ATƏT-in Varşava toplantısında əsir və girovların dəyişdirilməsi ilə bağlı çağırış edildi

Sentyabrın 16-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammiti öz işinə başlayıb. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

Sentyabrın 24-də “Qanunun aliliyi: Qanunsuz həbslər, işgəncə halları, terrorla mübarizə və insan haqları” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov azərbaycanlı əsir və girovlarla bağlı məsələni gündəmə gətirib, Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə geniş məlumat verib. Dağlıq Qarabağ münaqişəsi zamanı 3888 nəfər azərbaycanlının əsir və itkin düşdüyü, girov götürüldüyünü deyən Əhməd Şahidov Azərbaycanın bu illər ərzində beynəlxalq təşkilatlarda həmin şəxslərlə bağlı intensiv işlər apardığını, buna baxmayaraq, Ermənistanın beynəlxalq çağırışlara əməl etmədiyini diqqətə çatdırıb: “Ukrayna və Rusiya arasında əsirlərin dəyişdirilməsi məsələsini alqışlayırıq və düşünürük ki, bu humanitar akt bundan sonra da davam etdirilməlidir. Mənim ölkəm Azərbaycan da uzun illərdir ki, bu problemdən əziyyət çəkir. Bugün 4000-ə yaxın azərbaycanlı əsir, itkin düşmüş və girov götürülmüş sayılır. Biz dəfələrlə beynəlxalq missiyanın işğal altında olan Azərbaycan torpaqlarına səfər edərək, həmin şəxslərin taleyi ilə maraqlanmasını istəmişik. Lakin rəsmi Yerevan buna razı olmur. Mən burada 2 nəfər azərbaycanlı barədə məlumat vermək istəyirəm. Bu şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin İyul ayında öz yaxınlarının məzarlarını ziyarət etmək üçün işğal altında olan Kəlbəcər rayonuna səfər edərkən Ermənistan hərbçiləri tərəfindən saxlanılıblar və onlar üzərində qeyri-qanuni məhkəmə keçirilib. Mən son 5 ildə həmin şəxslərin azadlığa buraxılması üçün həm ATƏT-də, həm də digər beynəxlalq təşkilatlarda çıxışlar etmişəm. Lakin Ermənistan həmin şəxsləri girovluqda saxlamaqda davam edir.”

Rəsmi Bakının əsir və girovların dəyişdirilməsi ilə bağlı təklif etdiyi “Hamının hamıya” prinsipini ATƏT üzvü olan ölkələrin diqqətinə çatdıran hüquq müdafiəçisi Əhməd Şahidov bu məsələdə bütün ölkələrin dəstək göstərmələrini istəyib: “Azərbaycan dəfələrlə əsir və girovların dəyişdirilməsi məsələsini təklif edib. Ötən həftə rəsmi Bakı bir daha belə bir humanist təkliflə çıxış etdi. Konkret olaraq, azərbaycanlı mülki girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi Ermənistan vətəndaşları Karen Kazaryan və Araik Kazaryanla dəyişməyə hazırıq. Bu, Azərbaycanın rəsmi mövqeyidir. Bir hüquq müdafiəçisi kimi sizdən xahiş edirəm ki, bu humanist təşəbbüsə dəstək göstərəsiniz və Ermənistan tərəfinə bununla bağlı çağırış edəsiniz.”

PS. ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.

Bu yazını Facebookda şərh et