Londonda keçirilən beynəlxalq insan haqları konfransında Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlı girovlar barədə danışılıb

Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov Oktyabrın 4-də Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən beynəlxalq insan haqları konfransında iştirak edib. Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının dəstəyi ilə baş tutan “Hərbi münaqişələr, sülh və insan haqları” adlı beynəlxalq konfransda dünyadakı münaqişə ocaqları, müharibə zonaları, mülki şəxslərin hüquqları və sülh təşəbbüsləri barədə məruzələr dinlənilib.

“Münaqişələrin humanitar fəsadları” adlı paneldə çıxış edən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə geniş məruzə edib, Ermənistanın işğalçılıq siyasəti və beynəlxalq qanunvericilik haqqında danışıb və bu münaqişədən ən çox əziyyət çəkən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlər, habelə azərbaycanlı əsir və girovlar barədə məlumat verib.

Mülki girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında danışan hüquq müdafiəçisi Əhməd Şahidov rəsmi Yerevanın son 6 ildə heç bir beynəlxalq çağırışlara məhəl qoymadığını və mülki şəxsləri girov saxladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb: “1988-ci ildən bəri Azərbaycan müharibə şəraitindədir. Ümumi ərazilərimizin 20 faizini itirmişik ki, bu da beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. 1 milyon insanımız məcburi köçkün vəziyyətində yaşamaqdadır. Bu münaqişədən əziyyət çəkən digər bir qrup insanlar isə əsir və girovlarımızdır. Bugünə kimi 3888 nəfər azərbaycanlı Dağlıq Qarabağ münaqişəsi zamanı əsir, itkin düşmüş və girov götürülmüş sayılır və onların taleyindən heç bir məlumat yoxdur. 2014-cü ildə isə digər 2 nəfər azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni hərbçiləri tərəfindən girov götürülüb. 6 ildir ki, həmin şəxslərin hüquqlarını qoruyuruq və bütün beynəlxalq platformalarda onların azadlığa çıxması üçün çalışırıq. Bugün rəsmi Bakı humanist bir təkliflə çıxış etməkdədir və əsir və girovların “Hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edir. Sizlərdən də xahiş edirəm ki, bu humanist təşəbbüsə dəstək göstərəsiniz. Çünki, Azərbaycan humanist və sülhsevər bir ölkədir. Biz müharibə istəmirik, sülh istəyirik. Hüquqa, ədalətə və birgə yaşayışa söykənən sülhün tərəfdarıyıq.”

Daha sonra hüquq müdafiəçisi Əhməd Şahidov konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırılıb və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumat verib.

Bu yazını Facebookda şərh et