Girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev nə vaxt dəyişdirilir? – “ATV Aktual” verilişində müzakirə

Oktyabrın 10-da Azad Azərbaycan Televiziyasının “ATV Aktual” verilişində Azərbaycanın milli maraqları və beynəlxalq təşkilatlarda təmsilçilik məsələləri, o cümlədən azərbaycanlı əsir və girovların dəyişdirilməsi prosesi haqqında geniş müzakirələr aparılıb.

“ATV Aktual” verilişinin qonağı olan Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov tanınmış aparıcı Ariz Tarverdiyevin suallarını cavablandırıb. Əhməd Şahidov son səfərləri barədə geniş məlumat verib, ATƏT-n Varşava Sammiti və AŞPA-nın Payız Sessiyasındakı fəaliyyəti haqqında danışıb və Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən beynəlxalq konfransda qaldırdığı məsələlərdən söz açıb.

Azərbaycanlı girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni diversantlarla dəyişdirilməsi prosesi barədə söz açan hüquq müdafiəçisi bu məsələnin yaxın vaxtlarda öz həllini tapacağına əminliyini ifadə edib. Bu məsələnin Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi nəzarətində olduğunu deyən hüquq müdafiəçisi Əhməd Şahidov bir sıra dövlət qurumlarının, xüsusən də Xarici İşlər Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu istiqamətdə intensiv işlər apardığını da vurğulayıb.

Bu yazını Facebookda şərh et