“Güllük kənd məscidinin ciddi təmirə ehtiyacı var” – Əhməd Şahidov kənd məscidini ziyarət edib

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Güllük kəndində olarkən kənd məscidini ziyarət edib. XIX əsrdə inşa edilmiş Güllük kənd məscidi həm də tarixi abidədir və son illər Qax rayonunda baş vermiş zəlzələlər zamanı Güllük kənd məscidi də ciddi zərər görüb. Deputatlığa namizəd Əhməd Şahidov məscid və kilsələrə hər zaman xüsusi diqqət göstərdiyini qeyd edib və deputat seçiləcəyi təqdirdə Güllük kənd məscidinin təmir edilməsi məsələsini gündəmdə saxlayacağını bildirib.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et