“Ermənistan tərəfi Moskvada əldə edilən atəşkəs razılaşmasını heçə sayır” – Əhməd Şahidov TRT Arabia kanalına danışıb

Tərəflər arasında əldə olunmuş atəşkəs razılığına baxmayaraq, erməni tərəfi üçüncü gündür ki, mülki əhalini və inzibati obyektlərə atəş etməyə davam edir.

Ermənistan silahlı qüvvələri humanitar barışığa əməl etmir və Azərbaycanın döyüş əməliyyatları ərazisindən kənarda yerləşən şəhər və kəndlərinə raket və top atəşi etməyə davam edirlər.

11 Oktyabr gecəsi Azərbaycanın ikinci ən böyük şəhəri olan və cəbhə bölgəsindən çox kənarda yerləşən Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub. Hücum zamanı 7 mülki şəxs həlak olub və yetkinlik yaşına çatmayanlar da daxil olmaqla 34 nəfər yaralanıb.

TRT Arabia Kanalına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, humanitar atəşkəs razılaşmasından sonra Ermənistan silahlı qüvvələri tərəfindən dinc sakinlərin və şəhərlərin atəşə tutulması barbarlığın daha bir bariz nümunəsidir və Ermənistan rəhbərliyinin atəşkəs çağırışları ikiüzlülükdən başqa bir şey deyil.

Çünki Ermənistan ordusu atəşkəsi pozur, təmas xəttindəki kəndləri atəşə tutur və dinc sakinləri öldürür. Hüquq müdafiəçisi Ermənistanın işğal etdiyi bütün torpaqlardan çıxmalı olduğunu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının zəruliyini bildirib. Və yalnız bundan sonra tərəflər arasında hər hansı sülh danışıqlarının mümkünlüyünü vurğulayıb.

Bu yazını Facebookda şərh et