ATƏT-in Varşava toplantısında Nikol Paşinyanın son açıqlamaları ifşa olunub

Sentyabrın 16-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammiti öz işinə başlayıb. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

Sentyabrın 23-də “Qanunun aliliyi: Demokratik qanunvericilik, məhkəmələrin müstəqilliyi və bərabər siyasi iştirakçılıq imkanları” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Ermənistanda baş verən son hadisələr fonunda baş nazir Nikol Paşinyanın davranışları, siyasi rəqiblərinə qarşı repressiya tədbirləri, habelə Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq hüquqa zidd açıqlamalarını xatırladıb və ATƏT üzvü olan ölkələrin bu məsələlərə hüquqi-siyasi qiymət vermələrini tələb edib: “Bugün Ermənistanda faşist ideologiyasına söykənən avtoritar bir rejim möhkəmlənməkdədir. Siyasi rəqiblərinə qarşı amansız repressiyalar tətbiq edən və “məhkəmə islahatları” adı altında bütün ölkə məhkəmələrini şəxsi nəzarətinə almağa çalışan Ermənistan baş nazirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlamaları nə beynəlxalq hüquqa, nə də ATƏT-in təməl prinsiplərinə uyğun deyil. “Dağlıq Qarabağ Ermənistandır, vəssəlam” deyən erməni baş nazirinin bu sərsəm və qanunazidd açıqlamalarına adekvat qiymət verilməsini burada əyləşən hər kəsdən tələb edirəm”.

PS. ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.

Bu yazını Facebookda şərh et