Hüquq müdafiəçisi beynəlxalq təşkilatlara müraciət etdi: “Bu, bizim son şansımızdır”

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov beynəlxalq təşkilatlara və xarici dövlət və hökumət başçılarına video müraciət göndərib.

Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin altı ildir ki, ermənilər tərəfindən qanunsuz olaraq girov saxlanıldığını deyən hüquq müdafiəçisi beynəlxalq qurumları bu məsələdə kömək etməyə və rəsmi İrəvana təzyiqləri artırmağa çağırdı: “İki azərbaycanlının – altı ildir ki, ermənilər tərəfindən qanunsuz girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyatı üçün təhlükə var. Onlar ölə bilərlər.

Bir hüquq müdafiəçisi olaraq sizə müraciət edirəm ki, bu məsələdə bizə kömək edəsiz. Ermənistan hökumətinə təzyiq göstərin, rəsmi İrəvanla danışıqlar aparın və bu pandemiya dövründə əsir və girovların qarşılıqlı mübadiləsinin zəruriliyinə onları inandırın.

Bu, hamımız üçün son şansdır. Bəşəriyyət üçün son şansdır. Bu, bütün insanlıq üçün son şansdır, inanın mənə.

Bu, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün son şans ola bilər. Əsir və girovları dəyişdirə bilsək, gələcəkdə münaqişə tərəfləri arasında konstruktiv dialoqa nail ola bilərik.” – hüquq müdafiəçisi Əhməd Şahidov bildirib.

Bu yazını Facebookda şərh et