“Bu qələbə Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi” – Əhməd Şahidov ANews kanalına geniş müsahibə verib

Uzun illərdir davam edən Dağlıq Qarabağ münaqişəsi bugün özünün məntiqi sonuna çatdı. Müharibə bitdi və beynəlxalq hüququn tələbləri yerinə yetirildi.

Son 50 gün ərzində Azərbaycan öz suveren hüququndan istifadə edərək, uğurlu hərbi əməliyyatlar həyata keçirdi və ilk növbədə öz vətəndaşlarını müdafiə etməklə, işğal altında olan ərazilərini azad etdi.

Dünən strateji əhəmiyyət daşıyan Şuşa şəhəri azad edildi və bununla da Dağlıq Qarabağ münaqişəsinin məntiqi sonu yetişdi.

Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında imzalanan sülh müqaviləsi qüvvəyə mindi.

Mövzu ilə bağlı ANews Televiziyasına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bildirdi ki, bugün imzalanan müqavilə regionda uzun müddətli sülhün bərqərar olması məqsədi daşıyır: “Rusiyanın bu münaqişədə həlledici rol oynayacağı gözlənilən idi. Düşünürəm ki, Türkiyə də gələcək danışıqlarda yaxından iştirak etməlidir. Bu müqavilə Azərbaycan tərəfinin uzun illər ərzində irəli sürdüyü şərtlərin həyata keçməsidir. Əfsuslar olsun ki, Ermənistan indiyə kimi beynəlxalq hüququn tələblərini yerinə yetirməyi və sülh danışıqlarına başlamağı rədd edirdi. Nəhayət ki, bugün Nikol Paşinyan hökuməti reallıqları qəbul etməyə məcbur edildi.”

Bu yazını Facebookda şərh et