“Konstantin Zatulinin fəaliyyəti beynəlxalq hüquq normalarına ziddir” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və Həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin müavini, qatı ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilən “Forumda” qanunsuz iştirakı onun Azərbaycan əleyhinə yönəlmiş növbəti təxribatıdır.

Bu barədə ARB 24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov rusiyalı deputatın əməl və açıqlamalarının beynəlxalq normalara zidd olduğunu bildirib: “Konstantin Zatulinin işğal altında olan Azərbaycan torpaqlarına qeyri-qanuni səfərləri və separatçı rejimə dəstək xarakterli açıqlamaları beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və Azərbaycan tərəfi onun fəaliyyətini yaxından izləyir və adekvat addımlar atır.”

Məlum olduğu kimi, Konstantin Zatulinin adı Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlər etdiyi üçün müvafiq “qara siyahıya” daxil edilib. Konstantin Zatulinin “forum”da qanunsuz iştirakı və onun Azərbaycan əleyhinə təbliğat xarakteri daşıyan əsassız fikirləri rəsmi Rusiyanın mövqeyi ilə tamamilə uzlaşmır. Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə Prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir.

Bu yazını Facebookda şərh et