xalqı Sovet İmperiyasına etiraz səsini ucaltdı və bu səsi boğmaq istəyən Sovet hökuməti Bakıya qoşun göndərdi. Məqsəd Azərbaycan xalqının azadlıq ruhunu öldürmək və azadlıq mübarizəsini boğmaq idi.

Bu, həm də qeyri-bərabər bir mübarizə idi. Tankların üstündəki silahlı əsgərlər mülki əhaliyə qarşı idi. Minlərlə insan küçələrə çıxdı və tankların qarşısında dayandı. Bu, 15 İyul 2016-cı ildə Türkiyədə baş verənlərə bənzəyirdi. Əslində, 20 Yanvar tarixində Azərbaycanda baş verənlər Türkiyədəki 15 İyul hadisələrinə bənzəyir. Hər iki ölkədə də xalq tarix yazdı, terrorçulara qarşı silahsız döyüşdü və dövlətlərini müdafiə etdi.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov TRT World Televiziyasına müsahibəsində 20 Yanvarın Azərbaycan xalqı üçün qəhrəmanlıq səhifəsi olduğunu söylədi: “Məhz bu hadisədən sonra Sovet İmperiyası dağılmağa başladı və bütün postsovet respublikalarında azadlıq hərəkatları start götürdü. Ancaq ən ağır qırğınlar Bakıda, ən çox qurbanlar Azərbaycanda baş verdi.

Bir sözlə, bu hadisələr baş verməsəydi, 1990-cı il yanvarın 20-də Azərbaycanın qəhrəman oğul və qızları küçələrə çıxıb işğalçı Sovet ordusuna qarşı döyüşməsəydi, bəlkə də bu gün Azərbaycan Cümhuriyyəti adlı müstəqil bir ölkə olmazdı. O günlərə borcluyuq və tariximizlə fəxr edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. ” – Əhməd Şahidov dedi.

Bu yazını Facebookda şərh et