“Azərbaycan Ordusu BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini döyüş meydanında həyata keçirməkdədir” – Əhməd Şahidov TRT Arabia kanalına danışıb

Bugün cəbhədə vəziyyət gərgin olaraq qalmaqdadır və Ermənistan ordusu mülki vətəndaşları və mülki hədəfləri atəşə tutmaqda davam edir. Buna cavab olaraq, Azərbaycan ordusu düşmənin atəş nöqtələrini susdurmaq üçün ardıcıl hərbi əməliyyatlar həyata keçirir. Bugün, Dağlıq Qarabağ cəbhəsində intensiv atışmalar davam etməkdədir və Oktyabrn 18-də elan olunmuş atəşkəs razılaşması artıq pozulub. Bunun bütün məsuliyyəti isə Ermənistan tərəfinin üzərinə düşür.

Digər tərəfdən, beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələr atəşin dayandırılması və danışıqlara başlamaqla bağlı tərəflərə çağırışlar etməkdədirlər. Azərbaycan danışıqlara başlamağa hazırdır. Lakin bunun üçün konkret prinsiplərə əməl olunmalıdır. Ölkələrin ərazi bütövlüyü və beynəlxalq hüququn tələbləri əsas şərt olraq qəbul edilməlidir. Belə olan halda, Azərbaycan danışıqlara başlamağa hazırdır.

Lakin Ermənistan sülh danışıqlarına hazır deyil və rəsmi Yerevanın belə bir niyyəti də yoxdur. Bugün Ermənistan baş naziri Nikol Paşinyanın açıqlaması belə deməyə əsas verir.

Ermənistanın baş nazirinin diplomatik həll yollarının olmaması barədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Ermənistan bu münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil. Məhz bu bəyanatla Ermənistan hakimiyyəti etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycan torpaqlarını işğal altında saxlamaqdır. Beləliklə, bir daha aydın olur ki, münaqişənin sülh yolu ilə həlli barədə rəsmi Yerevanın bəyanatları yalandan başqa bir şey deyil.

Ermənistanın baş naziri Nikol Paşinyanın bu açıqlaması iki ölkənin xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvaya ziyarəti zamanı və ABŞ-ın təşəbbüsü ilə Vaşinqtona gözlənilən səfəri öncəsi səslənməsi düşündürücüdür. Son günlər etdiyi açıqlamalarda və xarici mətbuata verdiyi müsahibələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan danışıqlara başlamağa və münaqişənin diplomatik yollarla həllinə hazırdır. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında münaqişənin həll olunmasını dəstəkləyir.

TRT Arabia Televiziyasına açıqlama verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Paşinyanın son açıqlaması Ermənistanın bu münaqişənin həllində maraqlı olmadığını göstərdi: “Azərbaycan Ordusu BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini döyüş meydanında həyata keçirməkdədir və bugün çox uğurlu hərbi əməliyyatlar aparır. Hər gün yeni kəndlər və yaşayış məntəqələri işğaldan azad olunur. Azərbaycan Prezidenti İlham Əliyev bir daha bəyan edib ki, artıq ortada status-kvo yoxdur. Azərbaycan status-kvonu dağıdıb və bu addım doğrudur. Azərbaycan 30 ildir ki, gözləyirdi. Hələ 10 il bundan əvvəl ATƏT-in Minsk Qrupu həmsədrləri və həmsədr ölkələrin prezidentləri səviyyəsində bir bəyanat verildi ki, status-kvo qəbuledilməzdir. Biz də bunu dəstəklədik, bəyəndik, bizdə böyük ümidlər yarandı və bundan sonra danışıqlar masasında əldə olunan bəzi irəliləyişlər bizim ümidlərimizi yüksəltdi. Lakin Ermənistan Azərbaycanı və beynəlxalq ictimaiyyəti sadəcə aldatdı. Bu, həm də beynəlxalq vasitəçilərə hörmətsizlik idi.”

Bu yazını Facebookda şərh et