“Ermənistan hakimiyyəti Araik Kazaryanın ailəsinə təzyiqlərə başlayıb” – Əhməd Şahidov

Avqustun 12-də səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan ordusunun fərarilik etmiş hərbi qulluqçu Kazaryan Araik Xaykoviç Azərbaycan əsgərləri tərəfindən saxlanılıb. İlkin dindirilmə nəticəsində müəyyən olunub ki, erməni hərbiçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.

Azərbaycan tərəfində saxlanılan erməni hərbçisi Araik Kazaryana tibbi yardım göstərilib, onun vəziyyəti normaldır. Azərbaycan Ombudsmanın nümayəndələri də erməni hərbçisinə baş çəkiblər, Araik Kazaryan saxlanma şəraitindən narazı deyil.

Məsələ ilə bağlı Azad Azərbaycan Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov erməni hərbi əsirlə bağlı Azərbaycan tərəfinin beynəlxalq konvensiyalar çərçivəsində davrandığını bildirib: “2000-ci il təvəllüdlü Ermənistan Respublikası vətəndaşı, Ermənistanın Vayotsdzor vilayətinin Exegis kənd sakini Araik Kazaryan 8 aydır ki, hərbi xidmətdə idi və komandirləri tərəfindən davamlı təqib və təzyiqlərə məruz qaldığından qarşı tərəfə keçmək qərarına gəlib. Bu fakt Ermənistan ordusunda işgəncə hallarının olmasından xəbər verir. Məhz bu faktların aşkara çıxmasından narahat olan Ermənistan hakimiyyəti bir-birinə zidd açıqlamalar verməkdədir. Amma əsir düşdüyü zaman Araik Kazaryanın üzərindəki işgəncə faktları əsl gerçəkləri ortaya çıxarmış oldu.”

Faktla bağlı erməni cəmiyyətində ciddi müzakirələr getdiyini deyən hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistan hakimiyyətinin faktı gizlətməyə çalışdığını və bu məqsədlə Araik Kazaryanın ailəsinə təzyiqlərə start verdiyini deyib: “Araik Kazaryanın böyük qardaşı da Ermənistan ordusunda xidmət edir. Məhz bu hadisədən sonra onu hərbi qarnizona çağırıblar və istintaqa cəlb ediblər. Araik Kazaryanın qardaşı hazırda Dağlıq Qarabağdadır və sorğu-sual olunur. Araikin anası da yerli hakimiyyət orqanları tərəfindən davamlı təzyiqlərə məruz qalıb, nəticədə onun səhhəti pisləşib və xəstəxanaya aparılıb. Bütün bu təzyiq və təqiblər rəsmi Yerevanın Ermənistan ordusundakı işgəncə və şiddət faktlarını gizlətmək cəhdidir. Ermənistan hakimiyyəti Araik Kazaryanın ailəsini və yaxınlarını hər vəchlə susdurmağa çalışır.”

Bu yazını Facebookda şərh et