Prezidentin “Qarabağ Azərbaycandır!” bəyanatı Lider Televiziyasında geniş müzakirə olunub

Oktyabrın 16-da Lider Televiziyasının “Vətənim Azərbaycan” verilişində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışı və səsləndirdiyi “Qarabağ Azərbaycandır!” bəyanatı ətrafında geniş müzakirələr aparılıb. Aparıcı Elvin Abdulqədirovun qonaqları Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov və İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı olub.

Qeyd edək ki, Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin, İordaniya Kralı II Abdulla sessiyada çıxış edərək gündəlikdə duran məsələlərin Asiyaya aid olduğunu deyiblər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısı plenar sessiyaya dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirib, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər salıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Karabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Daha sonra Prezident İlham Əliyev və tədbir iştirakçıları sualları cavablandırıblar.

Bu yazını Facebookda şərh et