BƏSDİR DAHA!

Bəsdir daha, dostlar, bəsdir bu həyat,
Bəsdir daha sıxdı bizi hər saat.
Günahımız nə idi ki, doğulduq,
Həm yaşadıq, həm günahla boğulduq.
Günahımız o oldu ki, inandıq.
İnandıq ki, cəhənnəm var, cənnət var.
Yaşadıqca çox günahlar qazandıq,
Cənnət deyib, cəhənnəmə yollandıq.
Bəsdir daha!

*****

Bəsdir daha nağıllara inandıq,
İnandıq ki, yaxşılıq var, pislik var.
Çox yaxşıyıq, çox təmizik bağırdıq,
Amma nadanlığı düzgünlük sandıq.
Əzdik gücsüzləri, vurduq zəifi,
Taladıq yoxsulu və evsizləri.
İnsanlar öldürdük, çox canlar aldıq,
Öldürə-öldürə bir-bir azaldıq.
Bəsdir daha!

*****

Bəsdir daha pul və var-dövlət üçün
Ailələr qurduq, nigahlar qurduq,
Pul üstə qurulan bədbəxt ailələr,
Sonradan dağılan ocaqlar gördük.
Sevgiyə inandıq, guya ki, sevdik
Sevgisiz anları bir həsrət sandıq,
Axırda xəyanət görüb usandıq,
Bezdik bu həyatdan, şam kimi yandıq.
Bəsdir daha!

*****

Ölkə qurduq, dedik olduq müstəqil,
Daha öz başımız, öz əlimiz var.
Öz gerbimiz, öz himnimiz, ordumuz,
Bu idimi bizim xoşbəxt sonumuz?!
Bu idimi xoş gələcək, firavan
Azad ölkə, azad insan, azad can,
Yüz minlərlə qaçqınımız çadırda
Su-çörəyi yeyir yavan-yavan!
Bəsdir daha!

*****

Bəsdir daha əcnəbilər önündə,
Boynu bükük, əzik durumda qaldıq.
Qarabağ satıldı, torpaqsız qaldıq,
Özümüzü şərəfsiz və qeyrətsiz
İyrənc ölkələrdən asılı saldıq.
Bəsdir daha bizə həyat dərsləri,
Necə yaşamağı başa salsınlar.
Özümüz birləşib bir millət kimi
Yaşayaq, yaradaq, bir yumruq olaq,
Qoy düşmənlərimiz bizdən qorxsunlar!
Bəsdir daha!

*****

Bəsdir daha özümüzü danladıq,
Nifrət etdik, ayaq qazdıq, qatlandıq,
Əzildik, həm əzdik, düşmən tək olduq,
Biri müxalifət, biri iqtidar,
Digəri bitərəf, başqası dindar.
Hamısı haqlıdır, hamısı yalan,
Gəl bu yalanlardan sən də baş çıxar.
Millət də, dövlət də lap unudulmuş,
Cılız əqidələr, xırda məqsədlər,
Yalançı liderlər peyğəmbər olmuş.
Bəsdir daha!

Əhməd Şahidov
01 May 2010-cu il, saat 02:08, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et