“Yerevanda Tələt Paşaya qarşı ucaldılan abidə nifrət cinayətidir” – ATƏT-də Ermənistan tənqid olunub

Sentyabrın 16-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammiti öz işinə başlayıb. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

Sentyabrın 25-də “Nifrət cinayətlərinə qarşı mübarizə” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov Avropada müşahidə olunan dözümsüzlük, diskriminasiya və nifrət cinayətləri barədə danışıb və bəzi siyasi güclərin nifrət təbliğatına dəstək verdiklərini diqqətə çatdırıb. Daha sonra Ermənistanın illərdir tətbiq etdiyi nifrət siyasəti barədə danışan hüquq müdafiəçisi paytaxt Yerevanda ucaldılan və Türkiyə generalı Tələt Paşanı təhqir edən heykəl barədə məlumat verib: “Bugün Ermənistanda dövlət səviyyəsində nifrət cinayətləri təbliğ olunur. Bu gördüyünüz heykəl Yerevan şəhərində ucaldılıb və erməni terrorçu Tehliryanın ayağının altında Türk generalı Tələt Paşanın başı təsvir olunub. Bu, açıq nifrət cinayətidir və Ermənistan dövləti bugün öz vətəndaşlarını, xüsusən də gələcək nəsli Türkiyəyə və Türk insanına qarşı nifrət ruhunda tərbiyə edir. Bu, faşizmdir və bütün bəşəriyyətə, insanlığa qarşı təhlükə mənbəyidir.”

Hüquq müdafiəçisinin çıxışına 2 dəfə etiraz edən Ermənistanın rəsmi nümayəndəsi ATƏT rəhbərliyinə etiraz etsə də, Əhməd Şahidov çıxışına davam edib və rəsmi Yerevanın nifrət təbliğatını dövlət siyasətinə çevirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

PS. ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.

Bu yazını Facebookda şərh et