“Əsir və girovların dəyişdirilməsi prosesi yaxın vaxtlarda baş tuta bilər” – Əhməd Şahidov

Azərbaycanlı mülki girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev yaxın vaxtlarda erməni diversant Karen Kazaryan və Ermənistan silahlı birləşmələrinin əsgəri, könüllü şəkildə Azərbaycan tərəfinə keçmiş Araik Kazaryanla dəyişdirilə bilər. Bu barədə REAL Televiziyasına açıqlama verən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov bildirib.

Əhməd Şahidovun sözlərinə görə, əsir və girovların dəyişdirilməsi prosesində Rusiyanın vasitəçilik missiyası güclənməkdədir və rəsmi Bakının təklif etdiyi “Hamının hamıya” prinsipi üzrə əsir və girovların dəyişdirilməsi prosesi yaxın vaxtlarda yekunlaşa bilər.

Qeyd edək ki, ötən həftə ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov mətbuata açıqlamasında əsir və girovların dəyişdirilməsi məsələsinin gündəlikdə olduğunu deyib. Onun sözlərinə görə, Nyu-Yorkda keçirilən görüşün nəticələri barədə beynəlxalq vasitəçilərlə söhbət zamanı münaqişə tərəfləri arasında humanitar məsələlərin həlli ilə bağlı yeni yanaşmalar təqdim olunub. “Əsas müzakirə predmeti hər iki tərəfdə həbsdə saxlanılan şəxslərlə bağlıdır”, – deyə Popov qeyd edib. İqor Popov əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu yaxınlarda Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Peter Maurer ilə görüşüblər və onunla çox konstruktiv söhbət aparılıb.

Bu yazını Facebookda şərh et