YETİM OĞLAN

Kasıb bir daxmada sadə bir ailə,
Yaşayır çarəsiz, kasıb gün sürür.
Allah var-dövləti əsirgəsə də
Verir bu ailənin övlad payını.
Sevinir atası, sevinir ana
Çünki can veribdir kiçik oğlana.
Ailənin sevinci çox uzun sürmür,
Yaşamaq, dolanmaq lap ağırlaşır
Ailənin qayğıları da aşıb-daşır.
Ata gecə-gündüz çöldə işləyir,
Balaca oğlunu yedirtmək üçün
Ən ağır, ən çətin işə girişir
Təki quru çörək qazanmaq üçün.
Ağır zəhmət xəstəliyə yol açır
Düşür yorğan döşəyə fəhlə ata.
Özünü yox, tək oğlunu düşünür
İstəmir oğlunun həyatı bata.
Lakin fələk ona macal verməyir,
Xəstə ata dünyasını dəyişir.
İndi bu ailənin dayağı olan
Oğlan yetimliyə artıq öyrəşir.
Keçir uzun illər, oğlan böyüyür,
Böyüyür ac-susuz günlər yaşayıb.
Lakin anasından bir xahiş edir.
İstəyir oxusun, məktəbə getsin.
Böyüyüb dəyərli bir insan olsun.
Uzun illər boyu təhsilin alır,
Lap cavan yaşında istedad olur.
Atasın, anasın ümidlərini
Doğruldur, onların dayağı olur.
Uğur ona dostluq edir işində,
Saç ağardır Vətənin keşiyində.
Gəlib vəzifənin lap beşiyində
İtirir anasın, kimsəsiz qalır.
İndi o rəhbərdir, məqam sahibi
Ona boyun əyir yüzlərlə insan,
Amma yenə boynu bükük hərlənir
Çünki yetim qalıb bu gənc yaşında.
Çox istərdi ata-anası olsun,
Onlar da sevinsin, ürəyi dolsun.
İndi çox dostları var bu oğlanın,
Hamısı imkanlı, hamısı məşhur
Hamısı ölkənin rəhbər şəxsləri
Hamısı dayaqdır, arxadır ona.
Amma yenə təkdir, tənhadır oğlan
Yetimdir, kimsəsi yoxdur dünyada
Bir sığal çəkməyə, dərd bölüşməyə,
Axtarır atanı, gəzir ananı
Dolur göz yaşları göz bəbəyinə
Kövrəlir ürəyi, ağlayır hər gün
Axtarır hər yanda dərdə yananı.
Düşünür, necədir indiki həyat,
Var-dövlət, vəzifə və hakimiyyət,
Dörd yanı qulluqçu, dörd yanı adam.
Amma əvəz edə bilməz ananı.
İstəyir yenidən gəlsin dünyaya,
Doğulsun həminki yoxsul daxmada.
Ac qalsın, su içsin çörək yerinə
Amma anasının yanında olsun.
İstəyir ölməsin heç vaxt analar,
Daim yaşasınlar onlar həyatda.
Hər zaman əlindən öpsün ananın,
Dizində baş qoyub yatsın ananın!

Əhməd Şahidov
29 Aprel 2010-cu il, saat 01:53, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et