AŞPA-da ermənilərin separatçı cəhdinin qarşısı alınıb – qondarma rejimin “ombudsmanı”na qarşı etiraz aksiyası

Sentyabrın 30-da Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının Payız Sessiyası öz işinə başlayıb. Sessiya çərçivəsində Ermənistanın rəsmi nümayəndə heyəti təxribata cəhd edib.

AŞPA binasında paralel tədbir təşkil edən Ermənistan nümayəndə heyəti “Bəşəri insan haqları” adı altında separatçı rejimin təqdimatını keçirməyə cəhd edib. Belə ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “ombudsmanı” Artak Beqlaryan əsas çıxışçı kimi təqdim edilib. Artak Beqlaryan öz çıxışında separatçı rejim barədə danışıb və “Dağlıq Qarabağ Respublikası”nda insan haqlarının vəziyyəti barədə həqiqətə uyğun olmayan məlumat çatdırıb və Azərbaycanın ünvanına saxta ittihamlar səsləndirib.

Erməni separatçılarının tədbirinə qatılan Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri – Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov və Polşa Azərbaycanlıları Birliyinin sədri Cavid Zeynalov əllərində “Qarabağ Azərbaycandır” və “Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməlidir” şüarları yazılan plakatlar tutaraq, separatçı rejim nümayəndəsinin çıxışına etiraz ediblər.

Təqribən 20 dəqiqə davam edən aksiya nəticəsində zalda ermənilərin tədbiri baş tutmayıb və müzakirələr yarımçıq saxlanılıb. Ermənistanın rəsmi nümayəndə heyəti azərbaycanlı fəallar barədə AŞPA rəhbərliyinə şikayət ünvanlayıb.

Bu yazını Facebookda şərh et