“ATƏT-in Minsk Qrupu üzvü olan ölkələrə inamımız qalmayıb” – Əhməd Şahidov TRT Arabia kanalına müsahibə verib

Bugün Dağlıq Qarabağ cəbhəsində vəziyyət gərgin olaraq qalmaqdadır. Belə ki, Ermənistan sonuncu atəşkəs razılaşmasına əməl etməyərək, Azərbaycanın Tərtər rayonu ərazisində yerləşən mülki hədəfləri və mülki vətəndaşları atəşə tutur.

Bu təxribatlara cavab olaraq, Azərbaycan Ordusu əks hücuma keçir, düşmənin atəş nöqtələrini zərərsizləşdirir və eyni zamanda yeni-yeni əraziləri erməni işğalından azad edir.

Bugün heç 1 ay tamam olmayıb ki, artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər və Qubadlı rayonlarının bir hissəsi erməni işğalından azad olunub.

Rəsmi Yerevan davamlı şəkildə inkar etsə də, əslində Ermənistan bu münaqişədə birbaşa iştirak edir.

TRT Arabia Televiziyasına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitununun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-1994-cü illərdə qəbul etdiyi 4 məlum qətnamə son 30 ildə yerinə yetirilməyib: “Lakin Azərbaycan Ordusu son 30 gün ərzində bu qətnamələrdən artıq ikisini icra edə bilib. Son həftələr ərzində Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində BMT Təhlükəsizlik Şurasının 874 və 884 saylı qətnamələri icra olunmuş sayılır. 822 və 853 saylı digər iki qətnamələrin isə yaxın həftələrdə yerinə yetiriləcəyi gözlənilir.”

Bu yazını Facebookda şərh et