Sərbəst toplaşmaq azadlığı, insan haqları və vətəndaş məsuliyyəti – Hüquq müdafiəçisi Əhməd Şahidovun qeydləri

Son günlər sosial şəbəkələrdə aktiv müzakirələr aparılır. Mövzu Bakı şəhərinin mərkəzində keçirilməyə cəhd edilən etiraz aksiyaları ilə bağlıdır.

Bu mövzunu həm bir hüquq müdafiəçisi və eyni zamanda, bir vətəndaş mövqeyindən, həm də Azərbaycan reallığından qiymətləndirməyə çalışacam.

Əvvəla, onu bildirməliyəm ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə görə, sərbəst toplaşmaq azadlığı xalqın, vətəndaşların fundamental azadlıqlarında təsbit olunmuş hüquqlarından biridir. Mitinqləri, kütləvi aksiyaları təşkil etmək siyasi təşkilatların fəaliyyət istiqamətlərindən biridir, hər bir təşkilatın kütləvi aksiyalar keçirmək hüququ var.

Qanunda o da açıq şəkildə təsbit olunub ki, istənilən etiraz aksiyaları – mitinq, piket və yürüşlər yerli icra hakimiyyəti orqanları ilə RAZILAŞDIRILMALIDIR. Bu, bizim hüququmuzdur, buna görə icazə almaq nəzərdə tutulmur. Lakin məkanı, zamanı və formatı razılaşdırmaq vacibdir.

Sual oluna bilər: Nə üçün etiraz aksiyası müvafiq dövlət qurumları ilə razılaşdırılmalıdır?!

Çünki, müvafiq hakimiyyət orqanları həmin aksiyanın təhlükəsizliyini (həm aksiya iştirakçılarının, həm də ətrafdakı vətəndaşların təhlükəsizliyini) və rahatlığını təmin etməlidir. Bu, müvafiq dövlət qurumlarının birbaşa borcudur. Çünki, aksiyaya qatılan vətəndaşların başına bir iş gəlsə, ətrafdakı sıravi vətəndaşlar zərər görsə, bunun bütün məsuliyyəti birbaşa dövlət qurumlarının üzərinə düşür.

Odur ki, icra orqanları aksiyanın məkan və zamanını nəzərdən keçirir, vətəndaşların təhlükəsizliyini və rahatlığını nə dərəcədə təmin edə biləcəyini analiz edir və müvafiq qərar verir. Bu, Qanunda açıq şəkildə öz əksini tapıb.

Bucür aksiyalardan biri Oktyabr ayının 8-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) önündə Milli Şura və AXCP tərəfindən keçirildi. Əvvəlcədən razılaşdırılmış qaydada konkret məkanda və vaxtda aksiya baş tutdu. Şəhərin mərkəzində – nəqliyyat qovşağında, təhsil müəssisələrinin sıx yerləşdiyi ərazidə, o cümlədən müxtəlif ticarət və iaşə obyektlərinin yerləşdiyi ərazidə keçirilməsinə baxmayaraq, hüquq mühafizə orqanları həm aksiya iştirakçılarının, həm də ətrafdakı vətəndaşların təhlükəsizliyini tam təmin etdi. Polis öz vəzifə borcunu yerinə yetirdi.

Bundan 10 gün sonra həmin siyasi qüvvələr yenidən etiraz aksiyası keçirmək qərarına gəldilər. Bu dəfə də təşkilatçılar şəhərin mərkəzində mitinq keçirmək istədiklərini bildirdilər, lakin bu aksiya yerli icra hakimiyyəti orqanları ilə RAZILAŞDIRILMADI.

Nə üçün razılaşdırılmadı?! Nə mane oldu buna?! Gəlin diqqət edək.

Məkan olaraq, 28 May metro stansiyasının qarşısı seçilmişdi. Paytaxt sakinləri yaxşı bilirlər ki, bu ərazi son 30 ildir ki, Bakı şəhərinin ən böyük HUBu sayılır, yəni paytaxt əhalisinin təqribən yarısı hər gün bu ərazidən istifa edir – 28 May metro stansiyası hər gün yüz minlərlə sərnişin daşıyır, dəmiryol vağzalı ölkənin ən əhəmiyyətli və strateji obyektləri siyahısındadır, ətrafda universitetlər, ticarət obyektləri, avtobus dayanacaqları, yeraltı ticarət mərkəzləri və digər onlarla iaşə obyektləri fəaliyyət göstərir.

Bu ərazidə günorta saatlarında gəzərkən istər-istəməz kiminsə çiyninə toxunursan. Bu, qaçılmazdır. Və belə bir ərazidə etiraz aksiyası keçirmək nə qədər yolverilməzdirsə, həmin aksiyanın təhlükəsizliyini, ümumiyyətlə ətrafdakı vətəndaşların və obyektlərin toxunulmazlığını tam təmin etmək də bir o qədər mümkünsüzdür.

Odur ki, müvafiq icra orqanları 28 May meydanında (əslində ora meydan demək də doğru deyil, hər tərəf nəqliyyat vasitələri və iaşə obyektlərinin istifadəsindədir) etiraz aksiyasının keçirilməsini məqbul saymayaraq, alternativ məkanlar təklif etdilər. Qanunvericiliyə əsasən, bu, tam normaldır. Daha təhlükəsiz və münasib yer təklif olunub.

Alternativ yer niyə qəbul olunmayıb bəs?! – Burada bir qədər siyasi baxış sərgiləmək lazım gəlir.

Alternativ məkan şəhər mərkəzindən bir qədər kənarda olsa da, ərazi baxımından xeyli genişdir. Lakin həmin ərazini aksiya iştirakçıları ilə doldurmaq ayrıca bir problem kimi görünür. Çünki, sıralarında onminlərlə üzvün toplaşdığını iddia edən siyasi qüvvələrin ən azından yüz minlərlə tərəfdarı olmalıdır. Məntiq belə deyir. Həmin siyasi qüvvələr də hər dəfə açıqlamalarında bildirirlər ki, “Azərbaycan xalqı onları dəstəkləyir”.

Azərbaycan Respublikası isə 10 milyon 35 min 351 nəfərdən ibarətdir. Faktiki olaraq, bugün ölkədə azı 8 milyon əhali yaşayırsa, və onların 1 faizi 80 min nəfər edir. Bəlkə də həmin siyasi qüvvələrə münasibətdə subyektiv rəqəmlər səsləndirirəm, amma yenə də minimum faiz dərəcəsini nümunə olaraq, götürmək qərarına gəlmişəm.

80 min nəfər üzvü olan siyasi qüvvənin tam yarısı – 40 min nəfəri aksiya keçirilən gün Bakıda olmaya bilər, kimsə şəxsi işləri ilə bağlı aksiyaya qoşulmaz, kimlərsə xəstə olar və sairə çoxlu sayda səbəb göstərə bilərik. Yerdə qalır 40 min nəfər…

Gəldik, məsələnin kökünə. 40 min nəfər insan Tofiq Bəhramov adına Respublika Stadionunu doldurmağa imkan verəcək qədər çox insan deməkdir. Bu qədər insanla Bakının istənilən meydanlarını, hətta mərkəzdən kənarda yerləşən Lökbatan qəsəbəsindəki meydanı da doldurmaq mümkündür. Sərbət toplaşmaq azadlığı isə məkandan asılı olmayaraq, hər yerdə təmin edilə bilər…

2019-cu ildə yaşayırıq. İstənilən yerdə möhtəşəm mitinq keçirib, foto və video çəkilişlər edib (təbii ki foto montajsız görüntülər nəzərdə tutulur), inernetdə canlı yayımlar edib, bununla həm siyasi iqtidara, həm Azərbaycan xalqına, həm də bütün dünya ictimaiyyətinə öz tələb və şüarlarını çatdırmaq mümkündür.

Amma adıçəkilən müxalif qüvvələr israrla 28 May metrosu ətrafındakı ərazini tələb edirlər və razılaşdırılmadığı halda belə həmin aksiyaya cəhd edirlər. Nə üçün?! Səbəb nədir görəsən?!

Onlar yaxşı anlayırlar ki, ilk növbədə onların Azərbaycan əhalisinin 0,4 faizi qədər, yəni 40 min nəfər üzvü və tərəfdarı yoxdur. Geniş meydanları doldurmaq mümkün olmayacaq.

Onlar yaxşı anlayırlar ki, 28 May metrosu ətrafından gün ərzində 200 min nəfərə yaxın əhali istifadə edir və onların sadəcə kənardan seyrici qismində baxması etiraz aksiyasına kütləvilik görüntüsü verə bilər.

Onlar yaxşı anlayırlar ki, həmin ərazidə etiraz aksiyası keçirilsə, həm aksiya iştirakçılarının, həm də ətrafdakı vətəndaşların təhlükəsizliyini təmin etmək heç bir halda tam mümkün olmayacaq və istənilən halda ayaqlar altında qalan, sıxılaraq əzilən, havasızlıqdan huşunu itirən şəxslər olacaq, valideynin əlini buraxıb kütlə arasında əzilən azyaşlılar olacaq, ətrafdakı iaşə obyektləri zərər görəcək, gündəlik həyatlarını yaşayan sıravi vətəndaşlar ilə aksiya iştirakçıları arasında mübahisələr yarana, hətta toqquşmalar ola bilər, etiraz aksiyası zamanı metro girişlərində basabas yarana və insan itkiləri olacaq, paytaxtın mərkəzi istiqamətlərində hərəkət edən nəqliyyat vasitələri iflic olacaq… və yenə də nələrsə olacaq və baş verəcək… Bundan qaçmaq mümkün olmayacaq!

Bəs bütün bunları bilə-bilə niyə israrla 28 May metrosu ətrafında aksiya keçirmək istəyirlər?! Maraqlıdır! Elədirmi?!

Çünki, onlar istəyirlər ki, yuxarıda sadalanan neqativ halların hamısı baş versin və bütün məsuliyyət hakimiyyət orqanlarının üzərində qalsın.

Onlar istəyirlər ki, baş verə biləcək bütün neqativ hallara görə hakimiyyəti ittiham etsinlər və ölkə əhalisində siyasi iqtidara qarşı nifrət aşılasınlar.

Onlar istəyirlər ki, kütləvi görünməklə xarici dairələrin diqqətini özlərinə daha yaxşı cəlb edə bilsinlər və Azərbaycanda dəyişikliyi edə biləcək qüvvənin məhz onlar olduğu təsəvvürü yaransın.

Ölkədə dəyişikliklərin yeganə yolu isə siyasi mübarizədir… dinc siyasi mübarizə. Qanunda bunun konkret yolları göstərilib – SEÇKİLƏR!

Bu ilin Dekabr ayında keçiriləcək Bələdiyyə seçkiləri, gələn ilin Noyabr ayında keçiriləcək Parlament seçkiləri, 2025-ci ildə keçiriləcək Prezident seçkiləri!

Bundan kənarda istənilən yol, istənilən vasitə və metodlar qanunsuzdur, yolverilməzdir və qarşısı qanunla alınmalıdır.

Bir də insan haqları çoxşaxəli məfhumdur, təkcə sərbəst toplaşmaq azadlığından ibarət deyil və digər hüquqları da özündə ehtiva edir… Hər gün etiraz aksiyaları keçirmək və bunu özəlliklə də insanların sıx olduğu ərazilərdə keçirməklə həmin insanların bir sıra hüquqları pozulur… ki, həmin hüquqların qorunması da dövlətin üzərinə düşür. Məhz bu səbəbdən hakimiyyət orqanları müəyyən ərazilərdə kütləvi aksiyaların keçirilməsini məqbul saymır…

Bunu bilə-bilə qanuna zidd davranmaq və ictimai asayişi pozmaq təkcə hakimiyyətə qarşı mübarizə aparmaq deyil, həm də Dövlətə və Xalqa qarşı olmaqdır!

Ulu Öndər Heydər Əliyev deyirdi ki, kim müxalifətdə olursa olsun, amma xalqa, dövlətə müxalifətdə olmaq olmaz.

Bu yazını Facebookda şərh et