“Vitali Şişkinə sığınacaq verilməsi Ermənistan dövlətinin faşizm siyasətinin təzahürüdür” – Əhməd Şahidov

Ermənistanın Miqrasiya Xidməti Rusiya müxalifətçisi, ultrasağçı radikal Vitali Şişkinə qaçqın statusu və sığınacaq verib. Xidmətin bu barədə bəyanatında deyilir ki, Rusiya Federasiyasına qaytarılacağı təqdirdə Şişkinin həyatına real təhklükə yarana bilərdi. Vitali Şişkin Ermənistana 6 ay bundan əvvəl – 2019-cu ilin 22 yanvarında gəlib. Həbsxanadan çıxan kimi dərhal Yerevana səfər edib.

Məsələ ilə bağlı REAL Televiziyasına açıqlama verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistan Respublikasının ilk siyasi sığınacağı məhz Vitali Şişkinə verməsini bu dövlətin faşizm ideologiyası ilə idarə olunması ilə əlaqələndirib: “Vitali Şişkin faşizm ideyalarını təbliğ edən radikal fəaldır və öz çıxışlarında Qaregin Nijdeyə böyük simpatiya bəslədiyini gizlətmir. Rusiyada həbsdən çıxan kimi dərhal Ermənistana gəlməsi və burada Qaregin Nijde haqqında kitab yazması onun bu ölkədə özünü daha rahat hiss etməsindən xəbər verir. Çünki, Ermənistan Respublikası faşizmin erməni qolunun banisi sayılan Qaregin Nijdeyə paytaxt Yerevanda abidə ucaldıb və özünün dövlət siyasətində məhz Nijde ideyalarına söykəndiyini açıq şəkildə ifadə edir. Bu səbəbdən də, dünyadakı faşist təfəkkürlü radikallar son sığınacaq olaraq, Ermənistanı seçirlər və burada özlərini tam təhlükəsiz və rahat hiss edirlər.”

Bu yazını Facebookda şərh et